İnsan həyatda özündən başqa həm də ailəsini, el-obasını, xalqını, dövlətini təmsil edir. Tək özü qarşısında deyil, tək dövlət, qanun qarşısında deyil, həm də xalqı təmsil etməklə xalq qarşısında, insanlığı təmsil etməklə bəşəriyyət qarşısında məsuliyyət daşıyır.
Daha böyük miqyasda isə öz hərəkətləri ilə Allah qarşısında məsuliyyət daşıyır. İnsanın Allah qarşısında məsuliyyəti onun ailə, cəmiyyət və bəşəriyyət qarşısında məsuliyyətlərini tamamladıqda bu daha kortəbii yox, dərk edilmiş bir hiss olur.
Atalarımız “Yaxşılıq edən, yaxşılıq görər” deyib. Kimsə bizə əl tutanda, yaxşılıq edəndə çalışırıq ki, fürsət düşən kimi əvəzini qaytaraq, ya da bu mümkün deyilsə, heç olmasa, sözlə öz minnətdarlığımızı bildirək... Bəli, insan ona edilən hər bir yaxşılığın ünvanını axtarır, öz təşəkkürünü bildirməyə ehtiyac duyur. Bəs bütövlükdə həyat üçün, bu dünyanın bütün gözəllikləri üçün, anlamaq, qurmaq, yaratmaq səadəti üçün kimə minnətdar olmaq lazımdır?
İnsan qəlbində bütün bu əsrarəngiz duyğuları tarazlayan, onların fövqündə duran daha böyük bir duyğuya təbii ehtiyac yaranır. Beləliklə, heç bir şeyin səbəbsiz yaradılmadığını dərk edərək ona bəxş edilən bütün nemətlər üçün Allaha şükür edir.
Dinimizdə ibadət və ayinlərin icrası elə qurulub ki, onlar insanın sağlamlığı, onun daxili mənəvi sakitliyi üçün də əhəmiyyət daşıyır. Dinin qoyduğu qaydalar çərçivəsində fəaliyyət göstərməklə insan həm də öz sağlamlığına, fiziki və mənəvi kamilliyinə xidmət etmiş olur. Yaradan qarşısında əyilən insan ona bəxş edilənlərə görə Allaha minnətdarlığını bildirir və bununla mənən yüksəlir, ucalır, öz nəfsi və başqaları qarşısında əyilməz olur.
Həyatda olan ahəngi, gözəlliyi görmək, duymaq və bundan məmnun qalmaq, minnətdar olmaq əslində onları öz daxilinə köçürmək, həmin gözəllikdən, ahəngdən qidalanmaq, xoşbəxt olmaq deməkdir.
Ramazan ayı bizdə əvəzsiz nemət, məsuliyyətlərimizin yenidən xatırlanması üçün bənzərsiz fürsətdir. Bizə bəxş edilən bu ömrü boş keçirməmək və Rəbbimizin bizdən razı qalacağı şəkildə yaşaya bilmək üçün məsuliyyətimizi bir an belə yaddan çıxarmamalıyıq.
Müsəlman üçün Ramazan könüldən-könülə körpü qurmaqdır. Dua etmək qədər dua almaqdır. İlk öncə ata-ana olmaqla, möhtacın, məzlumun duasına müştəri olmaqdır. Bu ayda ehtiyacı olanlara yardım etmək duyğusu daha üstün olur. Ramazan ayını bizə dəyərli və mübarək edən də qazandığımız bu gözəl xüsusiyyətlər və məsuliyyət anlayışı olsa gərək.
Mükafatı yalnız Allah tərəfindən bilinən, “İnsanın orucdan başqa hər əməli özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm” sözünü xatırlayaraq sonu bayram olan bu ayda əvvəlcə özümüzə, daha sonra başqalarına ehtiram göstərməyi, yetimi, yoxsulu doyurmağı, Allaha qulluğumuzu ən üstün şəkildə ifadə edə bilmək üçün yaşadığımız təbiəti və sağlamlığımızı qorumağı unutmayaq.
Tarixən öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsi ehtiramla yad edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında sıx birləşməsinə xidmət edir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Ulu öndərimiz xalqımıza bu bayramı böyük coşqu və sevinclə qeyd etmək kimi müqəddəs bir ənənəni miras qoyub. Onun bu istiqamətdə müəyyənləşdirdiyi siyasət indi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədədir.
“Ən ali dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir”,- deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Nuh peyğəmbərin vətəni Naxçıvanda bugün dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına diqqət və qayğı göstərilir. İslam mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan yurdumuzda dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpa olunur. Muxtar respublikamızda mənəvi dəyərlərə qayğı ilə yanaşılması, dini bayramlarımızın yüksək səviyyədə qeyd edilməsi, məscidlərin tikilməsi, dindarlar üçün hərtərəfli ibadət şəraitinin yaradılması görülən işlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək olsun!
Orxan Məhərrəmov
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatında
Şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı