Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 18-də Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və təşkilatın sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.  

Konfransın gündəliyi qəbul olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatınınsədri Məcid Seyidovun hesabatı dinlənilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı öz sıralarını ötən beş ildə daha da genişləndirib. Hazırda 429 şəhid ailəsi, 374 müharibə əlili, 3279 müharibə veteranı təşkilatın üzvüdür. Muxtar respublikada müharibə veteranları və şəhid ailələrinin sosial vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası daim diqqət mərkəzində saxlanılır. Belə ki, müharibə veteranlarının minik avtomobili ilə təmin ediməsi istiqamətində işlər davam etdirilib, veteranlara və şəhid ailələrinə hesabat dövrü ərzində 62 ədəd minik avtomobili verilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında  şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara 37 mənzil və fərdi yaşayış evi verilib. Məcid Seyidov göstərilən diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.

İdarə Heyətinin üzvləri Raqib Baxşıyev və Novruz Rəhimov çıxış edərək Seyidov Məcid Mirəli oğlunun Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürüblər.  

Təklif səsə qoyularaq qəbul olunub və Məcid Seyidov Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri seçilib.  

Məcid Seyidov minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək deyib ki, Azərbaycanda vətən müharibəsi əlillərinə və şəhid ailələrinə  dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Ordusunun Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etməsi və tarixi qələbə qazanması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada da Azərbaycan Vətən Müharibəsi veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müharibə veteranları və şəhid ailələri minik avtomobilləri, fərdi ev və mənzillərlə təmin olunur, onların müxtəlif sanatoriyalarda müalicələri təşkil edilir. Muxtar respublikada Vətən müharibəsi şəhidlərinə də böyük ehtiram göstərilib, şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunublar.

Ülvi Hüseynli bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı gələcək fəaliyyətini Ali Məclis Sədrinin tapşırıqlarının icrası istiqamətində qurmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: