...Nizami Gəncəvi ədəbi irsi
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi xarakterizə edən xüsusiyyətlər sırasında mükəmməl dövlətçilik idealı və səriştəsi, böyük siyasi uzaqgörənlik, xalqa və vətənə dərindən bağlılıq, heyrətamiz dərəcədə yaddaş, geniş tarixi dünyagörüşü, möhkəm iradə və qətiyyət, tarixi əhəmiyyətə malik qərarlar qəbul etmək və həmin qərarların yüksək səviyyədə icrasını təmin etmək kimi dünya liderlərinə xas olan keyfiyyətlərlə yanaşı, həm də bu mütəfəkkir dövlət xadiminin ədəbiyyat və incəsənətə dərindən bələd olması, həmin faktordan yerli-yerində bacarıqla istifadə etməsi də xüsusi yer tutur.
Obrazlı şəkildə belə demək olar ki, dünya liderləri arasında Heydər Əliyev qədər ədəbiyyat və incəsənətə dərindən bələd olan, bu amildən dövlət idarəçiliyində və siyasi-ideoloji proseslərdə yaradıcı şəkildə istifadə etməyi bacaran digər dövlət xadimi göstərmək çətindir. Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimidir. Ulu Öndərin siyasi dünyagörüşünün formalaşmasında da ədəbiyyat faktoru mühüm yer tutmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin aşağıdakı fikirləri onun taleyində və dünyagörüşündə ədəbiyyat amilinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini əyani surətdə nümayiş etdirir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur”.
Ulu Öndər Heydər Əliyev geniş mənada dünya ədəbiyyatı və mədəniyyətinə dərindən bələd olmuş, dünya ədəbiyyatı klassikləri haqqında orijinal mühakimələr yürütmüş, onlara obyektiv elmi-siyasi qiymət verməyi bacarmışdır. Məruzələrindən və çıxışlarından öyrənirik ki, o, dünyanın demək olar ki, əksər xalqlarının ədəbiyyatından tanınmış ədəbiyyat xadimlərinin irsi ilə yaxından tanış olmuşdur.
Müxtəlif vaxtlarda dünya ədəbiyyatı klassiklərindən Dante, Şekspir, Puşkin, Balzak, Lev Tolstoy, Dostoyevski, Maksim Qorki və başqa bədii dühaların əsərlərindən məqamına görə gətirdiyi sitatlar Heydər Əliyevin ədəbiyyatı nə qədər yaxşı mütaliə etdiyini və ondan hansı səviyyədə yerli-yerində istifadə etmək bacarığını nümayiş etdirir. Azərbaycanda 1975-ci ilin oktyabr ayında keçirilmiş sovet ədəbiyyatı günlərindəki tarixi nitqində ayrı-ayrı müttəfiq respublikaların ədəbiyyatlarının ən tanınmış ədəbi şəxsiyyətlərinin adlarını çəkməsi də Ulu Öndərin ədəbiyyata dərindən bələd olmasının ən bariz təzahürüdür: “Taras Şevçenkonun və Şota Rustavelinin, Nizaminin və Yanka Kupalanın, Əlişir Nəvainin, Rudəkinin və Abayın, Məhdimqulunun və Yanis Raynisin, Dmitri Kantemirin və Toktoqul Satılqanovun, Kristofonas Donklaytusin və Eduard Viddesnin, …Süleyman Stalskinin, Dmitri Qulianın və başqa sənətkarların təravətini itirməyən əsərləri dünyanın və həqiqətin... dərk dühasına xidmət edirdi”.
Heydər Əliyev Azərbaycan ədəbiyyatına həyat, müdriklik və mübarizə məktəbi kimi baxmış, ədəbiyyat və incəsənət əsərlərimizdə xalq həyatının bütün dərinliklərinə və genişliyinə qədər əks olunmasına xüsusi diqqət yetirməyi zəruri saymışdır. Dahi şəxsiyyət bu fikirdə idi: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Nəriman Nərimanov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqalarının xidmətlərini yüksək qiymətləndirmiş, onların ölkəmizdə və dünyada tanıdılması sahəsində dövlət səviyyəsində böyük tədbirlər həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasətində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiq və təbliğ olunması, dünya miqyasında tanıdılması məsələləri geniş yer tutmuşdur. Əvvəla, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Nizami Gəncəvinin adının, ədəbi irsinin, ideallarının tədqiqi və təbliği işini diqqət mərkəzində saxlamışdır. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə və Siyasi Büronun üzvü kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Nizami Gəncəvinin həyatı və yaradıcılığının dəyərləndirilməsi və təbliğ olunması məsələləri ilə ardıcıl şəkildə məşğul olmuşdur.
Belə ki, Azərbaycan Respublikasına birinci rəhbərliyi dövründə - 6 yanvar 1979-cu il tarixdə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” dövlət səviyyəsində xüsusi bir qərarı imzalaması dahi sənətkarın zəngin yaradıcılığının ölkədə və dünyada tanıdılmasında və irsinin sistemli şəkildə tədqiq edilməsində mühüm rol oynamışdır. 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin geniş miqyasda və yüksək səviyyədə təntənə ilə qeyd olunması keçmiş Sovet İttifaqına görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi üçün müəyyən edilmiş qaydaların sədlərini aşmış, ədəbiyyatın inkişafında Nizami Gəncəvi kimi böyük xidmətləri olmuş dahi sənətkarlara fərqli yanaşma ənənəsinin əsasını qoymuşdur. Belə ki, Nizami Gəncəviyə qədər SSRİ miqyasında böyük sənətkarların yalnız yuvarlaq rəqəmlərlə ifadə olunan yubileylərinin keçirilməsi ənənəsi mövcud idi. Sovet İttifaqında görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq olmayan rəqəmlərlə ifadə olunan birinci və axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovet İttifaqı miqyasında və onun hüdudlarından kənarda da görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyev özünün xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə edərək Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə nail ola bilmişdir. Sonralar məlum olmuşdur ki, Heydər Əliyev sovet dövlətinin yubiley keçirmək ənənəsini qıran bu addımın qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin yaratdıqları baryerləri də ağıllı yanaşmalar ilə aşıb keçmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 ildən sonra, 1993-cü ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini aşağıdakı kimi ictimaiyyətin diqqətinə çatdırmışdır: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Görkəmli dövlət xadimi Heydər Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubileyinin Azərbaycan miqyasında böyük təntənə ilə qeyd olunmasını təmin etməklə bərabər, Sovet İttifaqının paytaxtı Moskvada, ikinci mərkəzi sayılan Peterburqda, hətta Yuqoslaviyada da keçirilməsinə nail olmuşdur. Beləliklə, ilk və son dəfə SSRİ-nin sabit yubiley keçirmək ənənəsi dağıdılmış, Nizami Gəncəvi ilə bağlı Azərbaycanda, Sovet İttifaqında və Avropa ölkələrində növbədənkənar şəkildə əhəmiyyətli addımlar atılmışdır. Qeyd etmək lazımdır ki, Heydər Əliyev sovet rəhbərliyində də yuvarlaq, ənənəvi olmayan qeyri-adi dövlətçilik istedadına malik nadir dövlət xadimi idi. Bu, dahi siyasi şəxsiyyətin həyat və mübarizə yollarında bu cür hamar standart olmayan tarixlər, məsuliyyətli sınaqlar az olmamışdır. Heydər Əliyev böyük addımlarla irəliləyən Azərbaycanın timsalında dövlətin və cəmiyyətin yuvarlaq olmayan, özünəməxsus qeyri-standart üsullar və vasitələrlə irəli aparılmasının mümkünlüyünü isbat etmiş qüdrətli dövlət xadimidir.
Ulu Öndər Heydər Əliyev dövlətçilik fəaliyyətinin Siyasi Büro - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini mərhələsində də Sovet İttifaqının taleyüklü problemləri ilə məşğul olmasına baxmayaraq, önəm verdiyi çoxcəhətli Azərbaycan məsələləri içərisində Nizami Gəncəvi mövzusu da xüsusi yer almışdır. O, SSRİ-nin əsas rəhbərlərindən biri kimi artıq daha aydın surətdə görmək imkanına malik idi ki, ayrı-ayrı görkəmli şair və yazıçılar, o cümlədən də Nizami Gəncəvi nə üçün keçmiş Sovet ittifaqında və onun təsir dairəsində olan digər dünya ölkəsində layiq olduqları yeri tuta bilmirlər. Ona bəlli olmuşdu ki, Nizami Gəncəvi “Xəmsə”sinin rus dilində mükəmməl tərcümələrinin və nəşrlərinin olmaması, xüsusən, dahi şairin ölməz əsərlərinin nəfis Moskva nəşrləri vasitəsilə Rusiyada və rusdilli beynəlxalq məkanda Çində, Şərqi Avropa ölkələrində yayılmaması onun dünya miqyasında layiq olduğu yeri tutmasına və haqq etdiyi şöhrəti qazanmasına mane olur. Ona görə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinin Moskvada yüksək poliqrafik səviyyədə kitab halında nəşri məsələsi ilə xüsusi məşğul olması bu böyük dühanın böyük Azərbaycan sevdasının və Nizami Gəncəvi irsinin dünya ədəbiyyatı miqyasına çıxarmaq arzusunun ifadəsi idi. Çox sonralar Ulu Öndər Kremldən istefa verərək Azərbaycana qayıtdıqdan sonra Moskvada yaşayıb-çalışdığı dövrdə dahi şairin əsərlərinin rus dilində nəşr olunması ilə əlaqədar baş vermiş hadisələri aşağıdakı kimi yada salmışdır: “Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi səviyyədə çap olunmamışdır. Nizami Gəncəvinin əsərlərinin Moskvada, rus dilində çap olunması barəsində qərar qəbul edilmişdi. Lakin sonra öyrəndik ki, “Xudojestvennaya literatura” nəşriyyatında bu əsərlər çap olunmamışdır. Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq xalqımıza xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim... Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin hamısı orada nümayiş etdirilir”.
Oxuculara məlumat üçün bildirmək istəyirik ki, görkəmli dövlət xadimi Heydər Əliyevin haqqında bəhs etdiyi Nizami Gəncəvinin əsərlərinin 5 cildlik nəşri böyük Azərbaycan şairinin Rusiyada çap olunmuş birinci çoxcildlik kitabı idi. Müxtəlif vaxtlarda lirikası və poemaları ayrı-ayrılıqda və fərqli nəşriyyatlarda kitab halında çap olunsa da, Nizami Gəncəvinin əsərlərinin tam külliyyatı çoxcildlik nəşr səviyyəsində ilk dəfə Ulu Öndərin haqqında söz açdığı 1985-1986-cı illərdə Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında hər biri ayrı kitab kimi çap edilmiş kitablar dəsti olmuşdur. Aydınlıq üçün deyək ki, Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində, 1946-cı ildə şairin əsərləri “Beş poema” adı ilə akademik Y.Bertels və V.Qoltsevanın tərtibi, P.Antokolski, V.Derjavin, Y.Keyxaruzun tərcüməsində Moskvada dövlət nəşriyyatında müəyyən ixtisarla 642 səhifəlik kitab halında çap olunmuşdur. Heydər Əliyevin nəzarəti ilə 1985-1986-cı illlərdə çap olunan nəşrdə isə redaksiya heyətində Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov və Rüstəm Əliyevin olduğu 5 kitabdan ibarət olan unikal kitablardan ibarətdir. Çap edildiyi vaxtdan 30 il keçməsinə baxmayaraq, indi də həmin çoxcildlik nəşr Nizami Gəncəvinin rus dilində çap olunmuş ən yaxşı külliyyatı olaraq qalır. Doğrudur, Heydər Əliyev Nizami Gəncəvinin əsərlərinin rus dilində daha mükəmməl tərcümələrinin olmasını arzu etmişdir ki, bu vacib işin və eyni zamanda böyük sənətkarın əsərlərinin ingilis dilində də tam külliyyatının hazırlanıb çap edilməsi indiki nəsillərin borcu və vəzifəsidir. Nizami Gəncəvinin dünya ədəbiyyatında yerini və mövqeyini daha da möhkəmlətmək üçün onun ölməz əsərləninin ən azı ingilis və rus dillərində mükəmməl tərcümələrinin yüksək poliqrafik səviyyədə nəşr edilməsinə nail olunmasına ehtiyac vardır.
Ulu Öndər Heydər Əliyev tərəfindən XX əsrin səksəninci illərində Moskvada rus dilində nəşr etdirdiyi “Xəmsə” indi də böyük Azərbaycan şairi Nizami Gəncəvini dünyaya təqdim edən ən mühüm nəşr olaraq qalmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin məruzələri, nitqləri və çıxışlarında Nizami Gəncəvinin zəngin işindən yaradıcılıqla istifadə etməyin əsl nümunəsini göstərmişdir. Ulu Öndərin hələ 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində dövlət rəhbəri kimi ana dilində etdiyi ilk rəsmi məruzəsində xalqımızın böyük elm və ədəbiyyat xadimləri sırasında “mütəfəkkir şair Nizami Gəncəvinin” də adını xüsusi olaraq çəkməsi müasir tarixi şəraitdə də bu böyük söz və fikir korifeyinin nümunəsində yeni nəsillərin hazırlanıb yetişdirilməsini diqqət mərkəzinə çəkməsi demək idi. Bundan başqa, Heydər Əliyev 16 avqust 1972-ci il tarixində Moskvada nəşr olunan “Literaturnaya qazeta” da çap etdirdiyi SSRİ-də və dünya ölkələrində böyük əks-səda doğurmuş “Qoy ədalət zəfər çalsın!” adlı müsahibəsində də Nizami Gəncəvi irsindən bir neçə istiqamətdə yaradıcı şəkildə istifadə etmişdir. İlk növbədə Ulu Öndər XX əsrin yetmişinci illərində sovet cəmiyyətində ədalət məsələlərindən inamla danışmağının mahiyyətində məhz Azərbaycan xalqının bu sahədəki çoxəsrlik köklü ənənələrinə, o cümlədən Nizami Gəncəvinin ədalət konsepsiyasına istinad etdiyini nəzərə çarpdırmışdır. İkincisi, Ulu Öndər ədalət məsələsinə münasibətdə məntiqi mənada sovet yazıçılarının Nizami Gəncəvi irsindən yenidən və yaradıcı şəkildə istifadə etmələrini əhəmiyyətli saymışdır. Üçüncüsü və ən əsası isə Heydər Əliyev sovet ideologiyasını faktiki olaraq ciddi şəkildə təftiş edən məşhur “Qoy ədalət zəfər çalsın!” müsahibəsini Nizami Gəncəvinin əsərlərindən gətirdiyi seçilmiş ibrətamiz şeir parçaları ilə tamamlamaqla hazırkı şəraitdə də sovet dövlətinin əsas ideoloqlarının bu zəngin irsdən öyrənib nəticə çıxarması zərurətinə diqqəti yönəltmişdir. Həqiqətin “Qoy ədalət zəfər çalsın!” müsahibəsində ictimai ədalət məsələlərini siyasi-ideoloji proseslərlə əlaqəli şəkildə təqdim etməklə Heydər Əliyev bu sahədə dövləti daha da irəli aparmaq üçün müdrik qərarlar qəbul etməsi baxımından Nizami Gəncəvi irsindən öyrənməyin faydalı və əhəmiyyətli olduğunu nəzərə çarpdırmışdır. Bu cəhətdən Heydər Əliyevin öz müsahibəsində Nizami Gəncəvidən nümunə gətirdiyi bədii parçalar ictimai quruluşun xarakterindən asılı olmayaraq bütün dövrlər və zamanlar üçün əhəmiyyətli və aktual ola biləcək aşağıdakı hikmətli misralardan ibarət idi:
Təmkinli ol, lovğalığı, sərvəti
At, yanıb tonqalda qoy külə dönsün!
Əgər istəyirsən ürəyin gülə,
Qoyma pis niyyətlər fikrinə gələ!
Nalayiq əməllər görsən harada,
Odlu nəfəsinlə yandır, məhv elə.
Görkəmli dövlət xadimi Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı olan təşəbbüsü ilə 6 yanvar 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, tədqiqini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” dövlət səviyyəsində qəbul edilmiş mühüm tarixi əhəmiyyətə malik olan qərar qüdrətli söz ustadına dünya elm, ədəbiyyat və ictimai fikrini əsaslı dəyişməsində xüsusi rol oynamışdır. Hesab edirik ki, bu qərar Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi və təbliğ olunmasına, əsərlərinin tərcümə və nəşr edilməsinə dair böyük dövlət proqramıdır. Bu, tarixi qərarı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Heydər Əliyev proqramı da adlandırmaq olar.
Nizami Gəncəvinin 1947-ci ildə keçirilmiş 800 illik yubileyindən keçən 32 il ərzində böyük mütəfəkkir sənətkarın həyatı və yaradıcılığının tədqiq edilib öyrənilməsi, əsərlərinin tərcümə və nəşr edilməsi sahəsində böyük boşluq yaranmışdır. Azərbaycan elmi və ictimai fikrində yaranmış həmin boşluqdan istifadə edən digər ölkələrdə Nizami Gəncəviyə sahib çıxmaq, onun doğum yeri və nəsil şəcərəsinin yanlış istiqamətlərdə yozulmasında təbliğat işi genişləndirilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarı, ilk növbədə, böyük sənətkarın Azərbaycan xalqına məxsus olmasının dövlət səviyyəsində bəyan edilməsi ilə Nizamiyə sahib çıxmaq arzusunda olanlara əsaslı bir cavab idi. İkincisi, Nizami Gəncəvi deklorasiyası şairin əsərlərinin fars dilindən yenidən, orijinala daha uyğun şəkildə sətri tərcümələrinin edilməsini qarşıya məsul bir vəzifə kimi qoymuşdur. Bu vacib məsələnin uğurlu şəkildə yerinə yetirilməsi üçün ölkəmizin ən tanınmış şərqşünasları: Mübariz Əlizadə, Rüstəm Əliyev, Həmid Məmmədzadə, Xəlil Yusifov, Zümrüd Quluzadə, Vaqif Aslanov və Qəzənfər Əliyevin orijinaldan Azərbaycan dilinə etdikləri sətri tərcümələr həm Nizami Gəncəvi haqqında daha dəqiq və əsaslı araşdırmalar aparmaq istəyən tədqiqatçılar, həm də şairin əsərlərinin yenidən bədii tərcümələrinin hazırlaması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Məlum dövlət qərarının işığında Nizami “Xəmsə”sinə daxil olan poemaların sətri tərcümələri kitab halında çap olunmuşdur. Həmin sətri tərcümələr əsasında Xalq şairi Xəlil Rza Ulutürk tərəfindən Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “İsgəndərnamə” poemalarının yeni poetik tərcümələri meydana qoyulmuşdur.
Nizami Gəncəvinin ədəbi irsinin tədqiqi sahəsində də yeni mərhələ bu dövrdən etibarən formalaşmağa başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1981-ci ildə “Nizamişünaslıq” şöbəsinin yaradılması böyük sənətkarın həyatı və yaradıcılığının daha sistemli şəkildə öyrənilməsinə geniş meydan açmışdır. Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Əliyevin rəhbərlik etdiyi “Nizamişünaslıq” şöbəsi ölkə miqyasında Nizami tədqiqatlarının və tərcüməçilərinin əsas mərkəzinə çevrilmişdir. Nəticədə XX əsrin səksəninci illərində Azərbaycan Nizamişünaslığı özünün əsl inkişaf dövrünü yaşamışdır. Ölkəmizin tanınmış elm adamlarından Məmməd Cəfər Cəfərovun “Nizaminin fikir dünyası” (1982), Xəlil Yusifovun “Şərqdə intibah və Nizami Gəncəvi” (1982), Rüstəm Əliyevin “Nizami (Azərbaycan, rus və ingilis dillərində biblioqrafik məlumat (1983) və “Ölməz məhəbbət dastanı” (1984), Xəlil Hüseynovun “Nizaminin “Sirlər xəzinəsi” (1983), Çingiz Sasaninin “Nizaminin “Leyli və Məcnun” poeması (1985), Mehdi Kazımovun “Nizaminin “Yeddi gözəl” poeması və XIV-XV əsrlər farsdilli ədəbiyyatında nəzirə ənənəsi” (1987), Cahangir Qəhrəmanov və Kamil Allahyarovun “Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” (1987) kitabları, habelə dövrün yeni nəsil nizamişünasları Azadə Rüstəmova və Nüşabə Araslının ciddi tədqiqatları Nizamişünaslıq elminin bu mərhələsinin qiymətli elmi töhfələridir. Göründüyü kimi, Heydər Əliyevin Nizami Gəncəvi haqqındakı qərarından sonra qısa bir müddətdə Azərbaycanı da nizamişünaslıq elmi hərəkat şəklini almışdır.
XX əsrin yetmiş-səksəninci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində, müdrik siyasətinin işığında Nizami Gəncəvinin adının əbədiləşdirilməsi istiqamətində də böyük işlər görülmüşdür. O zamanlar bolşeviklər tərəfindən Kirovabad adlandırılan şəhərdə Yeni Gəncə adlı mikrorayonun salınması bu şəhərin qədim adının unutdurulmaması və yenidən qaytarılması ideyasının gündəmə gətirilməsi baxımından zamanına görə kifayət qədər cəsarətli və uzaqgörən addım idi. Bakı metrosunun dayanacaqlarından birinə Nizami Gəncəvinin adının verilməsi və Xalq rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Nizami ornamentləri ilə bəzədilməsi dahi şairin doğma xalqı ilə qaynayıb-qarışmasını təmin etmək üçün düşünülmüş mühüm hadisədir. Nəhayət, 1982-ci ildə “Nizami” filminin çəkilməsi (musiqisi Qara Qarayev, ssenari müəllifləri İsa Hüseynov və Eldar Quliyev, rejissoru Eldar Quliyev) və dünyada məşhur olan böyük müğənni Müslüm Maqomayevin baş rolda oynaması da Heydər Əliyev epoxasının Nizami proqramının möhürlərindən biridir. Beləliklə, Nizami Gəncəvinin həyatı və yaradıcılığının öyrənilməsi, əsərlərinin tərcümə və nəşr olunması, ideallarının təbliği baxımından Ulu Öndər Heydər Əliyev böyük bir dövlət proqramını hazırlayıb həyata keçirmişdir. Nizami Gəncəvini Sovet İttifaqı miqyasında tanıtmaq və Azərbaycanda əsaslı şəkildə öyrədib təbliğ etmək, şairin adını əbədiləşdirmək kimi mühüm vəzifələrin uğurla həyata keçirilməsi Heydər Əliyev dövrünü Nizamişünaslığın xüsusi mərhələsi səviyyəsinə qaldırmışdır.
XXI əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatının və ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində yeni vəzifələr meydana çıxmışdır. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi tanıdılması, həyat və sənət yolunun müstəqillik işığında yenidən və əsaslı şəkildə tədqiq və təbliğ olunması sahəsində genişmiqyaslı tədbirlər ardıcıl olaraq həyata keçirilməkdədir. Nizami Gəncəvinin tədqiqi və təbliğinin Heydər Əliyev epoxasındakı Sovet İttifaqı masştabı yeni dövrün reallıqlarına uyğun olaraq İlham Əliyev erasının beynəlxalq miqyası səviyyəsinə qaldırmışdır. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Nizami Gəncəvi ilə əlaqədar yeni bir era formalaşmışdır. Nizami Gəncəvinin adı və ədəbi irsi ilə bağlı son on illiklərdə həyata keçirilmiş bir çox tədbirlər Azərbaycanı müstəqillik tarixinin əlamətdar hadisələrinə çevrilmişdir.
Azərbaycanda böyük şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 870 illiyinin dövlət səviyyəsində qeyd edilməsi sənətkara bəslənilən ümumxalq məhəbbətinin əsl təntənəsi olmuşdur. Nizami Gəncəvini dünyada Azərbaycan şairi və mütəfəkkiri kimi tanıtmaq məqsədilə xarici ölkələrdə dahi sənətkarın heykəllərinin ucaldılması sözün əsl mənasında böyük ədəbi-tarixi hadisədir. Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, Çin Xalq Respublikasının paytaxtı Pekində, İtaliyanın başkəndi Romada Nizami Gəncəviyə qoyulmuş heykəllər onu və mənsub olduğu xalqı dünyaya təqdim edən əhəmiyyətli memarlıq abidələridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Nizami Gəncəvi medalının təsis edilməsi və həmin medalın azərbaycanşünaslıq sahəsində mühüm araşdırmalar aparan, ölkəmizlə əlaqələrin möhkəmləndirilməsinə xidmət edən tanınmış şəxslərə verilməsi dahi şairi dünyada tanıtmaq üçün dövlət əhəmiyyətli addımdır.
Mühüm ictimai-siyasi və elmi-mədəni tədbirlərin həyata keçməsinə meydan açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə dünyanın tanınmış dövlət xadimləri və elm adamları ilə birlikdə böyük sənətkarın adını, irsini tanıtmaq və ideallarını qlobal miqyasda təbliğ etmək üçün təsis edilmiş ideal platformadır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin alimləri ilə yanaşı, tanınmış dünya şərqşünaslarının da araşdırma və təbliğat proseslərinə cəlb edilməsinə şərait yaradır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin otuz ildən sonra yenidən bərpa edilməsi, AMEA-nın Gəncə Bölməsinin tərkibində Nizami Gəncəvi Elmi Mərkəzinin yaradılması və fəaliyyətlərinin təşkili Nizamişünaslıq tədqiqatlarının ölkəmizin dövlətçilik maraqları, habelə azərbaycançılıq ideyaları ilə üzvü surətdə əlaqədə tədqiq edilməsinə xidmət göstərir. Bütün bunlar sözün əsl mənasında Nizami Gəncəvi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı və fəaliyyəti ilə bağlı olan yeni mərhələnin tarixə çevrilmiş silinməz səhifələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi və istiqamət verdiyi Nizami Gəncəvi Dövlət Proqramının müstəqillik dərsləri və əsərləridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqındakı 5 yanvar 2021-ci il tarixli sərəncamı ölkəmizdə və dünyada Nizami Gəncəvinin tərcümeyi-halının və zəngin ədəbi irsinin tədqiqi və təbliği işini daha yüksək səviyyəyə qaldırmaq üçün geniş perspektivlər açır. Prezident İlham Əliyevin imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan dövlət sərəncamında irəli sürüldüyü kimi, “bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifələr açmış, ...xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş... ...qüdrətli söz və fikir ustadının daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi” tədqiq və təbliğ edilməsi aid olduğu dövlət qurumlarının, elm, təhsil, ədəbiyyat və mədəniyyət adamlarının qarşısına daha mühüm vəzifələr qoyur. Prezident sərəncamının imzalandığı vaxtdan keçən müddət ərzində müxtəlif dövlət qurumlarının həyata keçirdikləri tədbirlər Nizami Gəncəvini xalqımıza və dünyaya yenidən tanıtmağa xidmət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2 cildlik “Nizami Gəncəvi ensiklopediyası”nın, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi şairin ölməz “Xəmsə”sinin akademik nəşrinin hazırlanması istiqamətində başlanmış işlər “Nizami Gəncəvi ili” miqyasında gerçəkləşdiriləcək əhəmiyyətli elmi tədbirlərdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun birgə hazırladıqları “Qafqaz Renessansı: Nizami Gəncəvi və Şota Rustaveli” elmi layihəsi Nizamişünaslığı müasir dövrün çağırışları ilə zənginləşdirən sanballı tədqiqat işidir.
Nizami Gəncəvinin nəsil şəcərəsi, Nizami Gəncəvi yaradıcılığında türkçülük və azərbaycançılıq, Nizami Gəncəvi və Azərbaycan Renessansı və sair kimi problemlər “Nizami Gəncəvi ili”nin elmi dövriyyəyə daxil etdiyi yeni mövzulardır. Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimləri Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsini layiqli şəkildə təmin etmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
"Azərbaycan" qəzeti