Sağlamlıq imkanları məhdud uşaqlar üçün kurs təşkil olunub - FOTOLAR
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün bədii tikmə və toxuculuq sənəti üzrə kurs təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kurs may ayının 18-dən 22-dək davam edəcək.
Yaradıcılıq sahəsinə marağı olan 20 sağlamlıq imkanı məhdud uşağın cəlb edildiyi kursda iştirakçılara dekorativ–tədbiqi sənətin növü olan bədii tikmə və toxuculuq sənətinə aid texniki və bədii xüsusiyyətlər aşılanır. Kurs Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii tikmə-toxuculuq dərnəyinin rəhbərləri Şükufə Məmmədova və Elnarə Vəliyeva tərəfindən aparılır. Kursun sonunda iştirakçılar bədii tikmə və toxuculuq sənəti haqqında məlumatlanacaq, bu sənətin sirlərini, işləmə üslubunu öyrənəcək və ən əsası yaradıcılıq qabiliyyətlərini inkişaf etdirəcəklər.
Qeyd edək ki, Dövlət proqramının icrası istiqamətində hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində 169 sağlamlıq imkanları məhdud uşaq müxtəlif profilli dərnəklərə cəlb olunub.
Xosrov İbrahimov