Naxçıvan Dövlət Universitetində “Karyera günü” keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Universitetin sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilən “Karyera günü”nündə universitetin rektoru Elbrus İsayev universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunların işlə təmin edilməsi məqsədi ilə dövlət qurumları ilə əməkdaşlığın qurulması, tələbələrin  ixtisasları üzrə dövlət müəssisələrində təcrübə keçmələri və işlə təmin olunmaları haqqında danışıb.

Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi məzunların gələcək karyera inkişafında xüsusi əhəmiyyət daşıyır.

Yaxşı təhsil almış, formalaşmış gənc həm də sabahın istedadlı mütəxəssisidir, - deyən universitetin rektoru Elbrus İsayev Dövlət İmtahan Mərkəzi tərəfindən universitetdə “Karyera günü”nün keçirilməsinin dövlət müəssisələrinin ixtisaslı kadrlarla təmin olunmasına, tələbə-gənclərin gələcəkdə özlərinə uyğun ixtisaslar üzrə düzgün peşələri seçməsinə böyük dəstək verdiyini bildirib.

“Muxtar respublikamızda gənclərin məşğulluğu üçün hər cür imkan yaradılır, onların işə qəbulu diqqət mərkəzində saxlanılır”,- deyən Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, hazırda Mərkəz tərəfindən 33 istiqamət üzrə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmə imtahanları keçirilir. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir, gənclərin dövlət orqanlarına marağı artır və müsabiqələrdə böyük rəqabət vəziyyəti müşahidə olunur. Bu gün universitetdə keçirilən “Karyera günü” tələbələri ixtisaslarına, bilik və bacarıqlarına uyğun vəzifələrlə, habelə keçirilən müsabiqələrin qaydaları və şərtləri ilə tanış etmək məqsədi daşıyır.

Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə-gənclərə ətraflı məlumat verib. Dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növlərinə, eləcə də digər dövlət müəssisə və təşkilatlarına işə qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, imtahanların məzmunu, sual sayları və keçid balları ilə tanışlıq tələbə-gənclərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda tələbələrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: