Muxtar respublikada “Qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrasına başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən  təşkil olunan “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrası ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Qadınların sağlamlıqlarının və hüquqlarının qorunması, təhsili, məşğulluqlarının təmin olunması, mikro və makro sahibkar kimi fəaliyyət göstərmələri istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Göstərilən qayğının nəticəsində Naxçıvan qadınları bütün sahələrdə, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada  iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Bildirilib ki, muxtar respublikada aparılan sosialyönümlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədilə 2021-ci ilin ötən dövrü ərzində 55 aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib, qadınların özünüməşğulluqlarının təmin edilməsi üçün məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilib. Həmçinin muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi üçün hər cür şərait yaradılır. Hazırda muxtar respublikada ümumilikdə 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Vurğulanıb ki, Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində öz biznes planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib. Bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm də yeni ailə təsərrüfatlarının formalaşmasına şərait yaradır. Hazırda muxtar respublikamızda 1040 ailə təssarüfatı fəaliyyət göstərir.

Ramilə Seyidova bildirib ki, görülən işlərin davamı olaraq cari ildə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı layihənin icrasına başlanılır. Layihə çərçivəsində “Gələcəyini Planlaşdır” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulub. Məqsəd layihə iştirakçıları olan qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir.

Bildirilib ki, təlimlər zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən olan 27 qadının iştirakı nəzərdə tutulub. Təlimlərin sonunda uğurlu biznes planı təqdim edən layihə iştirakçılarına sertifikatlar təqdim olunacaq və 20 qadına sərmayə kapitalı veriləcək.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat verib. Layihə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Sonra “Gələcəyini planlaşdır” təliminə start verilib. Təlim qarşılıqlı diskusiya şəklində keçirilib, qadınlar tərəfindən marqla qarşılanıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: