Çaytikanı qida əhəmiyyətli bir bitkidir. Rusiyanın Avropa hissəsində, Qafqazda, Orta Asiyanın dağlıq hissələrində, Cənubi Sibirdə, Monqolustan və Çində yayılıb. Respublikamızda Böyük və Kiçik Qafqaz ərazilərində çaylıq və çınqıllı yerlərdə bitir.
Çaytikanı MDB ölkələrindən başqa Türkiyədə, İranın bəzi bölgələrində xüsusi plantasiyalarda əkilib becərilir. Çox gəlirli meyvə bitkisi olduğundan bəzi fermerlər son zamanlar bu bitkinin əkin sahəsinin genişlənməsinə fikir verirlər. Çaytikanı təzə halda çox az yeyilir, lakin ondan hazırlanan məhsullar çox istifadə edilir. Çaytikanı meyvələrindən komport, mürəbbə, sirop, cem hazırlanır. Xüsusi yağlar alınır. Azərbaycan Respublikasının bəzi bölgələrində azda olsa əkilib becərilir. Son zamanlar Azərbaycan ETB və SBİ (indiki Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu) da geniş sahələrdə əkilib becərilir. Bu bitkinin ixracı üçün bəzi ölkələrlə müqavilə də bağlanılıb.
Naxçıvan Muxtar Respublika ərazisində Ordubad rayonunda, Babək rayonu ərazisində yerləşən AMEA Naxçıvan Bölməsi nəzdində (İndi İqtisadi İnkişaf Nazirliyində) olan Şornov təcrübə sahəsində 1 hektardan çox sahədə əkilib becərilir. Yüksək məhsuldar bitkidir. Emal zavodları olsa, ondan alınan yağ muxtar respublikaya külli miqdarda valyuta ehtiyatı gətirə bilər.
Kimyəvi tərkibi: Çaytikanı meyvələrinin kimyəvi tərkibi çox zəngindir. İnsan orqanizmi üçün lazım olan maddələrin çoxu bu bitkinin tərkibində toplanıb. Çaytikanı meyvələrinin tərkibində 2,44-6,65% şəkər, 1,6-4,0% turşu, 0,50-0,79% pektin maddə, 0,023-0,068% dabbaq maddəsi və müxtəlif vitaminlər - C, B1, B2, P, E, A vardır. Çaytikanı meyvələrinin şirəsində 600 mq% C vitamini, 20 mq%-dən çox karotin və tiamin vardır.
Bundan başqa meyvələrində 9% -11% -ə qədər yağ vardır ki, buda yüksək keyfiyyətli yağlar qrupuna aiddir. Yağın tərkibində karotin E, F vitaminləri, karbohidratlar və s. vardır. Çaytikanının yarpaqları da vitaminlərlə zəngindir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri: Çaytikanı iydə (Eleagnaceae Lindl.) fəsiləsinə, Hippophae L. Cinsinə aiddir. Üç növü vardır. Bunlardan keçmiş SSRİ məkanında bir növü (Söyüdyarpaq çaytikanı- H.salicifolia D.Dek) yabanı halda yayılıb, bir növü isə (Murdarçaya bənzər çaytikanı- H.rhamnoides L.) mədəni halda becərilir. Murdarçaya bənzər çaytikanı yabanı halda Rusiyanın Avropa hissəsində, Qafqazda, Orta Asiyanın dağlıq hissələrində, Cənubi Sibirdə, Monqolustan və Çində yayılıbdır. Respublikamızda Böyük və Kiçik Qafqaz ərazilərində qayalıq və çınqıllı yerlərdə bitir. Mədəni halda becərilən bitkilər 3-6 m hündürlükdə, ağac və kol tipli olurlar.
Yarpaqları ardıcıl yerləşmiş, ensiz lanset formalıdır. Çiçək tumurcuqları sadə və mürəkkəbdir. Əsasən mürəkkəb tumurcuqlardır. Bu tumurcuqlar açıldıqda qısa zoğ üzərində 3-15 ədəd yarpaq və topa şəkilli çiçək verir. Məhsul verdikdən sonra bu zoğlar quruyur. Hər zoğda 3-12 ədəd meyvə olur. Dişi çiçək tumurcuqları erkək çiçək tumurcuqlarından xırda və budağa sıx yapışmış olur. Erkək çiçəklər xırda gümüşü qonur rəngli, salxım şəkilli topada yerləşir. Dişi çiçəklər sarı rəngli, tək-tək yerləşən, görkəmsizdir. Hər iki çiçək tipi yarpaqlarla eyni vaxtda açır, küləklə tozlanır. Meyvələri sentyabr-oktyabrda yetişir və uzun müddət budaqda qalır. Hətta qışda da meyvələr ağacda qalır. Budağı, gövdəsi tikanlıdır. Tikansız formaları da çoxdur.
Müalicəvi əhəmiyyəti: Çaytikanı meyvələrinin tərkibi çox zəngin olduğundan insan orqanizmi üçün də çox xeyirlidir. Bu bitkinin tibbi əhəmiyyəti aşağıda aydın şəkildə verilibdir. Çaytikanı meyvələrinin tərkibində orqanizm üçün lazım olan yağ vardır. Bu yağın tərkibində bir sıra vitaminlər vardır ki, bunlardan da əsası F vitaminidir. F vitamini dəridə maddələr mübadiləsini nizamlamaq xüsusiyyətinə malikdir. Çaytikanının yarpaqları da vitaminlərlə zəngindir. Qədim Yunanıstanda atların dəri xəstəliyini müalicə məqsədilə çaytikanı yarpaqlarından istifadə edirdilər. Bundan sonra atların səhhəti yaxşılaşırdı və onların tükləri parlaq olurdu. Elə buna görə də çaytikanının elmi adı hippofaye (“hippos”-at, “phae”-parlaq) adlandırılıbdır. İndi də bir sıra Avropa ölkələrində xəstə heyvanlara çaytikanı yarpaqları verirlər.
Çaytikanı gövdəsindən qoparılmış qabıqdan hazırlanmış çay ishala qarşı, toxumlarını qaynatdıqdan sonra alınan həlimdən isə qəbizliyə qarşı istifadə edilir və çox yaxşı nəticə əldə edilir. İshal zamanı çaytikanının gövdəsindən qoparılmış qabıqları çay kimi dəmləyib bir gün saxlayırlar. Ondan sonra hazırlanmış dəmi yenidən qaynatmadan isidib gündə yeməkdən sonra 3 stəkan çay kimi qəbul etmək lazımdır. Bu zaman ishal aradan qalxmış olacaqdır. Meyvələrindən alınmış yağ dərinin və gözün selikli qişasını artırır, görməni gücləndirir. Gecə yatan zaman çaytikanı yağından islanmış parçanı göz üzərinə qoymaq lazımdır bu gözlərə işıq verir. Bu yağdan qadın xəstəlikləri zamanı sürtkü materialı, mədə borusu və mədənin selikli qişasının xəstəliyi zamanı daxili müalicə vasitəsi kimi istifadə edilir. Meyvələrindən hazırlanmış siropdan, sınqa, toyuq korluğu xəstəliklərində ağrıkəsici vasitə kimi istifadə edilir. Müalicəvi əhəmiyyətindən başqa, çaytikanı meyvələrindən bir çox məhsullar hazırlayırlar ki, bu da orqanizmi üçün çox xeyirli olmaqla lazım olan vitaminləri ödəmiş olur. Çaytikanı yağı mədə xorasında və bağırsaq yaralarında istifadə edildikdə çox yaxşı nəticə verir. Bunun üçün mədə-bağırsaqlarda yara olduqda 1 ay müddətində hər gün səhər-səhər acqarına yeməkdən 1 saat əvvəl 50 qram çaytikanı yağı içmək lazımdır. 1 ay müddətində ardıcıl olaraq qəbul edilməlidir.
Həmçinin çaytikanının cavan budaqlarından dəmlənmiş çay daxili şişlərə qarşı mübarizədə olduqca çox effektlidir. Çay tikanının cavan budaqlarının qabığı soyulur, həm yaş halda, həm də qurudulmuş halda istifadə edilir. Bunun üçün cavan budaqların qabıqlarından 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suyun içərisinə töküb saxlamaq lazımdır. Ondan sonra həmin dəmlənmiş çayı qaynatmadan isitmək və gündə 3-5 dəfə isti-isti yeməkdən yarım saat əvvəl içmək lazımdır. Dəmlənmiş çayı təmiz bal ilə də içmək faydalıdır.
Qeyd: Müalicə dövründə turşu, qazlı içkilər, yağlı və qızartma yeməklərdən pəhriz olunmalıdır. Bu qaydaya əməl edildikdə bütün mədə-bağırsaq yaraları tamam sağalmış olur.
Çaytikanı meyvələrinin suyu üz ləkələrində və yanıq zamanı qalmış izlərin itirilməsində işlədildikdə yaxşı nəticə verir. Hər axşam yatmamışdan öncə 5-7 ədəd çaytikanı meyvəsi qəbul etdikdə qəbizliyi aradan qaldırır, bağırsağın normal işləməsini təmin edir.
Loğman Bayramov
AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun əməkdaşı