Təbiətin yaz səxavəti - FOTOLAR
Yaşıl libasını əyninə geyinən təbiət yazın, masmavi səmada pambıq kimi görünən buludlar aydın səmanın bəzəyidir. Ancaq hərdən bu ağ buludlar tutqun boz rəngini alır. Göy guruldayır, şimşək çaxır, şıdırğı yaz yağışları yağır. Bu an təbiətə bir duruluq gəlir. Yağışdan sonra səmanı qaplayan göyqurşağının fonundakı yaşıllıq ən gözəl yaz mənzərəsinə dönür.
Sonra yazın min bir neməti baş qaldırır torpağın bağrından. Beləcə insan oğlunu qoynuna səsləyir ana təbiət. Elə ki, yurdumuza yaz qədəm qoydu, mart ayının sonlarından ta may ayının sonunadək insanlar quşəppəyi, çiriş, cacıq, şomu, qazayağı, uşqun, mərəcöyüd, xıncılovuz və saymaqla bitməyən daha neçə-neçə naz-neməti yığmaq üçün dağlara, geniş çöllərə yol alırlar. Yaz aylarında süfrələrimizin ləziz yeməyi, ən dadlı təamı olan yabanı qida və dərman bitkilərini toplamağı bir çoxları uzun illərdir ki, özünün ən sevimli işi və qazanc mənbəyinə çevirib. Ucqar dağ kəndlərinin sakinləri isə bu işlərə daha çox mehr salıblar. Onlardan biri də Boyəhməd kəndinin sakini Balabəy Allahverdiyevdir: “Yazın gəlişi ilə Boyəhməd kəndinin dağlarında da növbənöv bitkilər bitib. Bu bitkilərin 80-90%-i dərman bitkiləri, əksəriyyəti isə yeməli qida bitkisi kimi əhəmiyyətlidir. İndi günümüz, demək olar ki, dağlarda keçir. Çaşırından, bolusundan, sobusundan, cacığından, çirişindən, dağ kəvərindən yığırıq. Ailələr var ki, bu bitkilərdən illik qazanclarını əldə edirlər. Yaz aylarında təzə-tər halda, qışda isə qurudulmuşunu, turşusunu yarmarkalarda, festivallarda satırıq. Təbiətin qoynundan bu bitkiləri yığmağın maraqlı tərəfi də var, çətin tərəfi də. Çətinliyi odur ki, elə yerlər var piyada kilometrlərlə yol qət etməli, dərələrə enməli, dağlara qalxmalı oluruq. Maraqlı tərəfi odur ki, hərəkətdə olursan, fiziki güc sərf edirsən, təbiətdə gözəlliklərlə qarşılaşırsan. Adi bir çayın səsi, bir kolun, bir çiçəyin görünüşü biz təbiət vurğunlarının yorğunluğunu alır. Bir də baxırsan ki, sərt qayalardan dağ keçiləri ildırım sürəti ilə keçir, kəkliklər qıy vurur, kolların dibindən dovşanlar ürküb qaçır.”
Həmsöhbətim uzun illərdir bu bitkiləri yığdığından hər bitkinin yayılma arealını, yığım qaydasını da yaxşı bilir: “Məsələn, yazda qar əriyən kimi torpaqdan baş qaldıran çiriş dağlıq və qayalıq ərazilərdə bitir. Onu mart-aprel aylarında toplayırıq. Çirişi yarpaqları torpağın üzərində 6-15 sm hündürlüyündə olarkən torpağın 3-4 sm dərinliyindən, kök boğazına yaxın yerdən, kök boğazını zədələməmək şərti ilə kəsib yığırıq ki, kökü kəsilməsin, gələcək nəsillər də ondan istifadə etsinlər. Çiriş aran yerlərdə də bitir. Amma dağ yerində bitən çiriş aran yerlərdə bitən çirişdən daha dadlı, gövdəsi daha qalın olur. Çirişin dadlı təndir kətəsi və yağda qovrulması olur. Qədim zamanlardan bəri istifadə olunan bu bitki faydalı qidadır. Əsasən mədə-bağırsağa faydaları çoxdur, çiban kimi yaralara da çiriş tətbiq edilib. Hətta vaxtilə insanlar çirişdən yapışqan da hazırlayıblar.
Baldırğanın iki növü - boz baldırğan və su baldırğanı ərazimizdə geniş yayılıb. Hər bitkinin öz məskəni olduğu kimi baldırğan da çay və bulaq kənarlarında bitir. May-iyun aylarında dağlara baldırğan yığmaq üçün çıxacağıq.
Dağ yerində bitən hər nemətin cana faydası var. Cacıq da yaz aylarında yerli əhali tərəfindən çox sevilən qida bitkisi olduğuna görə onu da yığıb satırıq. Bu dəqiqə bazarda ən qiymətli bitki elə cacıqdır. Ocaqda, sacda qovurma və yumurta ilə bişirilən cacığın dadına heç nə çatmaz.”
