Naxçıvanlı gənclərin qazilərlə görüşü təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində təşkil olunan görüşdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müasir Azərbaycan ordusunun gücünə xüsusi diqqət çəkib, Vətən torpaqlarının azadlığa qovuşmasında rolu olan şəhidlərimizin və qazilərimizin rəşadətindən bəhs edib. Xidmət rəisi Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin xüsusi rolunu xatırladaraq xalqımızın bu fədakarlığı və mərdliyi heç zaman unutmayacağını vurğulayıb və qazilərin hər birinə təşəkkürünü bildirib.
Görüşdə iştirak edən Vətən müharibəsi qaziləri Təbriz Zeynalov, Anar Cəfərov, Mirkənan Kərimov, Nurəddin Nəbiyev, Ceyhun Davudov, Hüseyn Hacıyev, Seymur Yusifov və Ümman Məmmədov Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər. Azad olunan torpaqların indi gənclərə əmanət olduğunu vurğulayan qazilər onlara vətəni daima uca tutmağı tövsiyə edib.
Görüşdə gənclər qazilərə suallarını və ürək sözlərini ünvanlayıb. Sonra Vətən müharibəsi iştirakçılarına təşəkkür plaketləri təqdim olunub.
Sonda 7 may 2021-ci il tarixində Hərbi Liseyin kursantları arasında keçirilmiş “Şanlı Zəfər Tariximiz” adlı inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasındakı fəaliyyətinə görə Gənclər Fondu tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Mahmud Hüseynov