“Zəngəzur dəhlizi” regionlaşmanı qloballaşmaya aparan yoldur - FOTOLAR

A- A A+

1990-cı ildən başlayaraq Azərbaycan torpaqlarının 20%-ə qədəri  mənfur ermənilər tərəfində açıq-aşkar işğal olunmağa başladı. Bu işğal prosesinə ermənilərə havadar çıxan ölkələr, xüsusən dünya siyasətində həlledici sözə və gücə malik olan ölkələr havadarlıq  edirdilər. Bu işğal Ermənistan adı ilə deyilsə də, əsas qüvvələr xaricdən gəlir və münaqişəli məsələləri həll etmək üçün yaradılan təşkilatlar prosesi uzadırdılar. Ermənilər bundan güc alır və daha da quduzlaşır, azərbaycanlılara qarşı Fransa, Almaniya və s. kimi dövlətlərin insanlığa qarşı törətdikləri cinayətlərdən də dəhşətli cinayətlər törədirdilər. Fransanın Afrika ölkələrində, Almaniyanın I və II Dünya müharibələrində, konslagerlərdə törətdikləri dəhşətlərdən ilhamlanan erməni faşistləri həmin dəhşətləri azərbaycanlılara qarşı törətdilər. Alman-Fransa birliyinə xidmət edən ermənilər onların cinayətlərinin üzərinə kölgə salaraq özləri ön sıraya çıxdılar. Minsk qrupu ölkələri münaqişənin həlli yollarını uzadırdılar.

Tarixən münaqişəli məsələlərin həllində fəallıq göstərən Rusiya bu münaqişənin həllində maraqlı olmadı və Almaniya, Fransa ilə eyni cəbhədən ikili mövqedən çıxış etməsi maraq doğurur. Çünki ruslar tarixi dövr ərzində həmişə fransızları, almanları tarixin səhnəsindən siləcək dərəcədə məğlub ediblər. Belə bir vəziyyətdə Rusiyanın onlarla eyni cəbhədə çıxış etməsi dünyanın gələcək tarixində baş verəcək hadisələr haqqında ilkin xəbərdir. Hər üç ölkənin faşizmi müdafiə etməsi bir sıra dövlətlərin tarixinə qara pərdə çəkiləcəyini xəbər verir.

2020-ci ilin 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi havadarları tərəfindən yaradılan məğlubedilməz erməni fenomenini 44 gün ərzində darmadağın etdi. Bu darmadağın edilmə heç də erməni vandallarının məğlubiyyəti yox, onun havadarlarının məğlubiyyəti idi. 30 il müddətində azərbaycanlılara qarşı törədilən soyqırımlar zamanı yada düşməyən sülhməramlı qoşunlar, erməni məğlubiyyətini görən kimi  yada düşdü. Bu hal erməninin müdafiəsi idi. 30 il müddətində işğal olunan ərazilər işğaldan azad edildi. Bu müharibə dünya ölkələrində hansı ölkə silahlarının alınması daha yaxşıdır sualını yaratdı. Dünya hərbi silah ticarətində ticarətin istiqamətlərinin dəyişilməsinə təkan verdi. Ermənistan rəhbərliyinin verdiyi məlumatlar rus silahlarının dünya bazarında arxa plana keçməsinə səbəb oldu.

Ermənistan adlı dövləti dünya səhnəsinə çar Rusiyası gətiribdir. Bu dövlət Cənubi Qafqazda qədim Azərbaycan torpaqlarında yaradıldı.

Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni münaqişələrin və müharibələrin səhnəsi olubdur. Bölgənin köhnə dövlətləri içində Albanya, İberiya krallıqları iştirak edirdilər. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilibdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olublar.

7-ci əsrdə bölgəni Xilafətin ələ keçirməsi ilə Cənubi Qafqazda İslam dini yayılmağa başlayıbdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçibdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalıbdır.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Cənubi Qafqazın cənub hissələrində həqiqətən müstəqil Türk xanlıqları qurulubdur. 19-cu əsrin əvvəlində reallaşan iki Rus-Qacar müharibəsinin nəticəsində, Cənubi Qafqaz tamamilə Rusiyanın İmperatorluğu tərəfindən işğal edilibdir.

İrəvan xanlığı qədim Azərbaycan xanlığı olub və sonrakı dövrdə rus hərbi birləşmələrinin köməkliyi ilə ermənilərin ixtiyarına verilibdir. İrəvan xanlığında erməniləşdirmə aparılıb, süni şəkildə bura ermənilər gətirilib, müsəlmanlar, türklər sıxışdırılıb və öz ərazilərindən kütləvi surətdə çıxarılıbdır.

Çar Rusiyasının işğalında olan ərazilər haqqında hökmləri həmişə ruslar veriblər. İstədikləri əraziləri ölkənin razılığı oldu-olmadı dəyişdirirdilər. Sözsüz ki, bu dəyişikliklər heç vaxt Azərbaycanın xeyrinə olmayıbdır. Sahəsi 210 min kvadrat kilometrdən çox olan Azərbaycan ərazisi 86,6 min kilometr kvadrata endirilibdir və 1990-cı ildən sonra bu ərazinin də 20% -i işğal edilibdir. “Böyük Ermənistan” xülyasında olanlar bütöv Azərbaycanı tutmaq fikrində idilər. Müdrik dövlət rəhbərlərimizin düşünülmüş, planlı və davamlı siyasətləri nəticəsində erməni daşnak və onların havadarlarının planları puç oldu.

Bəs “Zəngəzur dəhlizi” niyə və nə vaxt yarandı?

Culfa-Ələt dəmiryolu ideyasını ilk dəfə 1898-ci ildə rus sahibkarları F.Y.Yenakiyev və A.M.Qoriyanov irəli sürüblər. Və onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Arazçayı boyunca Culfaya qədər geniş tədqiqat-kəşfiyyat işlərinə başlanıldı. Bu dəmiryol xətti Türkiyə və İrana qədər uzanmalı idi. Dəmir yolu haqda tərtib edilmiş layihə “Təbriz dəmiryol cəmiyyəti”nin sədri S.Podqurskiyə verilir.

Birinci Dünya müharibəsində (1914-1918) Rusiya çox çətinliklərlə qarşılaşır. Cənubi Qafqazdakı hərbi hissələrini ərzaqla, silah-sursatla təchiz edilməsində problemlərlə qarşılaşır. Qafqazın canişini bu dəmiryol xəttini yaxın stansiyalardan biri ilə birləşdirməyi tələb edir. Ən yaxın və əlverişli stansiya Ələt buxtası seçilir və bu stansiya ilə birləşdirilir. Su yolu ilə ərzaq və hərbi sursatları Ələt buxtasına gətirmək və oradan Cənubi Qafqaz qoşunlarına çatdırmaq daha əlverişli idi. Yaradılan layihədə nəzərdə tutulurdu ki, dəmir yol xətti 46-cı verstdə (1 verst= 1066,78 m) Kür çayını, 91-ci verstdə isə Araz çayını keçməli idi. Dəmir yolu 165-ci verstdə  Bəhmənli stansiyasından Arazçayı vadisi ilə Xudafərin körpüsündən Ordubada kimi 90 verstlik məsafədə inşa edilməli idi. Culfada 383–cü verstdə Uluxanlı-Culfa və Culfa-Təbriz xətti ilə birləşməli idi. Layihədə nəzərdə tutulurdu ki, dağlıq bölgələrdə (Zəngəzur hissədə-müəllif) uzunluğu 460 sajin olan (1 sajin=2,137 m) 13 tunel və 13 stansiya inşa edilsin. Bu dəmiryolunun hərbi hissələrinə əhəmiyyətini nəzərə alaraq yolun çəkilişini 1916-cı ilin may ayının 14-də hərbi fondun hesabına verirlər. Tikintidə 50 minə qədər işçi çalışırdı, əksəriyyəti müsəlmanlar idi. Tikintidə işləyən qeyri-müsəlmanlara hərbidə qulluq etməkdən möhlət verirdilər.

1917-ci ilin sonuna kimi layihədə nəzərdə tutulmuş torpaq işlərinin 73%-i, süni tikililərin 60%-i, qalareya və tunel işlərinin 80%-i başa çatdırılıbdır. Kür çayı üzərində Qafqazda ən uzun olan 150 sajin uzunluğunda körpü tikilibdir. 1918-ci ilin əvvəlində Ələtdən Bəhmənliyədək 165 km məsafədə dəmir yolunun relsləri də döşənibdir.

1918-ci ilin əvvəlində Rusiyada və Cənubi Qafqazda baş verən siyasi hadisələr çəkilişin dayanmasına səbəb oldu. Bu dəmiryol xəttinin çəkilişi 1941-ci ildə başa çatdırıldı. Sovet hakimiyyəti qurularkən və sərhədlər dəyişdirilərkən dəmir yol xəttinin Zəngəzurdan keçən hissəsinin bütün səlahiyyətləri Azərbaycana verilibdir. Zəngəzur hissədə heç bir erməni fəaliyyət göstərməyibdir. Xətt tamamilə Azərbaycan tərəfindən nəzarətdə olubdur.

“Zəngəzur dəhlizi” probleminin yaranmasının  tarixi-coğrafiyasına nəzər salınsa, görərik ki, bu problemin tarixi kökləri çox da uzaq deyil və bunun əsası 1920-ci illərdə qoyulubdur.   

Zəngəzur- Ermənistanın cənub və Azərbaycanın kiçik bir hissəsini əhatə edən: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri (Meğri). Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəlində bu mahalda 149 türk, 91 kürd, 81 erməni kəndi olubdur.

1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələri çar Rusiyasına arxalanaraq bu regionda qırğınlar törədirdi. Ermənilərin törətdiyi qırğınlar nəticəsində  500 mindən çox türk həlak olub, 115 müsəlman kəndi yer üzündən silinib, 4472 qadın və uşaq faciəli şəkildə qətlə yetirilibdir.

Ermənistan Xalq Cümhuriyyəti yarananda Zəngəzur Azərbaycanın tərkibində olubdur. 1918-1920-ci illərdə Cənubi Qafqaz ərazisinin inzibati  bölgüsü aşağıdakı xəritədə öz əksini tapıbdır.

Keçən 100 il ərzində çar rusiyasının təkidi ilə torpalarımızın bir qismi paylanıb və 1918- 1920-ci illərdə də Azərbaycanın sərhədləri aşağıdakı kimi olubdur. Tam Azərbaycan ərazisində yerləşən Göyçə gölü və onun ətrafı Ermənistana verilibdir.

Mudros müqaviləsindən sonra osmanlı qoşunları Azərbaycanı tərk edir. Azərbaycan Xalq Cümhuriyyətinin  tərkibində yaradılan “Qarabağ general-qubernatorluğu”nu ingilislər tanıyır.

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdən gedir, bolşeviklər hakimiyyətə gəlir. Ölkədə, xüsusən Zəngəzurda erməni-türk münaqişələri davam edir, erməni daşnakları ərazini qırğın meydanına çevirirdi. Həmin ilin 10 avqustunda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycanın xəbəri olmadan Azərbaycan ərazilərinin bir qisminin Ermənistana verilməsi haqqında qərar qəbul edir və Zəngəzur “mübahisəli ərazi” elan edilir.

1920-ci ilin 29 noyabrında Ermənistanda sovet hakimiyyəti qurulur. Noyabrın 30-da Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasında qərara alınır ki, Zəngəzur bölgəsi  iki yerə: Qərbi Zəngəzur qəzasına və əhalisi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölünsün. Nəticədə sahəsi 6742  kv.verst olan Zəngəzurun 3105 kv. verst hissəsi Azərbaycan SSR tərkibində qalır və 3637 kv.verst sahəsi isə Ermənistan SSR-in tərkibinə birləşdirilir.

Zəngəzur rusların təkidi ilə Azərbaycan bolşeviklərinin səriştəsizliyi üzündən, çox güman ki, orada sovet hakimiyyətinin qurulmasına görə Ermənistana verilir. Bu sovet hakimiyyəti dövründə baş veribdir. Xalqlar sovet hökumətini iti qovan kimi  qovdular. Sovet hakimiyyəti yoxdursa, artıq onun qanun və qərarları da ləğv olunubdur. Tarixin həqiqəti bərpa olunmalı və qədim Azərbaycan torpaqları öz kökünə birləşdirilməlidir.

Cənubi Qafqazın xəritəsinə diqqətlə baxsaq, yaradılan bu erməni dövləti Naxçıvan qərbdə qalmaqla türk dünyasını parçalayan bir paza bənzəyir. Bu paz Azərbaycan və Mərkəzi Asiya türklərini, islam dini ölkələrini 2-yə bölməklə onların dini, siyasi-iqtisadi əlaqələrini təmiz kəsibdir.

Bizim arxivlərimizdə, Rusiyanın və digər ölkələrin arxivlərində, internet saytlarında çoxlu xəritələr var. Hansı ki, bu xəritələri rus kartoqrafları tərtib ediblər, Ermənistan adlı dövlət olduğunu qeyd etməyiblər.

Mətndə təqdim etdiyimiz xəritə 1920-ci ildə Xarici İşlər Nazirliyinin təqdim etdiyi informasiya xəritəsidir. Belə xəritələrin tərtibində mənə elə gəlir ki, saxtakarlıq ola bilməz. Diqqətlə baxıldıqda aydın görünür ki, 100 il bundan əvvəl Ermənistana verilmiş Zəgəzur və Göyçə mahalları Azərbaycanın doğma torpaqları olubdur. Sərhəd xətti Azərbaycan, Türkiyə və Ermənistan sərhədləri birləşən nöqtədən başlayıb, Göyçə gölü sahilindəki Qaranlıq (indiki Martuni) kəndindən Göyçə gölünün düz ortasında keçərək Qazax qəzasına çatıb və Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin birləşdiyi nöqtədə bitibdir.

Azərbaycan 100 il bundan əvvəlki torpaqlarını almalıdır. Rus “parçala, hökm sür” siyasətinin nəticəsində türk birliyi parçalandı. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti adlı qondarma bir qurum yaradılır. Əsas ərazidən ayrı düşən Naxçıvan  zonasında isə 1924-cü ildə Naxçıvan MSSR yaradılır. 

44 günlük Vətən müharibəsi dünyanın siyasi xəritəsində güclərin ağırlıq mərkəzinin  dəyişilməsinə təkan verdi. Türk dünyasının Turan birliyi yaranmağa başladı. Məğlubiyyət aktına əsasən Ermənistan vurduğu ziyanların əvəzini özü və onun havadarları ödəməlidirlər.  Ermənistanı bugünkü vəziyyətə salan onun havadarlarıdır. Bugünkü erməni vandalları, onların revanşist qüvvələri vaxtında dərk etməli idi ki, havadarları niyə onlara ərzaq yox, kütləvi qırğın silahları göndərir.

Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Açılmalıdır. Bu dəhlizin açılması ilkin növbədə regionlaşmanı sürətləndirəcək. Azərbaycan üzərindən keçən nəqliyyat kommunukasiya xətləri, Xəzər dənizinin gəmi bərə xətlərindən istifadə etməklə üzü şərqə doğru qloballaşma zonasına, Sakit okean rəqabət mərkəzinə doğru irəliləyəcəkdir. Bu yol bu dövlətləri dördüncü rəqabət mərkəzi olan Sakit okean rəqabət mərkəzinə çıxaracaq. Zəngəzur dəhlizinin açılması region ölkələrinin sürətli inkişafına nail olacaqlar. Bu dəhliz Azərbaycanın, Türkiyənin mərkəzi Asiya dövlətlərinin. Pakistanın, Əfqanıstanın Turan birliyinə meyilli dövlətlərin çiçəklənməsinə səbəb olacaqdır. Bu yol bütün dövlətlər üçün açıq olacaq. İran embarqolardan qurtulacaq. Ermənistan yaşamaq üçün havadarlarından əl çəkib bu yola qoşularsa, onu yaxşı gələcək gözləyir. Bu dəhlizin açılması Avropanı özünə cəlb edəcək. İstehsal məhsulları, istehlak şeyləri, neft yanacaq məhsulları dünya tarixində mühüm yer tutan qədim şərq ölkələrinə yönələcəkdir.

Əli Həsənov

Naxçıvan Dövlət Universiteti

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: