Muxtar respublikada əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikinti, təmir və bərpa işləri iyul ayında da davam etdirilib, su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarət artırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu dövrdə 8 kilometr yeni suvarma boru xətti çəkilib, 5 kilometr mövcud içməli su xətti təmir-bərpa olunub, 10 kilometr beton, torpaq kanal və 24 kilometr ara arxlar lildən təmizlənib. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 29 milyon kubmetr su verilib, bunun müqabilində 24 min 678 hektar torpaq sahəsi suvarılıb.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 500 metr magistral, 800 metr ana, 6 min metr paylayıcı boru xətti çəkilib.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də işlər davam etdirilib. Hazırda Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda avadanlıqlar quraşdırılır, elektrik xətləri çəkilir, ətrafında abadlıq işləri aparılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.