Bu il muxtar respublikada tütün əkin sahələri 62 hektara çatdırılacaq

A- A A+

Muxtar respublikamızda gəlirli sahə olan tütünçülüyün inkişafı, emal sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il tütün əkini sahələri daha da genişləndiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaxşı gəlir əldə edən təsərrüfatçılar bu il əkin sahələrini 62 hektara çatdırmağı nəzərdə tutublar. Bunun üçün mərkəzin istixanalarında keyfiyyətli əkin materialı da yetişdirilib. Yetişdirilən “Virciniya” və “Pirləp-66” tütün növləri daha məhsuldardır. Yaxşı qulluq göstərildikdə hər hektardan 2 tona yaxın quru tütün  götürmək mümkündür. Hazırda mərkəzdə yetişdirilən tütün şitillərinin Şərur, Babək və Kəngərli rayonlarında əkini aparılır. Əkindən qabaq keyfiyyətli şum qaldırılan sahələr hamarlanır. Əkin mütərəqqi üsulla, xüsusi texnikaların qüvvəsi ilə aparılır. Bu texnikalar eyni vaxtda şırım açır, şitili əkir və suvarmanı həyata keçirir.

Yaradılan şərait tütünçülüyə marağı olan ailə təsərrüfatçılarının da işini xeyli asanlaşdırıb. Belə ki, mərkəz tərəfindən onlara əkin materialı çatdırılır və əkinin aqrotexniki qaydalar əsasında həyata keçirilməsinə mütəxəssislər tərəfindən nəzarət olunur.

Qısa müddətdə muxtar respublikamızda 13 hektar sahəyə tütün şitili əkilib. Onun 7 hektarı Kəngərli rayonunun payına düşür.

Qeyd edək ki, muxtar respublikamızın torpaq-iqlim şəraiti tütünçülüyün genişləndirilməsinə və bol məhsul götürülməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda da tütünçülüyün inkişafına geniş imkanlar açıb. Elə həmin ildən başlayaraq tütün əkini sahələrinin genişləndirilməsinə, bu vacib sahənin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artırılıb. Kəngərli rayonunda Cahan Tabak Beynəlxalq MMC Tütünyetişdirmə Mərkəzi yaradılıb. 25 daimi və 40-dan artıq mövsümi işçinin çalışdığı mərkəzin maddi-texniki bazası güclüdür. Odur ki, tütün əkini sahələri ilbəil genişləndirilir, intensiv becərmələrə üstünlük verilməklə məhsuldarlıq artırılır. Ötən il muxtar respublikamızda 45 hektar sahədə tütün yetişdirilib, 60 ton keyfiyyətli məhsul götürülüb. Bunlardan 40 tonu 1-ci, 15 tonu 2-ci, 5 tonu isə 3-cü növ məhsul olub.

                                                                                                                 Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: