Məktəblilərin muzeylərə ekskursiyası təşkil olunub - FOTOLAR
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “18 may - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar nazirlik tərəfindən təşkil olunan ekskursiyada ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib. Məktəblilər Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində, Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Ekskursiyada muzey bələdçisi şagirdlərə “18 may - Beynəlxalq Muzeylər Günü” ilə bağlı geniş məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir ki, onun 29-u muxtar respublika ərazisində yerləşir. Muxtar respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Ümumilikdə bu gün muxtar respublikanın muzeylərində 115 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub mühafizə olunur.
Daha sonra şagirdlər muzeyi gəzərək milli mədəniyyət və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Ekskursiya zamanı şagirdlərə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib.