Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ötən ay ərzində diqqət mərkəzində saxlanılıb.
Ötən ay Culfa və Ordubad rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik xəritələri hazırlanıb, Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə edilmiş dəyişikliklərin torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunması təmin olunub, həmin rayonların yeni sərhədləri rəqəmsal kadastr xəritəsinə köçürülüb.
Ay ərzində 669 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 506 texniki sənəd hazırlanıb, yeni yaranmış 45 daşınmaz əmlak obyektinə ünvan verilib, 96 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 2 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Həmçinin “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Sədərək rayonu ərazisində 157 hektar yeni salınmış meyvə bağı və 46 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
Qeyd edək ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər də davam etdirilib. Belə ki, ay ərzində Şərur rayonunun Çərçiboğan, Ələkli, Çomaxtur kəndlərinin ərazisində aparılmış monitorinqlər başa çatdırılıb, qeyd olunan yaşayış məntəqələrində və Kəngərli rayonunun Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd, Yurdçu, Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.