Naxçıvandan Berlinədək …

Məmməd babanın xatirələri

A- A A+

Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. Bu qanlı qələbədə böyük payı olan ölkəmiz cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşından silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.

Bu müharibədə Şahbuz rayonundan səfərbərliyə alınan 930 nəfərdən 428 nəfəri ağır cəbhə bölgələrindən geri dönməyib.  Sağ qalan qəhrəmanlardan   biri bu gün də yaşayır. İkinci Dünya Müharibəsinin iştirakçısı  Şahbuz şəhər sakini Məmməd Həsənov  o illərin qanlı-qadalı günlərini  belə xatırlayır:

- “Müharibə baslanan an mən də xalqımızın qəhrəman oğulları kimi Vətənin müdafiəsinə qalxdım. Xalqımız bütün tərəqqipərvər bəşəriyyət üçün qorxulu təhlükəyə çevrilmiş alman faşizminə qarşı hədsiz nifrət və qəzəblərini ön cəbhədə əsgəri rəşadət və qəhrəmanlıqları, arxa cəbhədə isə fədakar əməklərini nümayiş etdirməklə bildirirdilər. Düşmən üzərində qələbənin əldə olunmasında xalqımızın həm canlı qüvvəsi, həm də maddi resursları müstəsna rol oynadı. Müharibə başlayar-başlamaz ölkəmiz ordu sıralarına 40 mindən çox oğlan və qız yola saldı. O illərdə elə bir ailə tapılmazdı ki, qəfil müharibə xəbəri onun qapısını döyməsin. Bir göz qırpımında 186 min nəfərdən çox könüllü xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. Mən Belarusiya, Ukrayna, Krım, Smolenski meşələrində, Qafqaz və Karpat dağlarının əlçatmaz yerlərində, Zabaykalye, Blaqoveşensk və Premorye rayonlarında, Uzaq Şərq, Daln və Port Artur şəhərlərində, cənubi Saxalin və Kuril adalarında qəhrəman döyüşçülərimizlə birlikdə faşizmə qarşı döyüş səngərlərində olmuşam. Bu döyüş yollarında dəfələrlə yaralansam da, əsgəri borcumu son günədək yerinə yetirmişəm. Döyüşdə göstərdiyim rəşadətə görə müxtəlif vaxtlarda orden və medallar almışam. O illərdə keçdiyim döyüş yolu, gördüyüm insanlar, yaşadığım sarsıdıcı günləri xatırlayıb yazsam, inanın, bəlkə də bir kitab olar. Ancaq qısaca da olsa, onu demək istəyirəm ki, müharibə illərində minlərlə azərbaycanlı vətənpərvər əlində silah gecə-gündüz rahatlıq bilmədən faşizmə qarşı ölüm-dirim müharibəsi apardı. Düşmənə sarsıdıcı zərbələr endirdi. Səngərdə təkcə kişilər deyil, eyni zamanda 18 mindən çox sovet qadını da döyüşürdü. Müharibənin odlu-alovlu, dəhşətli günlərindəki çətinliklərimizə baxmayaraq, səadət dolu, qələbə sevincli günlərin qapımızı döyəcəyinə ümidimizi heç vaxt üzmədik. Çoxdan gözlədiyimiz an – 1945-ci ilin mayın 9-da faşist Almaniyası üzərində tarixi qələbə hər kəsə sevinc gətirdi. Mən də o sevincli anlarda Berlində tarixi qələbəni qeyd edən əsgərlər sırasında idim. Gözlərimlə gördüklərimi ifadə etmək mümkün deyil. Ancaq onu deyə bilərəm ki, bu günə qədər həyatımda o cür sevinən insanlar görməmişəm. Mən qələbədən təxminən bir il sonra ordu sıralarından tərxis olundum. Üzərindən bir il ötsə də, insanların qələbə sevinci zərrə qədər də olsa, azalmamışdı. Çünki bu sevinci yaşamaq üçün insanlar beş illik əzab-əziyyətli, həsrətli bir ömür yaşamışdılar.” Məmməd baba fikirlərini, düşüncələrini, xatirələrini danışdıqca gözləri bir nöqtəyə dikilir, kövrələrək qırıq-qırıq səslə gah danışır, gah da nə isə düşünüb susur, danışdığı xatirələri gözləri önündə canlanır, ürəyi dolurdu. 

Bu 76 ildə  heç nəyi unutmayıb Məmməd baba. Hər şeyi olduğu kimi xatırlayır. Bir az söhbətinə ara verdikdən sonra  sevincli bir səslə deyir:

– Çox sevinirəm ki, torpaq uğrunda döyüşən oğullarımıza fəxri adlar verilir. İkinci Dünya Müharibəsindən xeyli zaman-76 il ötməsinə baxmayaraq, bu gün də onların ailələrinə dövlətimiz tərəfindən hər cür diqqət və qayğı göstərilir. Qədirbilən xalqım, millətim doğma Vətən üçün yaşayanları, Vətən üçün şirin canlarından keçənləri unutmur. Bu müharibə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha dünyaya sübut etdi.

Məmməd baba  da müharibə illərində və ondan sonrakı bərpa, quruculuq dövründə onlarla orden və medala layiq görülüb. İkinci Dünya müharibəsi iştirakçısı kimi hər zaman dövlətimiz tərəfindən lazımi qayğı ilə əhatə olunub.

Turanə Baxşəliyeva

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: