Lider rəhbər, rekordsmen diyar - VİDEO

A- A A+

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən və Qalib ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin dünyada öz sözünü deyən siyasi dəst-xətti, dövlətçilik siması, milli inkişaf modeli, iqtisadi və hərbi qüdrəti var.

Ölkəmizin bütün regionlarının tarazlı inkişafını prioritet istiqamət kimi müəyyənləşdirən prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının da davamlı inkişafına diqqət və qayğısını əsirgəmir. Ölkə başçısının muxtar respublikaya hər səfəri, imzaladığı mühüm dövlət sənədləri, qəbul etdiyi dövlət proqramları, verdiyi tapşırıqların icrası muxtar respublikanı sosial-iqtisadi inkişaf cəhətdən ölkəmizin lider bölgəsinə çevirib. Müstəqillik illərində muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub, 200-ə yaxın təhsil, 400-ə yaxın mədəniyyət, 200-dən artıq səhiyyə, 300-ə yaxın hərbi obyekt istifadəyə verilib, 100 minə yaxın yeni iş yeri açılıb, əhali gəlirləri 67, sənaye məhsulu 114, kənd təsərrüfatının ümumi məhsulu 14 dəfə artıb.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri mühüm tərəfləri ilə xüsusilə seçildi. Hər şeydən öncə “Dəmir yumruq əməliyyatı” ilə xalqımızı Böyük Qələbəyə sevindirən Ali Baş Komandanımızın məhz 10 may tarixində - ulu öndərimizin doğum günündə Naxçıvana səfər etməsi, özünün də qeyd etdiyi kimi, rəmzi məna daşıdı: “Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Hər birimizin prezidentinin muxtar respublikaya hər səfərindəki ənənəyə sadiq qalaraq bu dəfə də bir sıra strateji və sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən obyektlərin açılış mərasimlərində iştirak etməsi diyarımızın yüksək dövlət qayğısı ilə əhatə olunmasına ən real nümunədir. Dövlətimizin başçısının sonuncu səfəri Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin və Culfa-Ordubad magistral avtomobil yolunun açılışı ilə yadda qalmaqla muxtar respublika tarixinə əlamətdar hadisə kimi yazıldı.

Ali baş komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə atılan mühüm addımlar nəticəsində əlverişli strateji-coğrafi mövqeyə malik muxtar respublikanın müdafiə potensialı və döyüş qabiliyyəti yüksək həddə çatdırılıb. Bu gün Naxçıvan ən müasir ordu arsenalına və peşəkar hərbi kontingentə malikdir. Qarabağda qazandığımız Böyük qələbə və Zəngəzur dəhlizinin açılması ilə əldə olunacaq mühüm coğrfi-strateji nəticə muxtar diyarımızın müdafiə və döyüş qabiliyyətini daha da möhkəməndirməyi ön plana çəkib. Mayın 10-da istifadəyə verilən obyektlərin 2-sinin məhz hərbi-strateji xarakter daşıması bir daha onu göstərir ki, ölkə başçısının praqmatik siyasətində Naxçıvanın etibarlı təhlükəsizliyi xüsusi yer tutur. Prezident İlham Əliyevin də dediyi kimi: “Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”.

“Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti yerindədir”, - deyən Prezident İlham Əliyev 3 il əvvəl keçirilmiş uğurlu Günnüt əməliyyatını buna bariz nümunə kimi göstərdi. Bir şəhid belə vermədən uğurla tamamlanan Günnüt əməliyyatı 2-ci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbənin təməl daşı oldu. Məhz bunun sayəsində ordumuz düşmənin mühüm strateji hərəkət istiqamətlərinə nəzarətə imkan verən strateji yüksəklikləri ələ keçirdi. Ölkə başçısı bu starteji üstünlüyü belə dəyərləndirdi: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır.

Ali Baş Komandanımızın da vurğuladığı kimi, Günnüt əməliyyatı Naxçıvan Ordusunun, Azərbaycan Ordusunun potensialını göstərdi. Döyüş meydanında tarix yazan Naxçıvan hərbçiləri Qarabağ zəfərində xüsusi rol oynadılar. “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Bəli, yüz illərdir sərhədlərini təhdid altında saxlayan düşmənlə üz-üzə mətanətlə dayanan Naxçıvanın müdafiəsi bundan sonra da etibarlı əllərdədir. Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə son illər Naxçıvanda bütün hərbi hissələr yenidən qurulub və yeni hərbi infrastruktur yaradılıb. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və hərbi aeorodromun açılışı da bu tədbirlərin məntiqi davamıdır. Çarpayı sayına görə muxtar diyarımızın ən böyük tibb müəssisəsi olan Hərbi Hospital həm də ən müasir tibbi-texnoloji təchizatı ilə diqqəti cəlb edir.

Uzun illərdir blokada şəraitində inkişafa imza atan Naxçıvan Muxtar Respublikasının tərəqqisi yaxın gələcəkdə daha sürətli hal alacaq və diyarımız mühüm tranzit koridoruna çevriləcək. Prezident İlham Əliyevin uğurlu diplomatik siyasəti və hərbi-strateji səriştəsi xalqımızın 30 illik Qarabağ həsrətinə son qoymaqla həm də Naxçıvanı ölkəmizin əsas ərazisi ilə kommunikasiyalarını bərpa edəcək. Muxtar respublikamız yaxın gələcəkdə Azərbaycanın Qərbə açılan qapısı kimi ölkəmizin nəqliyyat, ticarət, turizm və digər sahələrdə əlaqələrinə mühüm töhfə verəcək. Dövlət başçımızın Ordubadda dəmir yolu stansiyası ilə tanışlığı zamanı bu sahədə görülən və görüləcək genişmiqyaslı işlərin mesajını verdi və bütün bunları daha bir tarixi zəfərimiz kimi qiymətləndirdi: Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. ... Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın.  ... Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur.

Bir sözlə, konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən inkişaf xətti Naxçıvan Muxtar Respublikasının timsalında da əyani şəkildə özünü göstərir. Heydər Əliyev quruculuq xəttinin muxtar respublikada uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan bu gün öz inkişafının yeni mərhələsini yaşayır. Naxçıvanla sonuncu tanışlığı zamanı bu inkişafı bütün istiqamətləri üzrə təhlil edən Prezident İlham Əliyev muxtar diyarımızı ölkə regionları sırasında rekordsmen olaraq dəyərləndirdi: Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir... Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. ... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır.

Bu gün Naxçıvan tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Dövlət başçımızın sözləri ilə tamamlasaq: Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir.

Röyal Məmiyev

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: