Yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin, tütün məmulatlarının satılması qadağandır

274

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqlara olan qayğını bütün qayğılardan üstün hesab  edərək qeyd edirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır”.
Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar uşaq hüquqlarının etibarlı qorunmasına zəmanət verir. Belə ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə dair bir sıra qanunvericilik aktları qəbul edilib və bu qanunvericilik aktlarında uşaqların zərərli vərdişlərdən və informasiyalardan qorunmasına dair bir sıra müddəalar nəzərdə tutulubdur. Həmin müddəalardan biri də etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatının ticarəti qaydasını tənzimləyir. Bəzən təcrübədə etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması hallarına rast gəlirik. Bu isə qanunvericiliyimizə görə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara (18 yaşınadək olan şəxslər) satılmasına görə inzibati məsuliyyət müəyyən olunub və bu əməlləri törətmiş  şəxslərə yüz manat məbləğində inzibati cərimə tətbiq edilir.

Qanunvericiliyə əsasən yuxarıda qeyd edilən məmulatların satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.

Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə hətta reklamda belə  energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi və uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur. Habelə, uşaq verilişlərində alkoqollu və energetik içkilərin qaçan sətirlə reklamı verilə bilməz.

Qanunvericiliyimizə əsasən, yetkinlik yaşına çatmayan şəxslərin tütündən (tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.), həmçinin  bütün növ qəlyanlar və elektron siqaretlərdən istifadəsinə icazə verilmir.

Qeyd edək ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur və bu əməli törətmiş şəxslər yüz manat məbləğində cərimə edilirlər.

Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Əgər alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda və alıcı şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim etmədikdə  satıcı tütün məmulatını alıcıya satmaqdan imtina etməlidir.

Qanunvericiliyimiz alkoqollu içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasından əlavə həm də yetkinlik yaşına çatmayan şəxsin sərxoşluq vəziyyətinə gətirilməsini də qadağan edir. Belə ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsi inzibati məsuliyyətə səbəb olur və bu əməli törədən şəxs altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Belə ki, tərbiyə və təlim vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların spirtli içki qəbul etməsinə səbəb olduqda bu valideynlər və ya onları əvəz edən şəxslər altmış manatdan yüz manatadək məbləğdə inzibati cərimə edilirlər.

Bununla yanaşı vurğulamaq lazımdır ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur və bu əməli törətmiş vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilirlər.

Uşaq hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, yetkinlik yaşına çatmayanların və gənclərin tərbiyə edilməsi, onların mütərəqqi tələblər əsasında təhsil alması, dövlət və cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi formalaşması üçün normal şəraitin yaradılması dövlət siyasətinin istiqamətlərindən biri olub, onun əsas vəzifələrindəndir. Hər birimiz qanunvericiliyin tələblərinə ciddi əməl etməklə gələcəyimiz olan uşaqların sağlamlığını, başqa sözlə desək, cəmiyyətimizin gələcəyini qorumağa bocluyuq.

 

İsa Əliyev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: