Naxçıvanda xalq-ordu birliyi genişlənir - FOTOLAR

A- A A+

Ümummilli liderimiz Heydər ­Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ­tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusunun silah arsenalı və maddi­-texniki təminatı gücləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, mənəvi-­psixoloji hazırlığı və döyüş ruhu daha da artırılır. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə də infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Əlahiddə Ümumqoşun Ordunun  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etmələri şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olur, xidmətin təşkili ilə maraqlanır, hərbi hissələrə sovqatlar verilir. Ali Məclisin Sədri bu il iyunun 23-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun ­Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksinin açılış tədbirində iştirak etmiş, şəxsi heyətlə görüşərək bayram təbriklərini çatdırmışdır. İyulun 3-də isə Ali Məclisin Sədri Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşmüş, mövqelərdə xidmətin təşkili ilə maraqlanmış, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və ­zabitlərə hədiyyələr təqdim etmişdir. Hər iki görüşdə gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilmişdir.

31 Dekabr – Dünya Azərbaycanlı­larının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dövlət qurumlarının və təşkilatların kollektivləri hərbi hissələrdə olmuş, şəxsi heyətlə həmrəylik nümayiş etdirilmiş, müxtəlif ərzaq məhsullarından, meyvə, tərəvəz və şirniyyatlardan ibarət 47 min 390 kiloqram bayram sovqatı hərbi hissələrə verilmişdir. Günnüt əməliyyatı nəticəsində düşməndən azad edilən ərazilərdə 15 İyun – Milli Qurtuluş Günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan bayram tədbirləri də böyük ruh yüksəkliyi yaratmışdır. Tədbirlərdə ordumuzun keçdiyi inkişaf yolundan, qazandığı qələbələrdən danışılmış, mədəniyyət kollektivləri şəxsi heyət qarşısında çıxış etmişlər. Gətirilmiş sovqat bölmələrə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki şəhər və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı­nın, Şərur Xalq Yallı Ansamblının və digər mədəniyyət ocaqlarının nümayəndələri əlamətdar tarixi günlərdə Naxçıvan qarnizonunun şəxsi heyəti qarşısında maraqlı konsert proqramları ilə müntəzəm çıxış edirlər. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun hər ay, eləcə də bayram günlərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində və ön xətdə yerləşən hərbi hissələrdə konsert proqramı təşkil edilir. 2018-ci ilin birinci yarısında da bu tədbirlər davam etdirilmiş, hərbi hissə və bölmələrdə ictimaiyyət nümayəndələrinin, mədəniyyət kollektivlərinin, ziyalıların, elm adamlarının və veteranların ­iştirakı ilə 70-ə yaxın mədəni-kütləvi tədbir keçirilmişdir.

Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimlərinin Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə verilməsi xalq-ordu birliyinin daha bir təzahürüdür. 2017-2018-ci illərin payız-qış mövsümündə də bu iş davam etdirilmiş, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2514 cüt yun corab və 214 şərf ön xətdə yerləşən hərbi hissələrə göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən isə 200 gödəkcə, 200 cüt corab və 200 idman papağı hərbi hissələrə verilmişdir. Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılmış 4 paltaryuyan, 3 qabyuyan, 3 televizor, 3 tikiş ­maşını, 2 qaz sobası, 1 stolüstü qaz pilətəsi, 1 mikrodalğalı soba və 2485 kiloqram alçı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə təhvil verilmişdir.

Muxtar respublika əhalisinin iməciliklər yolu ilə saldıqları meyvə bağlarından toplanan məhsulun hərbi hissələrə təhvil verilməsi də artıq ənənə halını alıb. Bu ilin yay mövsümündə iməciliklər zamanı salınmış meyvə bağlarından 69 min 676 kiloqram ərik, 17 min 64 kiloqram alma, 1232 kiloqram gilənar, 631 kiloqram alça, 214 kiloqram gilas olmaqla, ümumilikdə, 88 min 817 kiloqram meyvə yığılaraq hərbi hissələrə verilmişdir. Əlavə olaraq hərbi hissələrin yardımçı təsərrüfatlarından 51 min 978 kiloqram meyvə, 7 min 488 kiloqram bostan­-tərəvəz məhsulu yığılmışdır. Mülki təşkilatlar tərəfindən yığılaraq hərbi hissələrə təhvil verilən sovqatın və hərbi hissələrin yardımçı təsərrüfatlarından yığılmış meyvə, tərəvəz və bostan məhsullarının ümumi həcmi 148 min 283 kiloqram olmuşdur. Bu məhsulun 67 min 199 kiloqramı qurudulmaya verilmiş və bu günə qədər 8180 kiloqramı ­qurudulmuşdur. Hazırda meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə təhvil verilməsi davam etdirilir.

Bir məsələni qeyd edək ki, muxtar respublikadakı hərbi hissələrin şəxsi heyəti hərtərəfli təminata malikdir. Əsgərlərin qidalanması və sağlamlıqlarının qorunması sahəsində kompleks tədbirlər görülüb, ən müasir xidmət və yaşayış şəraiti yaradılıb. Əlamətdar günlərdə əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: