Yazın gəlişi ilə göbələyin də mövsümü başlayıb. Təbiətin canlı amilləri sırasına daxil olan bu bitkinin minlərlə növü var. Onlar təbiətin hər cür şəraitində yaşamağa uyğunlaşır. Göbələkləri torpaqda, ağacın oduncağı və yarpağı üzərində tapmaq olar.
Fərqli mühitdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var. Göbələklərin əksəriyyəti kök, gövdə və papaqcıqdan ibarətdir. Onların hamısı sporla çoxalır və ömrü çox deyil. Göbələklər kölgəsevər canlıdırlar. Quruluşuna, ölçülərinə, bitdikləri yerə, fizioloji funksiyasına görə fərqlənirlər. “Təbiətin canlı səltənəti” adlandırılan göbələklərin böyük bir qismi parazit həyat keçirir. Onlar bitkilər kimi sporlarla çoxalır və daim böyüyürlər. Qidanı isə bütün səthi ilə sorur və burada özlərini bitki kimi aparırlar.
Göbələklər təkcə gözlə gördüyümüz üst səthdən ibarət deyil, demək olar ki, bütünlüklə, torpağın içində gizlənib, torpağın səthində isə yalnız cüzi bir hissəsi görünür. Onun yerin altındakı hissəsinin, yəni göbələk tellərinin uzunluğu kilometrlərlə ölçülür. Əgər haqqında bəhs etdiyimiz bu bitkinin bütün tellərini bir yerə toplayıb tərəzidə çəksək, görərik ki, bir göbələk ən böyük heyvandan belə ağırdır. Bol göbələk məhsulu yığmaq üçün göbələyin tellərini məhv etmək olmaz. İndi göbələk yığmaq üçün Şahbuz dağlarına üz tutanlar çoxdur. Batabat, Biçənək, Qanlı göl və bir çox ərazilərində onlarla yeməli göbələk sortları var. Təkcə bu yerlərə yaxın ərazilərdə yaşayanlar deyil, hətta digər yerlərdən də gələnlər yazda min bir nemətlə zəngin olan dağlardan göbələk yığırlar. İnsanda maraq yaradan göbələk yığmaq isə bir qismət işidir, o, hər kəsin qabağına çıxmaz. Həm də göbələyin yığım vaxtları, saatları olur. Onu istənilən vaxt dərmək olmaz. Adətən bu canlılar kolların dibində, otların arasında gizlənir.
Yeməli göbələklər əsasən meşə massivlərində və açıq sahələrdə əmələ gəlirlər. Göbələk yığımı zamanı göbələyi əllərimizlə qırsaq və ya iki yerə bölsək, o, rəngini dəyişmirsə, deməli, zəhərli göbələk deyil. Bişirdiyimiz zaman isə göbələyi qaynadanda onun içinə soyularaq təmizlənmiş bir baş soğan və ya sarımsağı iki yerə bölüb atırıq. Əgər soğanın rəngi dəyişsə, onda bu göbələkdən imtina etmək lazımdır.
Zəhərli göbələklər yeməli göbələklərdən fərqli olaraq, qurd salmır. Hər kəs bu üsullardan istifadə edərək ondan qorxmadan yığıb yeyə bilər. Bu bitkinin müəyyən növündən əvvəllər xalq təbabətində də geniş istifadə edilib. Milli mətbəximizdə göbələkdən müxtəlif yeməklər hazırlanır. Xüsusilə göbələk çığırtması yaz aylarında çox sevilir. Göbələklər çətin həzm olunduğundan qatıqla yeyilsə, həzmi asanlaşdırar və zəhərlənmə halları baş verməz. Tərkibində zülal, müxtəlif turşu və vitaminlər olan göbələkdən yaz aylarında bol istifadə edək.
Turanə Baxşəliyeva
“Oğuz səsi” qəzeti