Naxçıvanda əməyin mühafizəsinin təşkilinə diqqət yetirilir - FOTOLAR
2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan edilib. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqəti artırmaqdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında bununla əlaqədar tədbirdə Şuranın sədri Anar İbrahimov ölkəmizdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə beynəlxalq prinsiplərə uyğun normativ, hüquqi aktlar qəbul olunduğunu, zəngin qanunvericilik bazası yaradıldığını diqqətə çatdırıb. “Doğma Naxçıvanımızda da aparılan məqsədyönlü islahatların kökündə insan amili, muxtar respublika vətəndaşının rahatlığı, səmərəli məşğulluğu, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması və təhlükəsizliyi dayanır”,-deyən Anar İbrahimov vurğulayıb ki, əməyin təhlükəsizliyi və mühafizəsi Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının, onun tabeliyində olan müvafiq muxtar respublika, Birləşmiş Həmkarlar İttifaqı Komitələrinin və sahə həmkarlar təşkilatlarının həyata keçirdiyi əsas vəzifələrdən biridir. Ona görə də müvafiq komitə və sahə təşkilatları vaxtaşırı tikinti meydançalarında, istehsal müəssisələrində olur. Xüsusilə də yüksəkgərginlikli yarımstansiyalara baxış keçirir, baş verə biləcək hər hansı bir hadisənin qarşısının vaxtından əvvəl alınmasına çalışır, maarifləndirici materiallar hazırlayırlar.
Əmək və Sosial İqtisadi məsələlər üzrə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişdə və Kollektiv Əmək Müqavilələrində Əməyin mühafizəsinə xüsusi diqqət və fikir verilir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası muxtar respublikada insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edən əməyin mühafizəsinin təşkilinə bundan sonra da xüsusi diqqət yetirəcək.
Tədbirdə Tikinti-Memarlıq, Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Ceyhun Məmmədov, Həmkarlar İttifaqları Şurasının texniki əmək müfəttişi Hüseyn Quliyev, Dövlət Energetika Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mərdan Qurbanov çıxış ediblər.
Turab Hacızadə