Naxçıvan dağlarının əvəzolunmaz nemətlərindən olan çaşırdan danışır bizə Balabəy Allahverdiyev: “Çaşır kəndimizin Göydağ massivində, Yal yurdunda çox bitir. Bu bitki xərçəng xəstəliyinin ən yaxşı dərmanıdır. Xəstəliyin ilk vaxtlarından çaşırın acı suyundan istifadə etməklə qarşısını almaq olar. İndi at, ulaqla dağlara çaşır üçün gedən insanlar çoxdur. Xüsusən biz yaşlı nəsil çaşırı çox sevirik, iştahaçıcıdır. Pörtlədilmiş çaşır, lavaş və pendir dürməyi, bəh-bəh, ye ki, doyasan. Naxçıvanın ən məhşur nemətlərindən olan çaşır turşusunu elə dağ kəndinin sakinlərindən almaq olar.
Çaşıra bərabər olan digər bir bitki sobudur ki, o da Boyəhməd dağlarında geniş yayılıb. Çaşır kimi onun da çox gözəl turşusu olur. İndi aran yerlərindən də bu bitkiləri yığmaq üçün kəndimizə gələnlər çoxdur. Təbiətin qoynunda vaxt keçirməkdən gözəl heç nə yoxdur.”
Balabəy Allahverdiyev kimi insanlar yazın ilk günlərindən ta payızın sonunadək yurdumuzun hər dağını, dərəsini, yalını, yamacını gəzir, təbiətin öz səxavəti ilə bitirdiyi qida və dərman bitkilərindən yığırlar. Belə ki, onun kimi təbiət sevən insanların əli ilə bu bitkilər bazarlara da yol alır və şəhər əhalisi üçün də əlçatan olur. İndi bazarlarımızda yazın naz-nemətləri piştaxtaları bəzəyir. Bu günlərdə ən çox tələbat da elə bu qida bitkilərinədir.
Muxtar respublikamızın, demək olar ki, hər bir bölgəsindən zəhmətkeş insanlar topladıqları nemətləri səhərin erkən saatlarında gətirib bazardakı satıcılara təhvil verir, bir çoxları isə yığdıqlarını özü satır.
Naxçıvan şəhərindəki meyvə-tərəvəz bazarındayam. Piştaxtaların birində yaz pencərləri satan bir xanım gözümə dəyir. Üz-gözündən zəhmətlə dolanan bir kənd adamı olmağı o saat hiss olunur. Alıcı gözü ilə piştaxtasına yaxınlaşıram:
– Cacıq neçəyədir?
– 2 manat.
Buradakı digər bitkilərin qiyməti və istifadə qaydası ilə də bizi tanış edir xanım. Çoban kibriti dovğaya vurulur, qaynadılıb qatıqla yeyilir, quş dili, uşqun duzlanıb yeyilir, sobu, çaşırın isə əla turşusu olur. Hərəsinin öz qiyməti var. Adını soruşuram.
– Xuraman Abdullayeva.
– Çoxdan bu işlə məşğulsuz, xeyir verir sizə?
–Niyə vermir, qızım, çölün təbii otudur da, bizim də dolanışığımız budur. Dağın pencəri ilə iki uşaq oxutmuşam. Mövsümünə görə yığırıq. İndi çaşırın, sobunun, baldırğanın, ələyəzin, əvəliyin, dərman bitkilərinin yığım vaxtı gəlir. May ayının əvvəllərində yağan yaz yağışlarından sonra göbələklər baş qaldırır torpaqdan. Yaşıllıqlar qoynunda görünən bu ağ mirvarilər uzaqdan bizi çağırır. Ancaq nə qədər uzaq olsa da, gedib yığırıq. Dağ göbələyi və çimən göbələyi həm qovrulub yeyilir, həm turşuya qoyulur, həm də kölgə yerdə qurudulub qışa saxlanılır. Yazda təbiət qoynunda bir ağac kölgəsində çəkilən göbələk və mərövcə kababından dadlı nemət olarmı? Əsasən çiy halda yeyilən quzuqulağından kətə, dovğa bişirilir və ədviyyat kimi sobu, çaşır, baldırğan turşusunun üzərinə qoyulur. Turş dada malikdir. Arxlarımızın, bulaqlarımızın başında bitir. İndi dağ kəvəri, çiriş və quzuqulağından hazırlanan kətənin əsl vaxtıdır.
Göbələyin bir növü olan donbalan da bitir dağlarımızda. Qiymətli və nadir bitkidir. 4-7 ildən bir çıxır. Görünüşü kartofa oxşadığına görə ona yerkartofu da deyirik. Əgər torpaq bir az çat verib şişmişsə, deməli orada donbalan var. Bu zaman torpağı eşib onu yığırıq. Dadlı çığırtması olur. Şəkər və qan-damar xəstəlikləri üçün təbii dərmandır.
Bu zaman piştaxtaya yaxınlaşan qadın cacığın qiymətini soruşur. Söhbətimizi onunla davam etdiririk: “Təbiətin səxavəti ilə bitirdiyi bu nemətlər ən yaxşı qida, dərdlərə dərmandır. Odur ki, mövsümündə çox istifadə edirik. Hətta cacıqdan, çirişdən, qazayağıdan alıb qışımıza da saxlayırıq. Çaşırın özü xərçəngin dərmanıdır. Onun turşusunu qoyuruq. Dağ kəvərinin də dadlı turşusu olur.”
Əlinə aldığı bir dəstə uşqunu göstərir: “Bu uşqun bütün dərdlərin dərmanıdır. Turşusunu qoyuruq. Bunu bişirmirsən, belə soyursan duzluyub yeyirsən.
Çalışırıq ki, hər il yazda dağlardan gələn pencərlərin hamısından istifadə edək. Bilirik ki, orqanizmə xeyri var. Naxçıvanda bu gün koronavirus xəstəliyinin az olmasının bir səbəbi də insanların yaz aylarında bu bitkilərdən çox istifadə etməsidir”.
Xuraman xanım həyat yoldaşı Abdulla bəy ilə birgə bu nemətləri Şahbuzun dağlarından yığır.
– Yığmaq çətin deyil ki bu bitkiləri?
– Çətindir. Səhər o baş evdən çıxır, axşam hava qaralanda qayıdırıq. Bəzən yağış yağır. Bəzən tapmaq çətin olur. Təbiət səxavəti ilə sevindirəndə isə üzümüz gülür. Ən çox göbələk, çaşıra rast gələndə sevinirik. Onlar nadir tapılan bitkilərdir. Keçilinin dağları səxavətlidir. Təmiz hava, bulaqların təmiz suyu, gül-çiçəklər, bu dəqiqə kəndimiz elə gözəldir ki, vallah, gələn getmək istəmir. Hər gün bu bitkiləri yığır və gətirib bazarda şəhər əhalisinə də satıb kəndə qayıdırıq.
– Gediş-gəliş çətin olmur?
– Xeyr, əvvəllər çətin olurdu, gün ərzində kəndə 1 marşrut işləyirdi. Amma indi gündə 4 dəfə şəhərdən kəndimizə gediş-gəliş olur.
Bazarda tərtəmiz görünüşü ilə sanki üzə gülən bu məhsulların alıcısı da, satıcısı da çoxdur. Mirfazil Seyidov da hardasa 20 ilə yaxındır ki, bu bitkilərin satışı ilə məşğuldur. O, hər səhər bu nemətləri ayrı-ayrı kənd sakinlərindən alır və satır. Piştaxtasında qazayağı, xıncılovuz, şomu, mərəcöyüd, çiriş kimi bitkilər var. Satdığı hər bir bitkinin faydalarını da yaxşı bildiyindən alıcılara, elə bizə də bu barədə bildiklərini dedi: “Hər otun insana bir fayadası var. Məsələn. Xıncılovuz, digər adı ilə yağlıca dediyimiz ağ soğanaqlı bitki Xıncov kəndi ərazisində geniş yayıldığına görə belə adlanıb. Yağlılığı çoxdur. Çox vaxt öz yağında qovrulub yeyilir. Zobun, qaraciyərin dərmanı olan bolu Sədərək rayonundan və Göynük dağlarından yığılıb. Bolu qaynadılıb yeyilir, həm də turşuya qoyulur.”
İki orta yaşlı kişi piştaxtaya yaxınlaşır. Biri digərinə “Bilirsənmi, bioloji süd qaynağıdır... Uşaq vaxtı dağlardan az yığıb yeməmişik” deyir.
Satıcıdan öyrənirəm ki, söhbət mərəcöyüd və ya quşqonmaz adlanan bitkidən gedir. Əsasən Culfa dağlarında ağacların, kolların dibində geniş yayılan mərəcöyüd qaynadılıb duzla yeyilir, bir də dadlı kababı olur. Orqanizm üçün faydaları isə çoxdur deyən alıcılar bir neçə dəstə mərəcöyüd alır.
Yabanı ispanaq adlandırılan şomu da bazarda boldur. Onu əsasən kətə bişirmək üçün alırlar. Öyrənirəm ki, Naxçıvan təbiətində bitən bu yaz nemətləri təzə-tər halda Bakı şəhərinə də göndərilir. Çünki bu qida bitkilərinin dadını bilən bir çox insanın seçimi məhz Naxçıvan dağlarının nemətləridir.
Yaz aylarında dağlarımızdan nələr yığılmır ki; daş keşnişi, dağ nanəsi, baldırğanı, çaşırı, sobusu, cacığı, yerkartofu, göbələyi və daha nələri ilə səxavətlidir Naxçıvan dağları. Amma bu nemətləri yığarkən bir məqamı unutmamalı, təbiətin bu sərvətini qaydasına uyğun yığmalı, kökünə balta vurmamalıyıq ki, gələcək nəsillərə də qalsın. Təbiət hər yaz bu səxavəti ilə bizi sevindirsin.
Türkanə Əmoyeva
“NUHÇIXAN”