Quyruq doğdu, yoxsa dondu? Azərbaycan xalq təqvimində mühüm mərhələlərdən biri də “quyruq doğdu”dur. “Quyruq doğdu” avqust ayının 5-nə təsadüf edirvə yayın yarı olduğu dövr hesab olunur. Həm elmi mənbələrdə, həm də xalq arasında “quyruq doğdu” tez-tez müzakirə mövzusuna çevrilir. Bəziləri deyir ki, quyruq doğmaz, donar. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruq dondu” adlandırılmasının səbəbi isə aşağıdakı kimi izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. İstər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı çox təzadlı, bəzən isə yanlış fikirlər söylənilir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə belə yazılmışdır: “Quyruq doğmaq” (əsli quyruq donmaq) yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. Lüğətdə əsli “quyruq donmaq” yazılsa da F.Köçərli, S.Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıbdır. Üç cildlik “Azərbaycan etnoqrafiyası”kitabında isə bu cür yazılmışdır: “Yayın ikinci dövrünün adına “quyruq doğdu” da deyirlər. Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər”. Abasqulu ağa Bakıxanov “Əsrarur məlakut” əsərində quyruqlu ulduzlar haqqında məlumat verərək qeyd edir ki, bu ulduzlar səmada hər zaman yox, müəyyən zaman çərçivəsində görünür. Onlar gecə görünərkən günəş kimi işığı çox oldugu üçün gecə gündüzə çevrilir. A.Bakıxanov bu ulduzların görünmə təqvimini işləyib hazırlamışdır ki, bunun da quyruq doğduya heç bir aidiyyatı yoxdur. Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı “Quyruq doğdu, çillə çıxdı” məqaləsinə istinad edirlər. Həsən bəy Zərdabi qeyd edir ki, elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünməyir və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı şeyin, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dəstələrinə cürbəcür adlar qoyublar, o cümlədən onların bir dəstəsinə quyruq deyirlər ki, həqiqətən heyvan quyruğuna şəbahəti (oxşarı) var. O quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir (görsənir). “Azərbaycan etnoqrafiyası” kitabında yazılıb:“Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “Quyruq doğdu” ifadəsi buğa bürcündəki ulduz topası ilə bağlı yaranmışdır. H.Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” buğa bürcündəki ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” deyirlər”. Bunların buğa bürcündəki ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun da quyruq doğduya aidiyyatı yoxdur. Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O, qeyd edir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında Ülkər, Şamtərəzi, Xodək-garvan və Quyruq doğdu adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən etmişdir. Biz yazılarımızda qeyd etmişdik ki, Ülkər ulduzları Naxçıvanda iyun ayının 2-də görünür. Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında Ordubadda topladığı çöl materialları əsasında bunu təsdiq edir. Müəlliflərin qeyd etdiyi “Xodək-garvan”, “Şamtərəzi”, “Ülkər” ulduzları fərqli ulduzlardır və bunlardan quyruq doğduya yalnız Şamtərəzi aiddir. (Naxçıvanda buna Mizan tərəzi, Ordubadda Arşın tərəzi deyirlər). Uzun illər apardığımız müşahidəyə görə, hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı şərq tərəfə baxarsa, bir-birindən təxminən 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər.
“Quyruq dondu” ifadəsinə gəldikdə isə yaylaqda əridilmiş quyruq yağının donması vaxtı təyin etmək üçün əsas ola bilməz. Müxtəlif illərdə iqlimdə dəyişikliyin olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan verməz. “Quyruq doğdu” isə konkret astronomik vaxtdır ki, hər il eyni vaxtda baş verir. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, quyruq doğduqdan sonra yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. “Quyruq doğan” dövr xalq təqvimində “qora bişirən ay”ın içərisindədir (15 iyul - 15 avqust). Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür. Xalq inanclarına görə, quyruq doğduqdan sonra mineral sular müalicəvi əhəmiyyətini itirir. Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, quyruq doğana qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə, turşuyar. Sahələrdən küləşi bu dövrdən sonra yığardılar, çünki axşamlar artıq şeh düşür, küləş quru olmadığı üçün asan toplanır. Bu dövrdə təsərrüfat işlərində quzular qırxılıb sürüyə qatılardı. Bəzən yaşlılar deyərdilər ki, bu işə “həməsür qızaranda” başlamaq lazımdır. Bu dövrdən həməsür meyvələrində qızarma başlayır. Küləş götürüldükdən sonra şum işinə başlanılırdı. Bir sözlə, “quyruq doğdu” ifadəsi qışa hazırlığın başlandığı dövr hesab edilir.
Zaleh Novruzov