Söz önü
XVI əsrdə 27 kəndi və Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qoçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsi yaradılıb. Dərəşahbuz nahiyəsi XIX əsrin 40-cı illərinə qədər bu adla mövcud olub. 1925-ci ildə bu ərazi Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib. 1965-ci ildə isə yenidən təşkil olunan Şahbuz rayonunun Zərnətün, Xınzirək, Zırnel, Məzrə, Qaraboya, Lizbirt, Almalı kim ondan çox kəndi təəssüf ki, bu gün xəritələrdə yaşayış yeri kimi göstərilmir.
...İnkişaf edən, müasirləşən kəndlərimizdən biri haqqında yazı yazmaq üçün günlərin bir günü dağlara sarı üz tutdum. O dağlara ki orda uşaqlıq illərimizin ən dadlı xatirələri, nənlərimizin ocaqda bişirdiyi yeməklər, köpüklənən isti süd aşı, cecim, məfrəş, məcmeyilərin üstünə sərilən qış umacı, qurudu, yağ nehrəsini çalxalayan analarımızın dodaqaltı zümzüməsi, inanclı babaların sübh azanı, axşamçağı çardağın kölgəsində “nəğmə oxuyan” cəhrələrinsəsi qalıb. Dünyanın bütün bərəkəti sanki o dağların sinəsində qərar tutan yurd yerlərinin ocaqlarını yandıran əllərdə idi. Məhz elə o əllərin halallığı, zəhməti idi ki, bir zamanlar ucqar dağ kəndlərimizdən nər igidlər, ər igidlər, elm adamları, alimlər, ziyalılar, təbiblər, loğmanlar çıxırdı...
Güzarım belə kəndlərdən biri olan Biçənək kəndinə idi. Yolda qarşıma çıxan bir kənd sakini ilə səmimi söhbət edərək gün-güzəranları, qayğıları ilə maraqlandım. Bəllidir ki, kəndlər balaca olduğundan nabələd adam tez gözə carpır. Mənimlə də kənd sakinləri maraqlandılar, qonaq aparmaq istədilər. Kənd sakini Vilayət Quliyevgilə qonaq oldum. Səbəbi də qoca anası ilə görüşmək idi.
Qonaqçım məni anası, 80 yaşlı Ağabəyim Quliyeva ilə tanış elədi. Kəndin abad yolu, indiki xoş güzəranını təriflədim. “Yaxşı, kəndiniz var. Təmiz, rahat yolu. Heç şəhərdən çeçilmir”, -dedim. Ağbirçək bir anlığıa mənə baxdı, köks ötürərək dedi: “Eh, ay bala, kaş bizim kəndimiz də indi qalardı. Yəqin kəndimizə də yol, su, işıq, qaz çəkilsəydi, nə biz ordan köçərdik, nə də Zərnətün kəndi itib batmazdı...” Nədən kəndlərindən köçüb buraya gəldiklərini soruşanda ürəyi dolu. “ İndi bütün kəndlərə yolu, qazı, işığı hökumət çəkir. Camaatın yaxşı yaşamasından ötəri nə lazımsa, elə evinin içindəcə verilir. Torpağı əkib-biçmək, yaxşı məhsul götürmək üçün hər köməklik edirlər. Amma bizim kəndimizdə-Zərnətündə yaşayan insanlar bunların hamısını öz gücləri hesabına, çətinliklə eləməyə çalışırdılar. Amma alınmadı. Yol yox, işıq yox. İldən ilə dağılan, sökülən kənddən bura- Biçənəyə köçməyə məcbur olduq. 5 uşağım orda doğulub. İndi burda yaşayırıq. Amma o kiçik evimiz üçün burnumun ucu göynəyir. Zərnətün laylalarımın beşiyi olub.”
Bu söhbətdən sonra Şahbuz rayonunda adı qalıb, özü itən kəndlər haqqında öyrənmək, o yurd yerlərinin sakinləri ilə görüşmək qərarına gəldim. Öyrəndim ki, rayonun Nursu kəndinin yaxınlığında çox qədim tarixə malik olan bir Məzrə kəndi, Biçənəyin yaxınlığıda yerləşən Zərnətün, Xınzirək, Kükü kəndinin yaxınlığında Zırnel, müxtəlif yerlərdə Məzrə, Qaraqaya, Lizbirt, Külüs kəndində Əyrək kimi adlar qoyulan kəndlərdə insanlar min illərlə yaşayıblarsa, sonra nədən bu yurd yerləri boşalıb, kimsəsizləşib. İndi o kəndlərin sakinlərinin nəvə-nəticələri bu gün dədə-baba yurd yerlərindən xatirələrlə söhbət açırlar. Uşaqlığı Məzrədə keçən və sonradan ailəsi ilə birlikdə yaşayış yerini dəyişən ziyalı Rəşid Əmənovla söhbət edirəm. Durduğumuz səmtdən kəndlərinin yerləşdiyi yamaca sarı çevrilir. Bir vaxtlar evləri dağ döşündə, təpədə, yamacda qərar tutan bu kəndin yastanında, çəmənində, zəmisində darı, noxud, zəyərək, mərcimək əkilər, taylarla məhsul yığılardı. Sonra da kənddəki su dəyirmanında üyüdülən darıdan dadlı yeməklər bişirilər, taxıl unundan bişirilən çörəyin ətri kəndə yayılardı. Amma Sovet dönəmində bu ucqar dağ kənlərinə qarşı sanki laqeydlik yarandı. Yolları, çeşmələri itib batdı. Heç kim fikir vermədi. Amma bir qədər aşağıdakı kəndlərdə o zaman üçün müasir həyat vardı. Kənd camaatı da sanki bu laqeydlikdən bezdi və bir-bir köçməyə başladılar. Rəşid müəllim deyir ki, bu qəsdən düşünülmüş şəkildə atılan addım idi. Guya bu kəndlər kiçik olduğu üçün gəlirli deyildi. Lakin hamımız yaxşı bilirik ki, bu kəndlərdə min illərin tarixi, keçmişi yatır. Burdakı toponimlər, yer, çay, bulaq adları bu yerlərin min illik köklü sakinlərinə aiddir. Bu haradsa, 1930- 60-cı illərdə ermənilərin də əli olduğu və dağ kəndlərinə qarşı həyata keçirilən soyqırım idi.
Həmin vaxtlarda kiçik dağ kəndlərində min illərlə yaşı olan abidələr, ziyarətgahlar, təbiət abidələri baxımsızlığın, laqeydliyin, ən əsası isə yaşamaq üçün gərəkli olan heç bir şəraitin olmaması üzündən xarabalığa çevrildi. O zaman Sovet hökumətinin qayğısı, diqqəti olmayan kəndlərdən üz çevirən insanlar yolu, suyu, işığı, rahatlığı olan yerlərə üz tutdular. Ona görə də bu kəndlər indi ancaq xatirələrdə yaşayır.
Oyunlar pozuldu
Məlumdur ki, ötən əsrin 80-90-cı illərdə məlum hadisələr zamanı baxımsızlıq, laqeydlik üzündən qıfıllı qapıların sayı çoxalan kəndlərimizə səssizlik hakim kəsilməyə başlamışdı. Yadımdadır, dünyagörmüşlər bundan çox narahat olaraq deyirdilər, bu kəndlər də yiyəsiz-sahibsiz qalıb, qurdun-quşun məskəninə çevriləcək, yox olan kəndlərimiz kimi. Atalarımız demişkən, “ilan vuran ala çatıdan qorxar”. Bu narahatçılıqlar da əbəs deyildi. Çünki qazı, suyu, işığı, yolu olmayan kəndlərdən cavanlar üz çevirib rahat yaşayış dalınca şəhərlərə axırdılar. Kənddə qalan qocalar, yaşlılar isə günlərini sayırdılar. İş qabiliyyəti olmayan kənd sakinlərinin gözü qabağındaca tikan-qanqal basmış sahələr göz dağına çevrilirdi. Lakin oğul-uşağı da yaşanması çətin olan bu yerlərdə saxlamağa gücləri çatmırdı. Ermənilərin başladığı işğalçılıq müharibəsi kəndi də, şəhəri də gözdən uzaq, könüldən qıraq salmışdı. Bir tikə çörəyin qəhrini çəkən kəndli də, şəhərli də yaşamaq üçün çalışırdı. Belə bir zamanda dağılan, uçulan, sökülən ölkənin vətəndaşlarının köməyinə Tanrı Heydər Əliyevi göndərdi. Bir elin gözündə ucalan, könlündə yaşayan böyük şəxsiyyətin böyük amallar üçün vətənə qayıdışı kəndlərimizə də yeni həyat bəxş etdi. Sərhədlərdən başlanan quruculuq, yenidənqurma işləri dalğa-dalğa hər yerə yayıldı. Hər bölgənin, hər kəndin, hər şəhərin qayğısı çəkildi, yolu salındı, suyu axdı, çırağı yandı, torpağı əkildi, süfrəsi doldu. Əkinçinin də, biçinçinin də, fəhlənin də, ziyalının da gözünə nur, qoluna qüvvət gəldi, ürəklər arzularla döyünməyə başladı. Sönmüş ümidlər yenidən göyərdi. Qurulmuş iyrənc planlar, başlanan oyunlar beləcə pozulmağa başladı. Bir vaxtlar kimsəsizləşən obalarımız, oymaqlarımız gülüstana çevrildi. Gedənlərimiz geri qayıtdı, qalanlarımız tikdi, qurdu, yaratdı. Dövlət qayğı göstərdi, sakinlər bu qayğıdan yararlanıb yaxşı yaşamaq üçün zəhmətə qatlaşdı. Kəndimiz də şəhərimiz kimi simasını dəyişdi. Kəndlinin libası,məişəti, evi kimi, kəndin də görkəmi yeniləşdi. Bütün bunlar kəndlərimizin yaşamasına, var olmasına səbəb oldu.
P.S. Bir zamanlar səriştəsizlikləri ucbatından kəndlini kənddən didərgin salmışdılar. Qayğısızlıq sayəsində yurdundan üz cevirib başqa yerlərə gedənlərin sayı günbəgün artırdı. Amma hər yerdə xaos yaradanların qarşısına Ulu öndər keçilməz bir sədd çəkdi. Əgər o vaxtlar bu məmləkətə, onun kəndinə, şəhərinə sahib çıxanlarımız, qayğı göstərənlərimiz olmasaydı və ötən onilliklərdə ulu öndərin yolu muxtar respublikamızda davam etdirilməsəydi, bəlkə biz də yurd həsrəti çəkənlərdən olardıq. Şükürlər olsun ki, Tanrı bizə o günləri göstərmədi !
Şəhla Nəbiyeva
Naxçıvan Dövlət radiosunun əməkdaşı