“Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatı və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” adlı elmi konfrans keçirilib. Ulu öndərin dəyərli fikirlərindən sitatlar gətirən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazandığımız zəfərimiz Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Rektor gənclərə ümummilli liderin siyasətini dərindən öyrənib bu örnək ideyaları gələcək nəsillərə çatdırmağı tövsiyə edib.
Sonra Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynovun “Heydər Əliyevin xarici siyasət strategiyası və prioritetlər”, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının fakültə sədri, “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Milli maraqları əsas tutan balanslaşdırılmış diplomatiya”, “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə II kurs magistrant Aysu Cavadlının “İlham Əliyevin qətiyyətli diplomatiyası və 44 günlük Zəfər yürüşü” adlı çıxışları dinlənilib.
Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələrinin təqdimatından sonra “Uğurlu diplomatiyanın Zəfər Meydanı” adlı sənədli filmə baxış olub.
Səadət Əliyeva