Muxtar respublikda dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa olan marağı artırıb

A- A A+

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər muxtar respublikamızda arıçılığın da inkişafına geniş perspektivlər açır. 

Muxtar repsublikada arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi təsis edilib. Eyni zamanda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, festivalların, yarmarkaların təşkili istiqamətində məqsədyönlü tədbirlər görülür. Vurğulamaq yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, istehsal və ixrac imkanlarının artırılması yeni uğurlar qazanılmasına zəmin yaradır.

Muxtar respublikada arıçılıq sahəsində məhsuldarlığın artırılması, habelə bu sahəyə marağın stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyaların verilməsi mühüm əhəmiyyət daşıyır. Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilir. Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır.

Muxtar respublikada kənd əhalisinin məşğulluğunun təmin olunması sahəsində arıçılıq əvəzedilməz rola malikdir. Bu sahəyə göstərilən dövlət dəstəyi stimullaşdırıcı xarakter daşımaqla arıçılıqla məşğul olan təsərrüfatçıların sayının ildən-ilə artmasına səbəb olur. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılıq məhsullarının emalı və qablaşdırılması istiqamətində bir fiziki şəxsə dövlət maliyyə dəstəyi göstərilib. Ümumilikdə, cari ilin birinci rübü ərzində arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə 34.000 manat həcmində vəsait sərf edilib. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən arıçılığın inkişafı məqsədilə 150 layihənin maliyyələşdirilməsinə 310 min manat güzəştli kredit ayrılıb.

2021-ci ilin birinci rübü ərzində dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının və Şərur rayonunda 1 arıçılıq  təsərrüfatının  yaradılması başa çatdırılıb. Həmçinin dövlət maliyyə dəstəyi hesabına Babək rayonunda 1, Ordubad rayonunda 1, Şahbuz rayonunda 2 arıçılıq təsərrüfatının yaradılması və Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Əhalinin istehlakında özünəməxsus yeri olan bal və bal məhsullarının keyfiyyətinin təmin edilməsi qida təhlükəsizliyi baxımından əhəmiyyət verilən əsas sahələrdən biri hesab olu­nur. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyasında digər mal çeşidləri ilə yanaşı təbii bal məhsullarının da laboratoriya təhlilləri mütəmadi olaraq həyata keçirilir.

2021-ci ilin ötən dövrü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 22 halda səyyari və 5 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dəstək və fermerlərin bu sahəyə marağının artması cari ildə də bal və digər arıçılıq məhsullarının istehsalında artıma səbəb olacaqdır.

                                                                       

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: