Tariximizin ən parlaq, vüqarlı və şərafətli günlərini yaşayırıq. Elə günlər ki, öz istiliyini və təravətini illər boyu qoruyub saxlayacaq, qürurla danışılacaq, söhbətlərin əsas mövzusu olacaq. Çünki xalqımız bu günləri çox gözləyib, həsrətini çəkib. Torpaqlarımızın azadlığını 30 il boyunca arzulayıbdır. Hamının – 7-dən 70-ə kimi qəlbindəki müqəddəs arzusu bu idi, torpaqlarımız azad olunsun, üçrəngli bayrağımız Qarabağımızda dalğalansın. Orada – müqəddəs məkanda toy-büsatlar qurulsun... Şükürlər olsun ki, arzular, niyyətlər çin oldu, torpaqlarımız öz azadlığına, igid-nər oğullarına qovuşdu. Bu qovuşma və bütövləşmənin təməlini isə ulu öndər Heydər Əliyev siyasəti – cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyası, dəmir iradəsi – Milli Ordumuzun güclü mübarizəsi – Dövlət-Xalq-Ordu birliyi qoydu...
30 ildən sonra, üzərində qara buludlar gəzən, sinəsində yağı düşmənin gəzdiyi, bizdən oğurladıqları yallılarla, musiqilərlə rəqs etdiyi Qarabağımızın – gözəl Şuşamızın üzərində yenidən, həm də bu dəfə əbədi olaraq azadlıq məşəli yandı. Böyük qovuşma gerçəkləşdi. Şuşa azad olundu. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” odlu nidalarını eşidəndə sevincindən yerə-göyə sığa bilmədi. Biz Şuşaya qayıtdıq. Mədəniyyət beşiyimizə gəldik... Haqq gəldi, batil qaçdı. Böyük mədəniyyət vəhşiliyin, barbarlığın, faşist xislətin üzərində qələbə çaldı...
Bizim Şuşaya qayıtmağımızla Şuşa da özünə döndü. Mədəniyyət beşiyi vüqarlı Şuşamızda böhtanın-şərin saxta əməlləri silinməyə başladı, bu gözəl yurd yeri yuyundu, öz çirkini atmaq mərhələsinə qədəm qoydu. Və nəhayət, 30 ildən sonra Ana Təbiətin yalnız və yalnız Şuşamıza bəxş etdiyi Xarıbülbülün adını daşıyan musiqi festivalı baş tutdu. Bütün azərbaycanlılar orada idi – cismən və ya ruhən. Yəni xalqımız yenidən birləşdi, 44 günlük Vətən muharibəsində necə idisə, elə. Möhtərəm Prezidentimizin də çıxışında vurğuladığı kimi: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu bizim hamımızın qələbəsidir”.
Hər bir məqamı, hər bir anı sirli-möcüzəli olan və uzun müddətdən sonra Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalında biz, bütün dünya – dost da, düşmən də çox şeyin şahidi olduq. Əvvəlcə, xalqımız ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycanı qaranlıq günlərdən işıqlı gələcəyə daşıdığına bir daha əmin oldu. Ümummilli liderin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik” inam-sözlərinin, əslində, dövlət siyasətinin gələcək prioriteti kimi müəyyən etdiyi müqəddəs amalının 44 günlük Vətən müharibəsində cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirildiyinə şahidlik etdik. Bu, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi və alternativsizliyinin sübutu idi. Bizim müşahidələrimiz kimi, bütün dünya da çox şeyi müşahidə edə bildi, anladılar ki, biz məsələ Vətən, torpaq olduqda, ümumi mənafe olduqda bir yumruq ola bilirik. Dəmir yumruq kimi düşmənin başına sarsıdıcı və ölümcül zərbələr endiririk. Bunu Şuşada, Cıdır düzündə müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev bütün dünyaya bir daha bəyan etdi: “... Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostdur, qardaşdır, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Şuşada baş tutan “Xarıbülbül” musiqi festivalında gözəl bir xəbəri də eşitmək nəsib oldu. İllərboyu qurumuş “Xan qızı Natəvan” bulağından su gəlməyə başladı. Bəlkə, təbiət öz bərraq suyunu yağı düşmən içməsin deyə, bu günlərə saxladı. İstəmədi, faşist xislətli insanlar o sudan içsinlər, canlarına sərinlik gəlsin. Bu müjdəni də Ali Baş Komandan çatdırdı: “Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar rəmzi məna daşıyır. Bax bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıtdı... İndi isə biz burda, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqili bayramın, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.
30 ildən sonra Şuşa yalnız igid, qədirbilən oğullarıylamı qovuşdu?! – Xeyr. Dünyanın bu cənnət məkanı qəhrəman ata-babalarımın at çapdığı, qılınc oynatdığı Cıdır düzündə ulu əcdadımın dünya mədəni irsinə miras qoyduğu muğamını da yenidən “salamladı”, “Xoş gəldin!” etdi. “Bayatı-Şiraz”ın o əzəmətli Şuşa dağlarını inlətməsini, dağın-daşın, az qala, dil açaraq sevincindən ağlamasını duymaq olurdu. Xanəndənin “Könlümün sevgili məhbubu mənim, Vətənimdir! Vətənimdir! Vətənim!” nidaları Şuşa səmasından ərşə qalxdı. Könüllər Ana Vətənlə bir daha birləşdi. Sonra adını Qarabağımdan alan “Qarabağ şikəstəsi” sələndi. Ana balasına qovuşan kimi Qarabağım – Şuşam da muğamını bağrına basdı.
Beləliklə, milli tariximizin daha bir şanlı səhifəsi yazıldı. Biz, bütün dünya buna şahidlik etdik. Möhtərəm Prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbənin ardından Şuşada, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalı milli müstəqilliyimizin son ilməsinin atılması kimi qiymətləndirilə bilər. Əminliklə deyə bilərik ki, Vətən müharibəsinin qələbə yekunu adlandıra biləcəyimiz “Xarıbülbül” musiqi festivalı artıq milli tariximizin 3-4 zirvə nöqtəsindən birinə çevrilibdir...
Anar Qasımov
“Yeni həyat” qəzetinin məsul katibi