Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq müddətli həqiqi hərbi xidmətə yola salınan gənc əsgərlərə!
Vətən sənə əmanət!
Vətənimin igid oğlu, bu günə kimi sən atanın, ananın evinə doğan günəş, gözündəki nur, qəlbinə sığmayan fəxarət idin. Adın nə idi, soyadın nə? Sevdiyin kimlər, nələr var idi, bilmirəm...Bildiyim tək şey bu gündən sənin adın əsgərdir. Azərbaycan əsgəri! Yeni adın mübarək, əsgər. Şərəflə daşıyacağın bu ada layiq ol. Əslinə, nəslinə, söy-kökünə sadiq ol!
Görürsənmi, səni xeyir-dua ilə yola salan atan, anan, yaxınların necə qürurludur? Sən tək vətəninə yox, onlara da xidmət edəcəksən axı.
Artıq sənin bir amalın var! Bu gündən sənin gecə-gündüz damarında dövr edən qanın da, cisminə sığan ruhun da, səni yaşatmaq üçün atan qəlbin də yalnız vətən deyəcək, vətən eşidəcək. Axı, sən bilirsən necə vətənin övladısan! Bir düşünsənə, əsgər. Mayası canla yoğrulub, adı da “can”la bitən daha neçə vətən var bu yer üzündə?
Deyirlər ki, insanlar doğulub, havası, suyu ilə boya-başa çatdıqları yerin xüsusiyyətlərini də daşıyarmış. Sən ürəyi də, torpağı da zəngin bir vətənin övladısan! Sənin əyilməzlik, mərdlik, xeyirxahlıq, mehribanlıq, sədaqət rəmzi olan vətəninin bütün keyfiyyətləri heç şübhəsiz ki, sənin də qanına, canına hopub.
Vətəni sev, əsgər! Vətəni çox sev, qoru! Vətən onu sevənlərindir, unutma. Vətən onu köksündə daşıyanlarındır! Bu vətən sənindir, əsgər! Arxayın ol, onu sevdiyin qədər o da səni sevir.
Bilirəm, əsgər. Sən də uşaqkən tez böyüyüb vətəni qorumaq arzusunda olmusan. Vətənimiz uğrunda döyüşlərdə canını fəda edənlərin hekayələri ilə böyümüsən, onlara bənzəmək istəmisən. Bu andan sən də Vətənimizin müdafiəsində dayanan qardaşlarımızın sıralarındasan. Sən torpaqları əsir yox, azad olan, azad nəfəs alan Vətənin müdafiəçisisən. Sən qalib, Müzəffər ORDUnun əsgərisən! İndi sənin nümunəvi xidmətin gələcəyin əsgərlərinə örnək olacaq. Sevənlərinin və xalqının ümid bəslədiyi Azərbaycan əsgəri. Artıq ailəndən uzaqda olsan da, Vətənə daha yaxın olacaqsan. Sən bu gün torpağı qoru ki, sabah bu torpağı gələcək nəsillərə qiymətli bir əmanət kimi ötürə biləsən.
Düzdür, evdəkilər üçün darıxacaqsan, biraz həsrət çəkəcəyin də danılmazdır. Bilirsən, şaxta da, qar da, yağış da olacaq, leysan da. Fəsil dəyişəcək və bəzən dözülməz istilər də olacaq. Gecəni səngərdə keçirib, səhərin ilk şəfəqlərini də orada görəcəksən. Səngər yatağın qədər rahat olmayacaq. Amma mən inanıram ki, sən hərkəsdən güclü, iradəli və dözümlüsən. Vətən naminə silahına sarılıb, andını daim xatırlayıb, üçrəngli, ay-ulduzlu bayrağını gözünə çəkib bütün çətinliklərə dözəcəksən. Sən də bilirsən ki, vətəni qorumaq çətin, ən əsası da şərəflidir. Bir də ki, unutma əsgər! Səni sevənlərin duası daim səninlədir. Sən xalqının cəsur sərkərdəsi, güvən yerisən.
Bəlkə də, heç bir geyim əyninə bu qədər yaraşmayıb. Bilirəm ki, sən də geyindiyin hərbi formanı çox sevirsən və onu öz üzərində fəxrlə daşıyacaqsan.
Unutma, əsgər, Vətən sənə əmanətdir! Vətən sənə canından, qanından bütün varlığından keçən, düşmənin dizini qatlayıb, hünər meydanında göyə ucalan, vətənləşən şəhidlərinin əmanətidir. İndi növbə sənindir. Torpağı gözbəbəyin kimi hifz et. Quru sözlə yox, nümunə olacaq xidmətinlə. Vətəninin azad mavi səması da, daşı da, torpağı da, suyu da, lap havası da sənə əmanətdir. Sən əmanətə sahib çıxmağı öz əcdadlarından öyrənmisən. Əlbəttə ki, vətənin layiqli keşikçisi olacağından heç kəsin şübhəsi yoxdur. İndi sən Azərbaycan Silahlı Qüvvələrinin bir parçasısan. Adın da, vəzifən də müqəddəsdir sənin. Kim üçün, hansı məqsəd üçün orda olduğunu daim özünə xatırlat!
Sənin addım səsinin qorxusu düşmənin ürəyini parça-parça etməlidir! Çünki sən qalib ordunun əsgərisən!
Mənim əsgər qardaşım,
Sən günəş ol, işıq ol,
Sən ulduz ol, mayak ol,
Analara dayaq ol,
Daş yazır yaddaşına,
Kömək ol qardaşına.
Sadiq ol öz andına,
Mənim əsgər qardaşım!
“Oğul düşmən çəpəridir” deyib babalarımız. Sınaqlardan keçib gəlmiş bu deyim igidlərimizin tarixən yağı düşmənə canı ilə sipər olub, Vətəni yaşatmaları üçün zəmin yaradıb. Vətənə çəpər olmaq üçün doğulub, böyüyən oğulların Vətən sevgiləri bütün sevgilərdən daha müqəddəs, daha ülvi olub hər zaman. Sən də düşmənə qanlı çəpər olacaqsan. Sənin mətin addımların uca zirvələrin qarlı başına güvən verəcək. Sinəsi çox dağlar görən vətən torpağına qəmi sən qadağan edəcəksən, and yerin olan vətənin alın yazısına bundan sonra sənin kimi mərd oğullar sayəsində ancaq və ancaq xoşbəxt günlər yazılacaq.
Şükufə Həsənova
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi