Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Ağbulaqda istirahət ediblər - FOTOLAR
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqustun 4-dən 7-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Dövlət Texniki Kollecinin fəal tələbələri Ağbulaq istirahət mərkəzində olub. Tələbələr Ağbulaq kəndini və “Şəfa” bulağını gəzib. Yay məktəbi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri “Xəmsə”, “Axtar, tap” və Oxunması zəruri olan kitablara əsasən hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununda öz biliklərini sınayıb və müxtəlif idman növləri ilə məşğul olublar. Keçirilən yarış və tədbirlərdə fəal iştirak edən və qalib olan iştirakçılara fəxri fərmanlar və sertifikatlar verilib. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edib. Gənclər “Girdab”, “Dahi şəxsiyyət” bədii filmlərinə və aprel döyüşlərindən bəhs edən sənədli filmə baxıblar.
Qeyd edək ki, növbəti “Yay məktəbi” 14-17 avqust 2018-ci il tarixlərdə Naxçıvan Musiqi Kollecinin tələbələri üçün təşkil olunacaq.