Qayğıkeş ana, sədaqətli həyat yoldaşı, böyük alim – Zərifə xanım Əliyeva

A- A A+

Cəmiyyətdə gedən proseslərdə yaxından iştirak etmək, millətin, xalqın xoşbəxt gələcəyi naminə fəaliyyət göstərmək hər bir ölkə vətəndaşının, bütün ziyalıların, eyni zamanda, ziyalı qadınların ən müqəddəs amalı olub. Belə qadınlardan biri də Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Zərifə xanım Əliyevanın uşaqlığının ilk illəri qədim yaşayış yerlərindən olan Şahtaxtı kəndində keçib, sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirib və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırıb, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoyubdur. 

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Əliyeva qarşısına qoyduğu məqsədə yetişmək üçün Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik təkmilləşmə kursu keçib, bu Azərbaycan Tibb Universitetində alınan ümumi tibb təhsilinin diplomdan sonrakı davamı olub. 1949-cu ildə göz xəstəlikləri üzrə təkmilləşmə kursunu müvəffəqiyyətlə başa çatdıran Zərifə xanım Əliyeva vətənə dönüb, 1950-ci ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olub, burada elmi işçi vəzifəsinə qəbul edilibdir.

Görkəmli oftalmoloq Zərifə xanım Əliyeva həmin illərdə Azərbaycanı bürümüş traxoma xəstəliyi ilə bağlı dərin tədqiqatlara başlayıb və özünün tərtib etdiyi mütərəqqi müalicə üsullarını da uğurla həyata keçirib.  1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxub. Onların 2 mindən çoxu uşaqlar idi. Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc Zərifə xanım 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak edib, bu sahədə əldə etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail olub. Gənc alim 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilib, 1963-cü ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə böyük elmi işçi adını təsdiq edibdir. 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub.

Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparıb, qlaukoma xəstəliyinin öyrənilməsi ilə əlaqədar geniş elmi axtarışlara başlayıb. Görkəmli akademikin elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də gözün yod və şin sənayesinin zərərli təsirlərindən zədələnməsinin öyrənilməsi olubdur. 

Zərifə Əliyeva dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmaqla elmi axtarışlar aparıbdır. Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapıbdır. Aparılmış fundamental elmi işlərin nəticələri isə dəyərli alimin 1976-cı ildə Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edibdir.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülübdür. O, belə yüksək mükafata layiq görülən ilk qadın olubdur.

1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcılıq axtarışlarının əsası da məhz Zərifə xanım Əliyeva tərəfindən qoyulubdur. Böyük alimin təşəbbüsü ilə 1977-ci ildə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin ilk dəfə olaraq Ümumittifaq miqyaslı plenumu keçirilibdir. Bununla da Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.

Akademik Zərifə xanım Əliyevanın elmi təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də geniş tətbiq edilibdir. Elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində dolğun əksini tapıbdır.

Görkəmli alim 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilibdir. O, həm də Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk qadın oftalmoloqdur.

Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.

Şöhrətli alimin nümunəvi həkim-xəstə münasibətləri mövzusuna dair baxışları “Yüksək etimad”, “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında, özünün mənəvi zənginliyi, vəzifə borcu, tibbi etika və deontologiyaya dair elmi mülahizələri “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində  dolğun əksini tapıbdır.

Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olmuşdur. Zərifə xanım çox sədaqətli həyat yoldaşı idi. Ümumilli liderimizin xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyevanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi var idi. Zərifə xanım ümummili lider Heydər Əliyevin həyat yoldaşı, sirdaşı, ölkəmizə İlham Əliyev kimi rəhbər bəxş etmiş görkəmli oftalmoloq alim, mənalı və zəngin həyat yolu keçən bir ziyalı xanım olub. Zərifə xanım Əliyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən analardan biri kimi - həyatını ailəsinin sağlamlığına, saflığına həsr edib. Zərifə xanım Əliyeva az ömür yaşasa da, xoşbəxt insan idi. Ona görə xosbəxt idi ki, həm böyük alim, həm də xoşbəxt ana, sədaqətli həyat yoldaşı idi. Məhz Zərifə xanım Əliyeva gözəl təşkilatçı, ictimaiyyətçi olmaqla yanaşı, həm də əsl Azərbaycan qadınlarının rəmzi idi. Böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. O, xalqımızın qəlbində nəinki alim kimi, həm də əsl Azərbaycan qadını kimi dərin iz buraxıb.

Akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində daima yaşayacaqdır.

                                                                                                                                 Aqil Musayev
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş
məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: