Zamanın fövqündə dayanan lider

A- A A+

Tariximizdə və tarixşünaslığımızda şəxsiyyətlər çox olub. Ancaq tarixdə qalmaq şərəfinə nail olanların sayı isə elə də çox deyil. Belə böyük şəxsiyyətlərdən biri milyonların qəlbində xidmətləri ilə əbədiyaşarlıq qazanan ulu öndər Heydər Əliyevdir. Ulu öndər əsrdə bir dəfə yetişən müdriklərdən olduğunu xalqına, vətəninə, torpağına, yurduna bağlılığı ilə sübut edib, gələcək nəsillərə də örnək olubdur.

Roma imperatoru və filosofu Avreliy deyirdi: “İnsanlar bir-biri üçün yaranır. Xoşbəxt o insandır ki, varlığı ilə milyonların qəlbində yer tapır, sevilir, daim xatırlanır, əməlləri ilə yaşayır”. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olubdur.

Böyük filosof Platon isə deyirdi: “Ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır”. Müdriklik və ədalət mücəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş birliyinin yaradılması və digər sahələrdə həyata keçirdiyi taleyüklü məsələlər daha aydın görünür.

Ulu öndər Heydər Əliyev özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan yüksək bəşəri keyfiyyətləri, zəngin mənəvi xüsusiyyətləri, xalqa, Vətənə, insanlığa olan böyük sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Çünki o, yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri ilə cəmiyyətin mənafe və maraqlarına bağlı olan bir liderə xas xüsusiyyətlərə malik idi. Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Çünki bu bəşəri, xarizmatik keyfiyyətləri ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə tarixin onillər boyu onun üzərinə qoyduğu bir “ATA”lıq missiyasını şərəflə yerinə yetiribdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında milyonların qəlbinə yol tapa bilib. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutubdur. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" fikri bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunubdur.

1990-cı illərin çətin anlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət rolunu oynadı. XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi.

  Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan ulu öndər Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. 1998–ci il oktyabrın 11–də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə yenidən xalqın etimadını qazanan ulu öndər deyirdi: “...Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.

Suveren Azərbaycan dövlətinin yaradıcısı olan Ulu Öndərin siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsinə sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlısının qürur ünvanı, cəmiyyət həyatının bütün sahələrində milli intibahın qarantı kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizlər üçün örnək olan nadir dövlət xadimi kimi tarixdə iz qoydu. Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub–yaratmaq amalı ilə yaşamış ümummilli lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün ölkəyə rəhbərliyə layiq ola biləcək namizədini də tövsiyə etmişdir. Vətənini canından artıq sevən ulu öndər 2003–cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu siyasəti son 18 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya etdi. Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində  son  illərdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər və uğurlar qazanıldı. Bir çox parametrlərinə görə Azərbaycan sürətli inkişaf edən ölkəyə çevrildi. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə etdi. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi ölkəsidir. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır. Ulu öndər hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin. Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi. Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapıbdır: "Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!" Prezident İlham Əliyevin ulu öndər siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında iflasa uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu uğurlara  Ölkə Prezidentinin vaxtilə dediyi “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” fikirlərinə sadiqliyin nəticəsində nail olundu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun dediyi “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur” fikirləri bir daha bizdə əminlik yaratdı ki, nə qədər ki Azərbaycan var, ulu öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir.

Bəli, illər, qərinələr ötəcək. Dünyaya yeni nəsillər gələcək. Zamanın dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək.

Arzu Abdullayev

Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: