Bilirsiniz, sosial media yeni vərdişlərimiz sırasında ilk cərgədə yer alır. Əlimizdə olan smartfonlar bədənimizin “davamıdır” desək hər halda yanılmarıq. Gəlin birgə çoxda uzaq olmayan gələcəyi-2022-ci ili biraz xəyal, biraz da təxmin edək.
İlk olaraq istifadəçilərə şad xəbər. Araşdırmalar zamanı öyrəndim ki, sosial mediada yaxın günlərdə yeni bir sistem fəaliyyətə başlayacaq-Fact-check, yəni “Fakt-nəzarət”. Bilirəm sizin üçün də maraqlıdır ki, nədir bu “Fakt-nəzarət”?
Bu Facebookda saxta hesabların qarşısını almaq üçün üçüncü tərəf platforması ilə işləyən yeni bir xüsusiyyətdir. Saxta xəbərlər, saxta foto və videolar kimi sosial məzmunda paylaşılan məlumatların qarşısını almaq üçün hazırlanmış bir proqramdır “Fakt-nəzarət”. Məqsədi insanların manipulyasiya edilməsinin qarşısını almaqdır. Başqa sözlə, ictimai mediada oxuduğumuz xəbərlərin yalan xəbərlər olub-olmadığını anlaya bilməyimizə köməklik, saxtakarları isə ifşa etməkdir. Eyni zamanda, qeyd edim ki, bu saxtakarlığa davam edən “xəbərçilər” sistemin köməyi ilə məzmunu silinmiş və insanlara çatması minimum səviyəyə enmiş olacaqdır.
Sahəni araşdıran bir jurnalist olaraq qeyd etməliyəm ki, 2022-ci ildən 2040-dək texnologiya insan potensialını aşacaq! Ən azından mütəxəssislər tərəfindən söylənən fikirlər bu proqnozu yazmağa imkan verir. Texnoloji imkanlar artdıqca, texnoloji inkişafın sürəti də artmaqdadır. Hazırda mövcud olan süni intellekt, virtual reallıq və gücləndirilmiş reallıq texnoloji bazarda tam inkişaf etməkdədir.
Siri, Google Assistant, Alexa hazırda bilinən süni zəkalar arasındadır. Bu suni zəkalar hər ötən gün insanlara daha da yaxınlaşırlar. Məsələn, Google, sonuncu dəfə “süni intellekt telefon zəngi”ni elan etdi. O, köməkçiniz kimi bir telefon danışığı edir və bu zaman qarşı tərəf süni intelektlə danışdığının fərqinə belə vara bilmir. O, qeyri-robotik, daha səlis dil istifadə edir. Gələcəkdə hər kəs bu kimi nümunələrlə süni bir kəşfiyyatın köməkçisinə çevirilə bilər. Məsələn, ağıllı bir ev qurmağa çalışanlar Alexa ilə ağıllı cihazları birləşdirib Siri ilə evdəki bir çox şeyə nəzarət edə bilir. Qeyd etməliyəm ki, günümüzdə bu məqsədlə hazırlanan cihazların sayında ciddi artım müşahidə olunmaqdadır. Ağıllı telefon, ağıllı avtomobilin ardınca indi ağıllı ev gündəmdədir.
Milli və ailə dəyərlərinin ehtiva olunduğu ölkəmizdən fərqli olaraq qərbdə 2022-ci ildən başlayaraq ər öz həyat yoldaşından çox süni intellekt ilə söhbət edəcək. Hər halda bu da proqnozlardan biridir.
Bu gün həyatınızda internet kimi bir gücünüz var. O, axtardığınız məlumatların çoxunu tapa biləcəyiniz sonsuz bir okeandır. Yəqin ki, siz də İnstagram, Facebook, YouTube kimi sosial şəbəkələrdən istifadə edənlərdənsiniz. Nəzərinizə çatdırım ki, adını çəkdiyim sosial şəbəkələr sizi maraqlandığınız sahə ilə bağlı məlumatlarla təmin edir. Məsələn, sevdiyiniz idman ayaqqabısı, milli musiqini dinləmək və komediya filmlərini seyr etmək; bu xidmətlər bu və ya digər hallarda daha çox sizin haqqınızda kiminsə məlumat toplamasına imkan yaradır. Beləliklə, sizin maraqlandığınız sahələri bilənlər çox olur.
Vaxt keçdikcə digər məsələlərdən uzaqlaşırsınız! Necə? Baxın, elə indi izah edəcəyəm. Diqqət etmisinizmi, hesabımızı açan kimi sosial şəbəkələrdə həmişə eyni mövzuda olan təkliflərlə qarşılaşırıq. Həmişə eyni məzmunlu təkliflər və o virtual rəhbərin müəyyənləşdirdiyi istiqamətləri müşahidə edirik. Və bu beləcə davam edir... Sonra bu təkliflərin nəticəsi olaraq məqsədli şəkildə dar çərçivəyə salınan maraq dairəmizin məhdudlaşdığı bu müddətdə başqa məsələlərdən, nə baş verdiyindən bixəbər şəkildə yaşayırıq! İnternetdə qarşımıza çıxan “çox hörmətli bələdçi” nəyi bilməyimizi istəyirsə onu da bilirik. Yekunda bir real beyin sahibi olan canlı insan suni beyinin əsarətinə düşür, onun istədiyini düşünür, virtual məkanda onun necə deyərlər, süfrəsinə verilənlə acgözlüklə qidalanır, məlumat aclığını aradan qaldırır. Qısacası, sosial mediadan məlumat əldə edən dəyərli dostlar, hansı ünvandan məlumat aldığınıza diqqət edin. Özünüzü sosial şəbəkələrdə daha da sosisallaşmış zənn edib, monotonluq və dezinformasiyaların əsiri olmayın!
Elsevər Məmmədov
Naxçıvan Dövlət Radiosunun baş redaktoru