Qalib Lider rekordsmen diyarda

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 10-da növbəti dəfə muxtar respublikaya səfər etdi. Bu səfər çox böyük rəmzi məna daşıyırdı və mühüm tərəfləri ilə seçilirdi. Əvvəla ona görə ki, məhz bu tarixdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev dünyaya göz açıb. Eyni zamanda dahi şəxsiyyətin Vətəni olan Naxçıvana səfər edən cənab Prezident bu dəfə Qalib Ordunun Müzəffər Ali Baş Komandanı, ölkəsinin ərazi bütövlüyünü bərpa edən, ata vəsiyyətini yerinə yetirən, 30 illik erməni işğalına son qoyan Qalib Lider kimi qədim diyara gəlmişdi. Ölkə rəhbəri kimi, 15-ci dəfə Naxçıvana gələn cənab İlham Əliyev çox mühüm infrastruktur obyektlərinin açılışında iştirak etməklə yanaşı, həm də muxtar diyarımızdan bütün dünyaya mühüm bəyanatlar verdi.

Naxçıvan “blokada” və “inkişaf”

anlayışları ilə birgə addımlayır

Naxçıvanın inkişafı və təhlükəsizliyinin təmin olunması məsələsi daim ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub. Buna görə də Naxçıvan “blokada” və “inkişaf” anlayışları ilə birgə addımlayır. Ötən əsrin 90-cı illərində mənfur ermənilər tərəfindən məqsədli şəkildə blokadaya salınan muxtar diyar müstəqillik illərində keçdiyi möhtəşəm inkişaf yolu ilə düşmənin göz dağına çevrildi. Naxçıvanı anamız Azərbaycandan ayrı salıb bu yurdla bağlı xain plan quranların xəyalı alt-üst oldu. Blokadanın ilk illərində çətin günlər yaşadı, çörəksiz, işıqsız, qazsız vaxtları oldu, amma o dövrdə muxtar respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə, naxçıvanlılar düşmənə boyun əymədilər. Naxçıvan müstəqillik illərində ölkəmizin ayrılmaz tərkib hissəsi kimi yaşamaq, var olmaq, inkişaf etmək, qurub-yaratmaq yolunu seçdi. Budur, Naxçıvan ümummilli lider Heydər Əliyevin görmək istədiyi formada inkişaf edir, müasirləşir. Təhlükəsizlik, kənd təsərrüfatı, sənaye, turizm, sosial təminat, bir sözlə, bütün sahələr uğurla inkişaf etdirilir və bütün bu tədbirlər insanların rahatlığına xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri zamanı istifadəyə verilən obyektlər də bir daha göstərdi ki, vətəndaş məmnunluğu, onun rahatlığı Azərbaycan dövləti üçün ümdə məsələlərdən biridir.

Naxçıvana hava qədər gərəkli olan obyekt

Blokadaya alındıqdan sonra ölkəmizin əsas hissəsindən ayrı düşən Naxçıvan Hava Limanına tək çarə, ümid çırağı kimi baxırdı. Amma o dövrdə qədim diyarın hava qapısı naxçıvanlıları narahat edən əsas məsələlərdən birinə çevrilmişdi. Çünki aviasiya təhlükəsizliyi ilə bağlı heç bir tələb yerinə yetirilmir, hərc-mərclik, özbaşınalıq hökm sürürdü. O dövrün şahidlərinin sözlərinə görə, sərnişinlər tərəfindən hava gəmilərinin minik salonuna həddindən artıq yük doldurulurdu. Bəzən elə olurdu ki, yük əlindən salonda tərpəşmək mümkün olmurdu. Uçuş qrafikinə əməl olunmaması isə insanları narahat edən başqa bir məsələ idi.

Müstəqillik illərində blokada Naxçıvanında Hava Limanına muxtar respublikanın hava qapısı, qədim diyarı anamız Azərbaycanla birləşdirən yeganə xətt kimi baxıldı. Bir sözlə, bura Naxçıvana hava qədər gərəkli idi. Buna görə də mərhələ-mərhələ Hava Limanında infrastruktur yeniləndi, yöndəmsiz tikililər ləğv olundu, geniş quruculuq işləri aparıldı, müasir sərnişindaşıma xidmətinin göstərilməsi üçün  bir neçə il bundan öncə ölkə başçısının iştirakı ilə Hava Limanının Şərq və Qərb terminalları istifadəyə verildi. Artıq beynəlxalq status alan və uçuşlar həyata keçirən Hava Limanında ölkə Prezidentinin diqqət və qayğısı ilə yeni uçuş-enmə zolağı da yaradılıb. Dövlətimizin başçısı muxtar respublikaya səfəri çərçivəsində bu sahədə görülən işlərlə tanış oldu. Naxçıvan Beynəlxalq Hava Limanında yaradılan şərait həm də qədim diyarda turizm kimi gəlirli sahənin inkişafına dəstək olacaq. Hər zaman qonaqlı-qaralı olan, yaxın-uzaq ellərdən bu yurdu görmək üçün hava nəqliyyatından istifadə edənlərə yenə də müasir xidmət göstəriləcək. Dövlət başçısının dediyi kimi: “Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq”.

Əlahiddə Ümumqoşun Ordu

düşmənin qorxulu röyası kimi...

Cənab İlham Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövründə Naxçıvanın müdafiə potensialının artırılmasını daim diqqət mərkəzində saxlayıb. Nəzərə alsaq ki, muxtar respublika üç tərəfdən mənfur düşmənlə sərhəddə dayanıb və üstəgəl, blokada şəraitində yaşayır, o zaman bu məsələnin əhəmiyyəti özünü daha qabarıq ifadə edir. Cənab Prezidentin qədim diyara səfərləri çərçivəsində mühüm hərbi obyektlərin açılışında iştirak etməsi, yaxud silahlanmaya yeni qəbul edilən silah-sursat və texnika ilə tanış olması, Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının gücləndirilməsinə göstərilən diqqətin nümayişidir. Bu gün  Naxçıvan Ordusu ən müasir atıcı silahlarla, ağır texnika, pilotsuz uçuş aparatları, eləcə də digər döyüş vasitələri ilə təmin olunub. Müzəffər Ali Baş Komandanın da dediyi kimi:“Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”.

Artıq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu nəinki muxtar diyarın təhlükəsizliyinin qarantına çevrilib, hətta istənilən döyüş tapşırığı belə icra etmək iqtidarındadır. Bunu sözdə yox, əməldə isbat edən, daim Ali Baş Komandanın döyüş əmrinə hazır olan Naxçıvan Ordusu  2018-ci ildə uğurla həyata keçirilən “Günnüt əməliyyatı”nda Şərur rayonunun Günnüt kəndini və ətraf əraziləri Ermənistan ordusundan təmizləməklə nəyə qadir olduğunu göstərdi. İkinci Qarabağ müharibəsində də böyük rəşadət və igidlik göstərən naxçıvanlı döyüşçülər tarixi Şuşa şəhərinədək şərəfli döyüş yolu keçdilər. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına hərb tariximizin şanlı səhifəsini yazdıq. Bu səhifədə isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının xüsusi yeri vardır. “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak ediblər və şəhidlər veriblər, böyük fədakarlıq göstəriblər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”,– deyən qalib ordunun Müzəffər Ali Baş Komandanı bir daha Naxçıvan Ordusunun döyüş qabiliyyətinə yüksək qiymət verdi.

 Mayın 10-da muxtar respublikaya növbəti səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun və muxtar respublikanın ən böyük tibb müəssisəsi olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edən ölkə başçısı bir daha göstərdi ki, ordunun müdafiə potensialının artırılması və bu ordunun sıralarında xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması əsas məsələlərdən biridir. Çünki 30 illik erməni işğalına son qoyan, düşməni ata-baba yurdumuz olan Qarabağdan qovan məhz bu müzəffər ordudur. Səfər çərçivəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və Naxçıvan şəhər qəbiristanlığında  uyuyan qəhrəman oğullarımızın da məzarlarını ziyarət edən, onların əziz xatirəsini ehtiramla yad edən Ali Baş Komandan müharibədən sonrakı bəyanatlarında bildirib ki, tarixi zəfərin ən böyük memarı məhz Azərbaycan Ordusu, eləcə də şəhidlərimiz və qazilərimizdir.

Çoxcəhətli inkişafı ilə seçilən

rekordsmen Naxçıvan

Müstəqillik illərində başdan-başa yenidən qurulan, bütün sahələrin inkişafı üçün ortaya böyük bir zəhmət, vətənpərvərlik nümunəsi, Vətən sevgisi qoyulan Naxçıvanda ümummilli lider  Heydər Əliyev ideyalarına dərin sədaqət göstərilir, muxtar diyar Heydər Əliyev quruculuq və inkişaf xəttindən güc alaraq çiçəklənir, iqtisadi göstəricilərinə görə lider mövqedə dayanır. Bəlkə də başqa bir yerdə, başqa bir məmləkətdə müasir dövr üçün inkişaf adi hal hesab oluna bilər, amma Naxçıvan blokada şəraitində yaşayır və bütün bu uğurlara məhz ölkəmizin əsas hissəsindən ayrı düşdüyü vaxtda nail olunub. Ölkə Prezidentinin iştirakı ilə “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanışlıq,  Azərbaycan xalçaçılıq sənəti tarixində mühüm yeri olan Naxçıvan xalçaçılıq məktəbinin yaşadıldığı “Azərxalça” ASC-nin Naxçıvan filialının açılması, ölkəmizdə ikinci belə mərkəz olan və muxtar respublikada heyvandarlığın inkişafına, eləcə də ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək  Süni Mayalanma Mərkəzində yaradılan şərait, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” və Culfa-Ordubad magistral avtomobil yolu kimi irimiqyaslı infrastruktur layihələrinin icra edilməsi  bir daha onu göstərir ki, Naxçıvanda bütün sahələr paralel şəkildə inkişaf etdirilir.

Düşünürəm ki, səfər çərçivəsində Ordubad Su Elektrik Stansiyasının tikintisi və Ordubad dəmir yolu stansiyası ilə tanışlıq ayrı bir yazının mövzusudur. Çünki dövlətimizin başçısı səfərin sonunda  Azərbaycan Televiziyasına verdiyi müsahibədə hər iki obyektə xüsusi toxundu.   Əvvəla qeyd edək ki, Naxçıvan ötən əsrin 90-cı illərində – tarixi sınaq qarşısında qaldığı vaxtlarda demək olar ki, enerji mənbələrinə həsrət qalmışdı. Ölkə başçısının da qeyd etdiyi kimi, o vaxt Azərbaycandan gələn xətlər Ermənistan tərəfindən kəsilmişdi və muxtar respublika zülmət qaranlığa qərq olmuşdu. Zamanında ulu öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində qonşu ölkələrdən enerji idxalına nail olan Naxçıvan müstəqillik illərində həyata keçirilən ardıcıl və düşünülmüş tədbirlər nəticəsində enerjini ixrac edən muxtar diyara çevrildi. Naxçıvanın enerji potensialından səmərəli istifadə olundu, alternativ və bərpaolunan enerji mənbələrinin işə salınması ilə muxtar respublikada elektrik enerjisi ilə təchizat 100 faizə çatdırıldı. Araz çayı üzərində tikilən və gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyası da Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Budur, sözün həqiqi mənasında qədim Naxçıvan torpağı nura, işığa qərq olub. Bu işığın təntənəsində müasirlik də var, inkişaf da, sabitlik də, insan amilinə göstərilən qayğı da...

Müstəqillik illərində qədim diyarda yaradılan yeni emal və istehsal sahələri, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, sənaye məhsulunda artım, aqrar sektorda belə demək mümkünsə, inqilabi dəyişikliklər, dövlət tərəfindən təsərrüfatçılara ayrılan güzəştlər və verilən kreditlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində yaradılan ən müasir infrastruktur, turizm sektoruna yeni dövrün çağırışları ilə baxış, şəhər, qəsəbə və kəndlərin başdan-başa abadlaşdırılması, yaşayış məntəqələrində yol-nəqliyyat infrastrukturu ilə bağlı layihələrin həyata keçirilməsi Nuh yurdunu inkişaf və tərəqqisinə görə rekordsmen bölgəyə çevirib. Ölkə Prezidentinin də dediyi kimi: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir”.

Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi ölkə başçısının da qeyd etdiyi kimi, əvvəlcə hərbi, daha sonra siyasi müstəvidə öz həllini tapdı. Düşmən döyüş meydanındakı biabırçı məğlubiyyətdən sonra kapitulyasiya aktına qol çəkdi və biz bir güllə belə atmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarını işğaldan azad etdik. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bəpra olunması, dəhlizin açılması nəzərdə tutulur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizi açılandan sonra Ordubad dəmir yolu stansiyası mühüm əhəmiyyətə malik olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.    

Bu dəhliz vasitəsilə Naxçıvan Azərbaycanın əsas hissəsi, eləcə də Türk dünyası ilə birləşəcək. Dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə üçtrərəfli Bəyanata Naxçıvanla bağlı maddənin əlavə olunması qədim diyarı blokadadan çıxarmaqla yanaşı, bölgə üçün yeni inkişaf meylləri də müəyyən edəcək. Azərbaycan bununla bir daha bütün dünyaya sülhsevər niyyətini göstərir, bölgədə təhlükəsizliyin, inkişafın tərəfdarı olduğunu nümayiş etdirir.

Naxçıvandan revanşist

dairələrə mesaj

Çox təəssüf ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə bəzi Azərbaycanfob dairələr təcavüzkarın, işğalçının mövqeyini müdafiə etdilər. Bəlkə də buna görə Ermənistandakı revanşist qüvvələr erməni xalqını aldadaraq tarixi Azərbaycan şəhəri olan Şuşanı, Hadrutu geri qaytaracaqları barədə sərsəm bəyanatlar səsləndirirlər. Onlar anlamalıdırlar ki, bu, özünüqəsddən başqa bir şey deyil. “Dəmir yumruq” sahibi olan Azərbaycan bölgədə yeni bir reallıq yaradıb və bütün siyasi qüvvələr, eləcə də düşmən bununla barışmalıdır.

Dövlətimizin başçısı əzəli Azərbaycan torpağı olan Naxçıvandan revanşist qüvvələrə mesaj verdi, bəzi siyasi dairələrin mövqeyini qəti şəkildə pislədi, başqa sözlə, onları aynaya baxmağa, öz ölkələrində cərəyan edən hadisələrə reaksiya verməyə dəvət etdi. Prezidentin Naxçıvan Bəyanatını ermənilər yaxşı-yaxşı təhlil etməli və tarixən Naxçıvan xülyası ilə yaşayıb 44 gün ərzində Qarabağda “Dəmir yumruğ”un gücünü görənlər tez bir vaxtda revanşist fikirlərdən əl çəkməlidirlər. Bir sözlə, bütün tərəfləri ilə unudulmazdır, yaddaqalandır QALİB LİDERİN NAXÇIVAN SƏFƏRİ...

Muxtar Rzazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: