Əziz Şuşa, azad Şuşa!

A- A A+

8 may 1992-ci il Şuşanın taleyinə qara hərflərlə həkk olunan işğal tarixi... Düz 28 il Şuşa həsrəti, Şuşa nisgili ilə yaşadı bu xalq, bu millət. Hər ilin bu gününü ürək ağrısı ilə yada saldı.

28 il isə Şuşa əsarətdə, kəsarətdə qaldı. Mənfur düşmən bu illər ərzində nə məkrlər düşünüb, nə planlar qurmayıb ki?... Daşı daş üstə qoymayıb, meşələrimizi qırıb, çaylarımızı qurudub, sərvətlərimizi talayıb, maddi-mənəvi abidələrimizə sahib çıxmağa çalışıb, yurd yerlərimizi viran qoyublar, o torpaqlarda bu xalqdan bir nişanə qalmasın deyə hər cür vəhşiliyə əl atıblar. Əzəli torpaqlarımızda əbədi qalmaq arzusunda olublar. Elə biliblər ki, Şuşanı, Laçını, Kəlbəcəri bu xalqın qəlbindən də söküb ata biləcəklər. Hesaba qatmayıblar, bu yurdun qeyrətli oğulları torpağını qol gücünə də almağa qadirdir.

Tarix boyu başında çox tufanlar qopub bu şəhərin, çox yellər əsib. 1905, 1920, 1992-ci illərdə üç dəfə yandırılıb Şuşa. Ancaq əyilməzliyini, varlığını hər zaman qoruyub. 1992-ci il 8 may işğalı zamanı mənfur ermənilər tərəfindən 195 sakini amansızlıqla öldürülüb,  yaralanan 165 nəfərin 150-i əlil olub, 552 uşaq valideynini itirib, 20 mindən artıq əhalisi məcburi köçkün olub, taleyi hələ də məlum olmayan 58 nəfəri əsir və girov düşüb.  O vaxtdan  bu günədək mənfur düşmən hər il mayın 9-u Şuşanın işğalını Cıdır düzündə “Qələbə bayramı”   kimi qeyd edib.  Lakin  haqq-ədalət  gec də olsa öz yerini tapdı.   Artıq noyabrın 8-i Şuşanın işğaldan azad edildiyi gün tariximizə, təqvimimizə “Zəfər günü” kimi yazıldı və bayramların ən gözəli oldu bütün türk dünyası üçün. Şuşanın işğalının 29-cu ili qayıdış ili oldu. Minlərlə oğulun qanı ilə, əlbəyaxa döyüşlərlə almışıq cənnətimizi- Şuşamızı. Bu şəhər bizim üçün o qədər əziz, o qədər qiymətlidir ki... Axı Şuşa təkcə Qarabağın döyünən ürəyi olmayıb. Hər bir azərbaycanlının  döyünən ürəyi olub... Bunu 2020-ci il 8 noyabr tarixində yaşadığımız Şuşa qələbəsinin sevinci ilə bir daha anladıq.  Bildik  ki, Şuşa doğrudan  da Azərbaycanın alınmaz qalası imiş.  Ali Baş Komandan İlham Əliyevin həmin gün  Bakının Şəhidlər xiyabanında, özü də də hərbi geyimdə xalqa müraciət edərək  Şuşanın azad edilməsi xəbərini bəyan etməsi, o an yaşadığımız hisslər, axıtdığımız sevinc göz yaşları tarix boyu yaddaşlardan silinməyəcək. Böyük qürurla bu xəbəri xalqına çatdırması  ölkə başçısının da həyatının ən xoşbəxt günlərindən biri oldu.  Əlində əsa olan qoca da, körpə uşaq da 28 illik həsrət, qubar sona çatdı deyib küçələrə axışırdı.

Şuşa zəfəri böyük qələbəmizə yol açdı. Azərbaycan əsgəri, zabiti Şuşa qalasında ulu babalarından qalan qəhrəmanlığı, hünəri göstərdi, düşmənə yerini, həddini, sərhədini bildirdi. Əmim oğlu da Şuşa uğrunda gedən döyüşlərdə vuruşdu. Mənə Şuşadan qələbə müjdəsini verdi. Qayıdanda Şuşadan bir ovuc torpaq da gətirdi. O torpaqdan xarıbülbülün, Qarabağın ətrini duydum. Bizi qoynunda bəsləyən torpağın, vətənin qədrini-qiymətini bir daha dərk etdim.

İndi Azərbaycan bayrağı Şuşada dalğalanır. Orada Azərbaycan əsgəri var. Doğma sakinlərinə qovuşan Şuşa azad günlərini yaşayır. İşıqları gur yanan Gövhər ağa məscidindən azan səsi ucalır.   

Ən böyük, ən qiymətli abidəmizdir bu inci şəhər. Şuşa Üzeyirdir, Natəvandır, Xan Şuşinskidir, Qasım bəy Zakirdir- Azərbaycanın mədəniyyət paytaxtıdır. 32 il sonra Şuşanın rəmzinə dönən “Xarıbülbül” festivalının keçiriləcəyi əziz şəhərdir. Bundan böyük xoşbəxtlik olarmı?! Biz yaşadıq bu xoşbəxtliyi. Bizə bu şanlı, xoşbəxt günləri yaşadan memar    cənab Prezident İlham Əliyev, qələbə sevincini daddıran isə müzəffər ordumuz, şəhidlərimiz, qazilərimiz oldu. İndi şəhidlərimizin ruhu şaddır. Azərbaycan ordusunun qanı ilə cığır açdığı yollardan “Zəfər yolu” çəkilir. Bu yol bütöv Azərbaycanı Şuşaya aparacaq.

Hər gün televiziya kanallarındakı xəbər süjetlərindən görürük ki, xalqın, bu yurdun mədəniyyət beşiyi, bu millətin göz bəbəyi olan, adını qürurla, fəxrlə dilə gətirdiyimiz Şuşanın cənnət yazı qayıdıb qoynuna, xarıbülbül günəşə sarı boylanıb. Natəvanın, Bülbülün, Üzeyirin heykəli doğma vətəninə qayıdıb. Daşaltı dərəsinin, Cıdır düzünün üzü gülür. Elə Azərbaycan xalqının da... Bu yaz Şuşamızı abadlaşdırırıq, yenidən cənnətə döndəririk. Tarix 8 may 2021-ci ildir. Daha vətəndə vətən həsrəti, yurd nisgili yoxdur. Hər bir azərbaycanlının dilindən bu sözlər səslənir: Şükür sənə, ilahi, Qarabağımızın, Şuşamızın azad günlərini də gördük.

Amma bu xalq, bu millət heç zaman mənfur düşmənlərimizin torpaqlarımızı işğal etdiyi tarixləri unutmayacaq. Gələcəyinə daha yaxşı sahib çıxmaq, vətənini göz bəbəyi kimi qorumaq üçün. Daha biz Şuşanın işğaldan azad olunacağı gün uzaqda deyil demirik.  Şuşa 28 il öncəki həyatına qayıdır.  Bu gün yenə  könlümüzdən Ali Baş Komandanımızın bu sözlərini hayqırmaq keçir:

Əziz Şuşa, sən azadsan.

Əziz Şuşa, biz qayıtmışıq,

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Azad günlərini yaşayan müqəddəs şəhərim, biz sənin qoynunda əbədi yaşayacağıq!

           Türkanə Əmoyeva

        “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: