Akademik Zərifə xanım Əliyeva doğulduğu Şahtaxtı kəndində anıldı - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik ­Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.

Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edən Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr  üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb.

Zərifə xanım Əliyeva bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıbdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib, bundan sonra da təsir göstərəcəkdir.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova,  rayonun Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbin direktoru Ehtimad Məmmədov dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar.

Sonda məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş ­şeirləri bədii qiraət ediblər, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: