Muxtar respublika ərazisində əhali tərəfindən daha çox sevilən və ən tez yetişən Naxçıvan göycəsi sortu qiymətli, həm də iqtisadi baxımdan daha çox səmərəli meyvələrdəndir. Bu meyvə sortu ancaq müxtəlif calaq üsulları ilə çoxaldılır. Naxçıvan göycəsi sortu vegetativ çoxaldılmada müxtəlif çəyirdəkli meyvə ağaclarına calaq edilməklə artırıldığına görə modifikasiya dəyişkənliyinə uğrayaraq calaqaltı ağacın fizioloji təsirinə məruz qaldığından toplanılan məhsullar müxtəlif əmtəə görünüşünə, dad və keyfiyyət göstəricilərinə malik olurlar.
Qeyd edək ki, ayrı-ayrı qiymətli meyvə sortlarının artırılmasında digər vegetativ çoxaldılma üsulları ilə yanaşı ağac üzərində yaşıl zoğların da kökləndirilməsindən istifadə oluna bilər. Meyvə ağaclarında yaşıl zoğların kökləndirilməsi həmin sortun öz kökü üzərində bitən yeni tinglərin alınmasına imkan verir. Meyvə ağaclarında yaşıl zoğların kökləndirilməsi üsulunu Naxçıvan göycəsi sortunun çoxaldılması üzərində izah edək.
Məlum olduğu kimi bir çox meyvə sortları, o cümlədən Naxçıvan göycəsi də müxtəlif calaq üsulları ilə çoxaldılır. Çoxaldılmada calaqaltı kimi badam, cır alça, ərik, almaxara və başqa tinglərdən istifadə olunur. Tədqiqatlarla sübut edilib ki, calaqaltı bitki calaqüstü sortun meyvələrinin fizioloji tərkibinə müəyyən qədər təsir edir. Ərik, cır alça, badam, almaxara tinglərinə Naxçıvan göycəsi sortu calaq edildikdə alınan məhsullardakı fizioloji fərqlənmələrin meydana çıxması bunu sübut edir. Məsələn, badam ağacına calaq edilən Naxçıvan göycəsi sortunun meyvələri almaxara ağacına vurulan calaqdan toplanılan meyvələrdən nisbətən iri və şirin olur. Deməli, calaqaltı ağacın torpaqdan qəbul etdiyi su və həll olmuş minerallar, müxtəlif kimyəvi maddələr calaqüstü sortun fizioloji quruluşuna təsirsiz ötüşmür. Bu baxımdan ayrı-ayrı qiynətli və nadir meyvə sortlarının yaşıl zoğlarının ağaclar üzərində kökləndirilməsi praktiki baxımdan çox əhəmiyyətlidir. Belə vegetativ çoxaldılma üsulu ilə meyvə sortlarını heç bir genetik və fizioloji dəyişkənliyə uğramadan çoxaltmaq mümkündür. Bu üsulla çoxaldılmış ayrı-ayrı meyvə sortları sonradan kök pöhrələri vasitəsilə də artırıla bilər.
Naxçıvan göycəsində yaşıl zoğların kökləndirilməsi işi may ayının axırı iyunun birinci yarısında aparılır. Calaq üzərində çoxaldılan Naxçıvan göycəsi sortunun əsas gövdəyə yaxın nahiyədə yerləşən yeni inkişaf edən yaşıl zoğun üzərində 0,5-1,0 sm enində qabığı halqa şəklində kəsilərək götürülür. Belə yaşıl zoğun üzərinə münasib diametrə malik olan eninə yarılmış və ağız hissəsi kəsilmiş plastik butulka yerləşdirilir və ehmalca içərisi nəm münbit torpaqla doldurulur. Butulkanın aşağı nahiyəsində suyun süzülməsi üçün deşik saxlanılır. Torpaqla doldurulmuş butulkaya ağız hisssədən su əlavə edilir. Belə sulama hər həftə davam etdirilir. Butulkaya doldurulmuş torpağın tez qurumaması üçün üzəri parça ilə örtülür. Payız dövrü kökləndirilmiş zoğ ağacdan kəsilərək götürülür və əkilir. Bu üsulla həm Naxçıvan göycəsindən, həm də hər bir meyvə-giləmeyvə sortundan kökləndirilmiş əkin materialı almaq mümkündür.
Varis Quliyev
Aqrar elmlər doktoru, dosent