Muxtar respublikada yuxarı sinif şagirdləri flüoqrafik müayinəyə cəlb edilir - FOTOLAR
Aprelin 10-dan yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək üçün muxtar respublika ərazisində 9-11-ci sinif şagirdlərinin profilaktik flüoqrafik müayinələrinə start verilib. Müayinələr Şərur rayonunda davam etdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və rayon mərkəzi xəstəxanaları tərəfindən xidmət ərazilərində müayinələrə cəlb olunacaq uşaqların siyahıları tərtib olunub. İlk müayinələr Naxçıvan şəhərinin təhsil müəssisələrini əhatə edib. Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən Naxçıvan şəhərindəki Qızlar Liseyində, 1 və 3 nömrəli tam orta məktəblərdə 9-11-ci sinif şagirdlərindən 172 uşaqda səyyari flüoroqrafiya müayinəsi aparılıb, xəstə aşkar olunmayıb.
Babək rayonunda isə 87 nəfər yuxarı sinif şagirdi profilaktik flüoqrafik müayinələrdən keçirilib. Burada da xəstə aşkar olunmayıb.
Şərur Rayon Uşaq Xəstəxanasının hazırladığı siyahı əsasında rayon mərkəzi xəstəxanasının rentgen- flüoqrafiyasında indiyədək 26 məktəbin şagirdləri yoxlanılıb. Növbəti dəfə rayondakı Xanlıqlar kənd tam orta məktəbinin şagirdləri müayinəyə cəlb olunublar. Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti kənddə 50 nəfər yuxarı sinif şagirdini flüoqrafiya müayinəsindən keçirib. Beləliklə, Şərur rayonunda profilaktik flüoqrafik müayinələrdən keçən şagirdlərin sayı 801 nəfərə çatıb. Bir nəfər xəstəliyə şübhəli bilindiyindən dispanserdə təkrar müayinəsi məsləhət görülüb. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılıb.
Müayinələr mayın sonunadək davam edəcək.
Adilə Səfərova