Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib - FOTOLAR

A- A A+

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək, gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və birliyin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.

Konfransın gündəliyi qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın hesabatı dinlənilib. Qeyd olunub ki, ötən 5 ildə Rəssamlar Birliyi fəaliyyətini Ali Məclis Sədrinin tapşırıqlarının icrası istiqamətində qurub, Bəhruz Kəngərli adına Sərgi Salonunda 234 sərgi-tədbir keçirilib. Bu dövrdə keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” üçüncü və dördüncü beynəlxalq rəsm festivallarında 21 ölkədən 100-dən artıq rəssam iştirak edib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun hamiliyə götürülmüş müvafiq ixtisaslarında gənc rəssamlar ilə mütəmadi olaraq iş aparılıb. Bununla yanaşı, muxtar respublikada fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və İncəsənət məktəblərində ardıcıl olaraq birlik üzvləri tərəfindən ustad dərsləri keçirilib. 2020-ci ildə birliyin üzvü, sənətşünas alim Nizami Alıyevin “Gəmiqaya qayaüstü rəsmləri” kitabı Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb. Son 5 il ərzində birlik üzvlərindən 6-sı Azərbaycan Rəssamlar İttifaqına, 9 rəssam isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzvlüyə qəbul olunub. Həmçinin muxtar respublika rəssamları bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsabiqələrdə də iştirak edib, birliyin nəzdində Gənc rəssamlar bölməsi yaradılıb. Ülviyyə Həmzəyeva fəaliyyətləri üçün yaradılan şəraitə görə muxtar respublika rəssamları adından Ali Məclis Sədrinə minnətdarlıq edib.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.

İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov çıxış edərək, Həmzəyeva Ülviyyə Tapdıq qızının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.

Təklif səsə qoyularaq qəbul olunub və Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçilib.

Ülviyyə Həmzəyeva minnətdarlıq edərək, göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək deyib ki, muxtar respublikada rəssamlıq sənətinin inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin qayğı və himayəsi sayəsində yaradıcılıq təşkilatlarının fəaliyyəti üçün zəruri tədbirlər görülüb, onların maddi-texniki bazaları gücləndirilib. 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının yaradılması, 2000-ci ildə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin formalaşması ilə zəngin keçmişə malik Naxçıvan rəssamlıq məktəbinin inkişafında yeni mərhələnin əsası qoyulub.

Ümummilli Liderin siyasi xəttinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunub, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi, Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb. Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110 illik yubileyləri muxtar respublikada geniş qeyd edilib. Bundan əlavə, Ali Məclisin Sədri Rəssamlar Birliyinin 40 və 50 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Həmçinin muxtar respublikada “Naxçıvan-bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivalları keçirilib, ali təhsil müəssisələrində təsviri incəsənət müəllimliyi və rəngkarlıq ixtisasları açılıb.

Ülvi Hüseynli bildirib ki, Rəssamlar Birliyi bundan sonra da fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələrinin icrası istiqamətində qurmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: