Naxçıvanda 1941-1945-ci illər müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 29 aprel 2021-ci il tarixində Sərəncam imzalayıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvanda Fondun yerli qurumları tərəfindən birdəfəlik maddi yardımın şamil olunduğu şəxslərə çatdırılması məqsədilə 345 min 750 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.
Qeyd edək ki, muxtar respublikada birdəfəlik maddi yardımın verilməsi bu qəbildən olan 450 nəfərə şamil olunub. Onlardan 11 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1500 manat, 439 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.