Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi məqsədilə ötən ay Babək rayon Nehrəm qəsəbəsində yaşayan aztəminatlı İbrahimovlar ailəsinə baş çəkilib, ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib.
Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Əshabi-Kəhf ziyarətgahında, “Saat Meydanı” turistik istirahət mərkəzində fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 15 qadının 270 manat dəyərində 46 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunubdur.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinə uyğun olaraq sərmayə kapitalı verilmiş qadınlardan 5-nin iş yeri və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilib.
Həmçinin ötən ay Komitə və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur rayonunda yaşayan əlil və aztəminatlı ailənin üzvü olan qadınlar üçüntoxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 12 əlil qadın və Şərur rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar aprel ayı ərzində tədrisə cəlb edilmiş 303 sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 33 uşaq müəssisəsində monitorinq keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşağın evində monitorinq keçirilib, aşkarlanan nöqsanlar aktlaşdırılıb, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilib. Elektron məlumat bankına 590 uşaq haqqında fərdi məlumatlar daxil edilib.