Zəhmət çəkməyən bal yeməz…

A- A A+

May ayında arı ailələri əsas gəlir dövrünə hazırlanır

Arıçılıq qədim zamanlardan Naxçıvan əhalisinin əsas gəlir mənbələrindən və şəfa qaynaqlarından biri kimi şöhrət tapıb. Müstəqillik illərində qədim diyarda arıçılığın inkişafına hesablanmış mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırıb, yeni arıçılıq təsərrüfatları yaradılıb. Hazırda Babək rayonunda  615 təsərrüfatda 14 min 927 arı ailəsi vardır.

Arı ailələrinin əsas gəlir dövrünə hazırlanması məhsuldarlıqda əsas şərtdir. Bu baxımdan may ayı arıçılar üçün ən məsuliyyətli dövr hesab edilir. Məhz may ayından başlayaraq arı ailələri bir yerdən başqa yerə köçürülür, qışdan çıxan arı yeşikləri təmizlənir, yuyulur və qurudulur. Arıçılıqla məşğul olan təsərrüfatçılar may ayını bəzən “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi də adlandırırlar. Bütün bunlar onu göstərir ki, may ayında arı ailələri əsas gəlir dövrünə hazırlanır.

Muxtar respublikanın bəzi bölgələrində iki əsas gəlir dövrü müşahidə edilsə də, əksər rayonlarda əsas gəlir dövrü bir dəfə müşahidə edilir. Arı ailələrinin əsas gəlir dövrünə hazırlanma mərhələsi yazın əvvəlindən balverən bitkilərin kütləvi çiçəkaçma vaxtınadək aparılmalıdır. Bu müddətin uzunluğu dörd həftədən altı həftəyədək, bəzi hallarda isə daha uzun çəkə bilər.

Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava qızana qədər güləm, hava qızdıqdan sonra isə şirə gətirir. Müşahidələr göstərir ki, bir çox çiçəklər günəş çıxandan sonra yumulur, bir də axşamçağı açılır. Lalə və başqa çiçəklər səhər üzü açılır, günəş çıxandan sonra ləçəklərini tökür. Görünür, arı da işini təbiətə uyğun planlayır. Çiçəklərdən toplanan şirə daşınanda arı yeni pətək toxumağa başlayır. Çünki dibdəki pətəklərdən anbar kimi istifadə edir. Topladığı ruzini bura doldurduğu üçün bala (qurd) qoymaqdan ötrü yeni pətəklərə ehtiyac olur. Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış “beçə” verməz. Ona görə də bəzən arıçılar deyir ki, “bu il beçə ili deyil”. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində yekə gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda bəzən deyirlər ki, “arı ana dəyişir”, yəni, ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə, az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda əvvəlki arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna da “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub pətəyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş pətəklərə girib məskən salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir.

Vaxtilə, arılar səbətdə saxlanılmadığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi pətəklərdə (yeşiklərdə) olduğu üçün nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir. Bəzi arıçılar isə beçənin çıxmasını, arı ailəsinin zəif düşməsini istəmədikdə beçə dəstəsini ağ parçanın üstünə çırpır, ana arıları seçib öldürürlər. Bu zaman beçədə olan arılar ayrılıb çıxdığı ailəyə qayıdır. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə çıxarmasını arzulayır.

May ayınının əvvəllərində bəzi dağ kəndlərindəki arıçılar arı ailələrini arana köçürürlər. Çünki burada təbiət daha tez oyanır və balverən bitkilər daha tez çiçək açır. May ayının sonu, iyun ayının əvvəllərində isə aran kəndlərindəki arıçılar arı ailələrini ucqar dağ kəndlərinə köçürürlər və belə hesab edirlər ki, köçəri arıçılıq məhsuldarlıqda əsas şərtdir. Bu dövrdə arılar, əsasən, Ordubad, Şahbuz və Culfa rayonlarındakı yaylaqlara köçürülür. Bəzən arıçılar iyul-avqust aylarında bal süzümünü də həmin zonalarda həyata keçirirlər. Qeyd etmək lazımdır ki, may ayında həm də arı yeşikləri dəyişdirilir. Belə ki, qış boyu arı ailələrinin ifrazatı yeşikləri çirkləndirir və bu vaxt arıxanaların yuyulub dəyişdirilməsi zərurəti yaranır. Yeşiklər yuyulan zaman əsasən, yuva – yəni, giriş hissəyə diqqət yetirmək və yaxşı təmizləmək lazımdır. Bunun üçün arıçılar xüsusi “arı bıçağı”ndan istifadə edirlər.

May ayında əsas gəlir dövrünə hazırlanan arı ailələri bu dövrdə xüsusi qulluq tələb edirlər. Belə ki, may ayında bəzi arı xəstəliklərinə qarşı tədbirlər aparılır, dərmanlar verilir. Bu məqamda dövlət tərəfindən pulsuz verilən dərman preparatları arıçıların işini xeyli asanlaşdırır. Əgər bu dövrdə xəstəliklərə qarşı profilaktik tədbirlər aparılmasa, məhsuldarlıq xeyli aşağı düşər, hətta arı ailələri baxımsızlıq ucbatından məhv olar.

Bir sözlə, may ayı arıçılıqda məsuliyyətli dövr hesab olunur və görüləcək işlərin çoxluğu ilə seçilir. Uzun illərdir arıçılıqla məşğul olan bir təsərrüfat sahibi kimi deyə bilərəm ki, may ayında hər gün arı ailərinin fəaliyyəti diqqətdə saxlanılmalıdır. Necə deyərlər, zəhmət çəkməyən bal yeməz. Bu dövrdə zəhmətini çəkək ki, mövsümdə bol məhsul götürə bilək.

   Natiq Məmmədov

 Cəhri qəsəbə sakini, arıçı

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: