Hər hansı pəhrizin faydası bir sıra amillərdən asılıdır. Elmi əsalarla seçilən qidalanma sxemi onlardan biridir.
Artıq kilolardan xilas olmaq üçün qida rasionunun tərtib edilməsi zamanı mikroelementlərə xüsusi diqqət yetirmək lazımdır.
NUHÇIXAN Rusiyanın tibb sahəsində ixtisaslaşmış KİV-lərinə istinadla xəbər verir ki, arıqlamaq istəyən insanın menyusu adi rasiondan fərqli olmalıdır. Burada söhbət təkcə kaloridən getmir. Diyetik qidalanma vitaminlər və minerallarla zəngin olmalıdır. Onlardan bəziləri daha əhəmiyyətlidir, çünki orqanizmdə piylərin sərfi prosesini sürətləndirir və əldə olunan müsbət nəticəni uzun müddət qorumağa kömək edir.
Bütün pəhriz növləri üçün 4 əsas mikroelementi təqdim edirik.
Kalsium
Kalsium hər bir sağlam insanın qida rasionu üçün vacib mikroelementdir. Bu mikroelement sümükləri və dırnaqları bərkidir, orqanizmin müdafiə qabiliyyətini artırır və iltihaba qarşı təsir göstərir. Kalsium piylərin sərfi prosesində bilavasitə iştirak edən bir neçə fermentin fəaliyyətini gücləndirir. Ona görə orqanizmdə bu mikroelementin çatışmazlığı arıqlamanı ləngidə bilər. Kalsiumu C vitamini ilə birlikdə qəbul etmək daha məqsədəuyğundur. Hər iki faydalı maddə bütövlükdə insan orqanizmi tərəfindən daha asan mənimsənilir. Yeri gəlmişkən, kalsiumun mənimsənilməsinə mənfi təsir edən amillər arasında uzunmüddətli stress və fiziki yükün olmaması var.
Gün ərzində insan müəyyən miqdarda kalsium qəbul etməlidir. Belə ki, 16 yaşından yuxarı yeniyetmə və yaşlılar üçün gündəlik norma 10 milliqram təşkil edir. Hamilə qadınlar bu dozanı 15-20 milliqrama qədər artırmalıdır. Daha gec yaşlarda - 65 yaşdan yuxarı insanlarda kalsiuma tələbat 15 milliqrama qədər artır.
Kalsiumun miqdarı süd məhsullarında (süd, qatıq və pendir), təzə meyvə-tərəvəzdə (portağal şirəsi, soya, kələm), habelə qoz və fıstıqda daha çoxdur.
Dəmir
Dəmir olmadan orqanizmdə maddələr mübadiləsi mümkün deyil. Bu element insan orqanizmində hüceyrələri oksigenlə təmin edən hemoqlobinin tərkibinə daxildir. Müvafiq olaraq, dəmir çatışmazlığı bu prosesi ləngidir və nəticədə bütün orqanizmin vəziyyətinə mənfi təsir edir. Maddələr mübadiləsinin zəifləməsi isə artıq kilolardan xilas olmağa kömək etmir.
Yeri gəlmişkən, tərkibində çoxlu miqdarda dəmir olan ərzaq məhsullarının şirniyyata meyiletməni azaltdığı elmi cəhətdən sübut olunub.
Yaşlı insanlarda dəmirin gündəlik norması çəkinin hər kiloqramı üçün 0,2 milliqramdır. Bu elementin gündəlik qəbulunun maksimal norması isə 45 milliqramdır. Əlbəttə, bu səviyyəyə çatmağa ehtiyac yoxdur. Yaşından asılı olmayaraq gündəlik orta hesabla 15-20 milliqram dəmir qəbul etmək yetərlidir. Qadınların dəmirə tələbatı kişilərdən daha çoxdur, məhz bu səbəbdən hamiləlik vaxtı bu göstəricini hər kiloqram çəkiyə 0,3 milliqrama qədər artırmaq lazımdır.
Toyuğun qaraciyəri, mal əti, dəniz ilbizi, molyuska və xırda dəniz xərçəngində, tərəvəzlərdən isə kartof, lobya və turş kələmdə dəmirin miqdarı daha çoxdur.
Yod
Yod insan orqanizmində bir neçə mühüm funksiyanı yerinə yetirir. Birincisi, bu element qalxanabənzər vəzinin fəaliyyətində iştirak edir. O, insan orqanizmində mühüm rol oynayır və maddələr mübadiləsini tənzimləyir. Yod çatışmazlığı qalxanabənzər vəzinin funksiyasını zəiflədir və nəticədə bütün orqanlara ciddi zərər verir.
İkincisi, yod insan orqanizmini sakitləşdirir. Üçüncüsü isə bu element əqli fəaliyyətə müsbət təsir göstərir. Həmçinin insanın enerji ehtiyatı da istehlak edilən yodun miqdarından bilavasitə asılıdır. Yod çatışmazlığı orqanizmdə piy sərfini çətinləşdirir və arıqlamağa mane olur.
Yodlaşdırılmış duz tərkibində bu elementin olduğu vacib ərzaqdır. Bu məhsul termik emala məruz qalmamalı və işıqda saxlanılmamalıdır, çünki yod birləşmələri hər iki amilin təsirindən dağılır. Xörəkləri süfrəyə verməzdən əvvəl duzlamaq lazımdır. Bununla da siz onun daha faydalı olmasını təmin edə bilərsiniz.
Orqanizmdə yod çatışmazlığı bir sıra fəsadlar doğurur. Bunun qarsısını almaq üçün gündəlik 170-210 mikroqram yod qəbul etmək lazımdır.
Dəniz kələmi və çay balığında yodun miqdarı daha çoxdur.
Maqnezium
Həkim-diyetoloqlar və idmançılar bu mikroelementi daha çox sevirlər. Maqnezium orqanizmdə əzələ toxumalarının yaranmasında fəal iştirak edir. Bu proses orqanizmi sağlamlaşdırır və daha çox miqdarda kalori sərf olunmasına şərait yaradır. Bundan başqa, maqnezium orqanizmdə qlükozanın mənimsənilməsi, maddələr mübadiləsinin güclənməsi və enerji proseslərinin tənzimlənməsində iştirak edir. Fəal həyat tərzi olan insanlarda bu faydalı elementin mənimsənilməsi daha mükəmməl gedir.
Yaşlı adamlar üçün maqneziumun gündəlik qəbulu norması 300-400 milliqramdır.
Qoz, yarma, lobya və noxud, habelə ispanaq, avokado və bananda maqneziumun miqdarı daha çoxdur.