Azad söz, azad mətbuat hər zaman cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü hesab edilib.Çünki söz azadlığı olmayan cəmiyyətdə insan hüquqları tez -tez pozulur. Buna görə də, dünyanın inkişaf etmiş ölkələrində hər zaman mətbuat azadlığına xüsusi diqqət yetirilir. Artıq 30 ildir ki, 3 may tarixi bütün dünyada söz və mətbuat azadlığı kimi qeyd olunur. Ölkəmizdə mətbuat azadlığına göstərilən diqqət və qayğı ilə bağlı Naxçıvan Dövlət Universitetinin "Jurnalistika və Xarici ölkələr ədəbiyatı " kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva ilə həmsöhbət olduq.
- Şəhla xanım, bu gün mətbuatın qarşıya qoyduğu əsas hədəf nədir?
- Artıq 30 ildir ki, Azərbaycan müstəqil bir dövlətdir. Bu zaman çərçivəsi çox olmasa da, dövlətimiz dünya dövlətləri arasında öz siyasi və milli maraqlarını müdafiə etməyə qadirdir. Bu gün beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirən, dünya birliyinin layiqli üzvünə çevrilən və dünya miqyasında tanınan Azərbaycanın dünyada bu səviyyədə tanınması və dəstəklənməsində mətbuatın, cəmiyyətin güzgüsü, təbliğat vasitəsi kimi dəyərləndirilən KİV-in özünəməxsus rolu var. Bildiyimiz kimi jurnalistikanın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vicdanlılıq, dəqiqlik, balanslılıq, operativlikdir. Bütün bunlarla yanaşı hər bir juurnalist ilk öncə vətənpərvər olmalı, dövlətçilik prinsipini də qorumalıdır. Ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının əksəriyyəti bu təməl prinsiplərə əməl edir, fəaliyyətlərində dövlətçilik, vətənpərvərlik kimi prinsipləri ön planda tuturlar. Lakin təəssüf ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Son hadisələr, 44 günlük II Qarabağ müharibəsi dövründə baş verənlər bir daha bizə dövlət maraqlarımızı üstün tutmağı təlqin etdi. Buna görə də, mətbuat daima dövlətçiliyimizin qorunmasına, inkişafına öz töhfəsini verməli, jurnalistlərimiz vətənpərvərlik prinsipini əsas tutaraq çalışmalıdırlar. Jurnalistikada sosial məsuliyyət anlayışı var. Yəni, jurnalistin digər vətəndaşlardan fərqli olaraq bir vətəndaş vəzifəsi də var. Jurnalist hər şeydən əvvəl Azərbaycan Respublikasının vətəndaşı kimi dövlət, xalq qarşısında öhdəliklərini yerinə yetirməlidir.
-Azərbaycan mətbuatı fəaliyyətində əsas prinsipləri hansı səviyyədə qoruyub və qoruyur?
- Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat bizim daxili işlərimizə müdaxilə edə, ölkəmizə nəyisə təlqin edə bilməz. Ölkəmizin özünəməxsus inkişaf dinamikası, uğurları ilə yanaşı müəyyən problemləri də var. Bu problemlərdən biri ölkə daxilində Azərbaycan haqqında əks-təbliğat kampaniyası aparan müxtəlif qüvvələrin mövcudluğudur. Azərbaycanın dövlət maraqlarına zidd addımlar atmağa çalışan bu qüvvələr bilməlidirlər ki, hansı sahədə çalışmağımızdan asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Buna görə də vətəndaşlıq təəsübkeşliyini qorumaq və vətənimiz, dövlətimiz qarşısında üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək hər birimizin borcu, müqəddəs amalı olmalıdır.
- Azərbaycanda söz və ifadə azadlığının inkişafında mətbuatın rolu və yeri necədir ?
- Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Hər bir ölkənin demokratik prinsiplərlə inkişaf etməsi üçün fikir, söz və mətbuat azadlığı mütləqdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
"Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız yarandığı gündən etibarən Azərbaycan xalqının ictimai, maarifçilik, sosial və siyasi həyatında mühüm rol oynayıb. Ümumiyyətlə, mətbuatın fəallığı ən çox özünü xalqın milli azadlıq uğrunda mübarizə apardığı illərdə göstərib. Belə ki, XX əsrin 80-ci illərinin sonlarında - Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrdə xalqı birləşdirən başlıca vasitələrdən biri, bəlkə də ən birincisi də məhz mətbuat oldu. Həmin ildən başlayaraq “Azərbaycan”, “Aydınlıq”, “Səhər”, “Həyat” və digər mətbuat orqanlar, 90-cı illərin əvvəllərindən isə “Səs”, “Yeni Azərbaycan”, “İki Sahil”, “Şərq” və s. qəzetləri ölkədə və dünyada baş verən hadisələri işıqlandırmağa, oxucu kütləsini dolğun informasiyalarla təmin etməyə başladı. Bu isə Azərbaycanda azad mətbuatın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük əhəmiyyətə malik idi. Ötən dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.
-Ulu Öndər Heydər Əliyev və Azərbaycan mətbuatı deyərkən, sizdə hansı düşüncələr yaranır?
-Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır. Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması, azad medianın inkişafı ilə bağlı əhəmiyyətli qərarların qəbul olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çox saylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.
Xüsusilə vurğulamaq istərdim ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndiylə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Ulu öndər bildiriridi ki, bizim məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.
Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur.
-Hazırda yeni media və ənənəvi media arasında sanki bir rəqabət tendensiyası mövcuddur. Sizcə ənənəvi medianın mətbuatdakı rolu və yeri hansı səviyyədədir?
-Müasir dövrdə informasiya texnologiyaları meydana çıxdıqca, yenilər köhnələri sıxışdırır. Çünki yeni maraqlıdır, üstün imkanları var və sair. Tarixə nəzər salsaq görərik ki, radio və televiziya yayımının ilk illərində bəzi şəxslər düşünürdülər ki, artıq, çap mediasının ömrü başa çatıb. Biz bu haqda jurnalistika dərsliklərində də oxumuşuq. Amma davam edən proseslər proqnozların düz olmadığını göstərdi. Bu gün yeni mediadan danışırıq, amma yenə də hər gün müxtəlif adda yüzlərlə qəzet çap olunur, köşklərdə satılır. Əlbəttə, çap materiallarının operativlikdə yeni mediaya qalib gələcəyini gözləmək məntiqsizdir. Dünya tərcübəsi onu göstərir ki, qəzetlər rəqabətin güclü olduğu dövrdə də düzgün qərarlarla mövcudluğunu qoruyub saxlaya bilər. Bu gün, demək olar, bütün qəzetlərin onlayn platformalarda fəaliyyəti mövcuddur. Bununla birlikdə, qəzet çapı da davam etməkdədir. Qəzetin yaşaması üçün, düşünürəm, ilk növbədə, konvergensiyada (bir nöqtəyə cəmləşmə) uğurla iştirak etmək və onlayn platformaların yaratdığı imkanlardan məharətlə istifadə etmək lazımdır. Məsələn, redaksiya veb saytında və digər platformalarda artıq yayımladığı məlumatları qəzetdə də dərc etməməlidir. Oxucu qəzetdəki mətnləri yalnız çap versiyada tapmalıdır. Digər platformalarda, məsələn, sosial mediada isə növbəti sayda dərc olunacaq maraqlı yazılarla bağlı anons xarakterli materiallar təqdim oluna bilər. Yəni müasir informasiya mühitində qəzetlərin mövcudluğunu qoruyub saxlaması çox çətin görünsə də, işin düzgün təşkili ilə buna nail olmaq mümkündür. Əsas məsələ klassik ənənələrə sadiq qalmaqla həm də yeni tendensiyalardan geri qalmamaqdır. Əsrin ilk illərində ənənəvi medianın yeni media ilə əməkdaşlığa başlaması bu fikrin təsdiqidir. Dəyişən texnoloji avadanlıqlar, forma və üslublardır. Klassik ənənələr isə bu gün də yaşayır, sadəcə, yeni tələblərə uyğunlaşdırılır. Əgər yuxarıda qeyd etdiyim kimi iş düzgün qurularsa, heç bir televiziya, agentlik, “yeni media” orqanı ənənnəvi medianı sıradan çıxara bilməyəcək və ənənəvi media həmişə öz əhəmiyyətini qoruyub saxlayacaq.
-Qarşıdakı illər üçün nəzərdə tutulan hədəflər mətbuata nə vəd edir?
-Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqil bir dövlətdir və inkişaf yolunda inamla irəliləyir. Ötən onilliklərdə qazanılan möhtəşəm nailiyyətlər göstərir ki, Azərbaycanın yüksəlişi, dinamik inkişafı dönməz xarakter alıb və ölkəmiz bölgəmizin güc mərkəzinə çevrilib. Sözsüz ki, bu uğurların həlledici amili ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən inkişaf siyasətidir.
Bu uğurlu siyasətin nəticəsidir ki, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunması ilə dövlətimiz dünya arenasında özünün gücünü, qüdrətini bir daha sübut edərək Azərbaycan dövlətinin dünyadakı nüfuzunu daha da artırdı, iqtisadi potensialını gücləndirməyə nail oldu.
Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayır, bizi böyük və mübariz xalq olaraq dünyaya tanıdır. Bundan sonra da dövlətin əsas ideoloji sütunu olan media istər sülh dövründə, istər müharibə şəraitində dövlətin, cəmiyyətin mənafeyini və milli təhlükəsizliyini çox önəmli bir məsələ kimi daim diqqətdə saxlamalıdır. İnanıram ki, mətbuat işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlib, mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurla davam etdirəcəklər.
Jurnalistika peşəsinin öhdəliklərinə laiqincə əməl edən bütün mətbuat işçilərinin bayramını təbrik edirik!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət universitetinin
"Jurnalistika "ixtisası üzrə II kurs tələbəsi