Dünyada iqtisadi yüksəliş, elmin sürətli inkişafı, yeni ölçü vahidlərinin yaranması qloballaşan dünya ticarətində fərqli ölçü və əlaqələrin inkişafında ciddi əngəllər törətdiyindən dünyanın vahid ölçülər sisteminə keçidi zərurəti yaranıbdır. Bu məqsədlə 1875-ci ilin may ayının 20-də Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin iştirakı ilə məşhur Metrik Konvensiyası imzalanıb və hər il həmin gün dünyada Ümumdünya Metrologiya günü kimi qeyd olunmaqdadır. Metrik Konvensiyasına uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro yaradıldı. Bu konvensiya imzalandıqdan sonra isə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıbdır. Metrik Konvensiyanın ilkin hədəfi Konvensiyanı imzalayan bütün ölkələrdə ölçü sisteminin vahidliyinin qorunmasından ibarətdir. Məlumdur ki, metrologiya qədim dövrlərdə yaranıb və tərcümədə "ölçmə elmi" mənasını verir. Metrologiya ölçmə ilə məşğul olan bütün elmlərə və fənlərə nüfuz edir və onlar üçün vahid bir elmdir. Metrologiyanın istifadə etdiyi əsas anlayışlar ölçmə, ölçü aləti, metrologiya və ölçü texnikalarıdır. Həqiqətən, daha geniş şəkildə ölçmə elmi olan metrologiya kəşf və yeniliklərdə, sənaye istehsalında və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yüksəldilməsində və qlobal mühitin qorunmasında aparıcı rol oynayır. Bu elm ciddi dəqiqliyə ehtiyac olduqda köməyə gəlir.
Metrologiya elminin əsas predmeti ölçmələr, ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin etməkdir. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının normalaşdırılması, yoxlama aparatlarının, etalonların, nümunəvi və işçi ölçmə cihazlarının müqayisə olunması, yoxlama və attestasiya metodlarının harmonizasiyası, beynəlxalq miqyasda unifikasiya olunmuş ölçmə vasitələrinin istifadə olunması, metroloji xidmətlərin təşkilinin optimal formalarının yaradılması, metrologiya sahəsində müxtəlif ixtisas səviyyəsində kadr hazırlığının vahid prinsiplərinin müəyyən edilməsi üçün dünya ölkələri tərəfindən bu istiqamətdə beynəlxalq təşkilatın yaradılması zərurətə çevrilibdir. Bu məqsədlə 23 mart 1950-ci ildə Cenevrədə Ümumdünya Metrologiya Təşkilatı yaradılıbdır. Hazırda dünya ölkələrinin 189-u Ümumdünya Metrologiya Təşkilatında bu prinsiplər əsasında birləşibdir.
Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmaz faktdır. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və sair bu kimi sahələr ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Məhsulların istehsalı və beynəlxalq səviyyədə ticarət predmetinə çevrilməsi, əhalinin sağlamlığı və təhlükəsizliyi üçün atılan addımlar, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqətlə yanaşıbdır. Azərbaycanda keyfiyyət infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması və inkişafı istiqamətində mühüm layihələr reallaşdırılıbdır. Ölçmələr Sisteminin təkmilləşdirilməsi üçün 13 iyun 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunubdur. Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi diqqətdə olan ən vacib məsələlərdən birinə çevrilibdir.
Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bugün əsas fəaliyyət istiqamətlərindəndir. Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənibdir. Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və bütün bunlarla yanaşı, metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.
Muxtar respublikamızda metrologiya sahəsində tədbirlərin səmərəli icrası üçün ardıcıl işlər aparılmaqdadır. Ölçmələrin düzgün nəticələri muxtar respublikada istehsal olunan və ya satılan məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, ədalətli ticarətə, ətraf mühitin qorunmasına və ümumi iqtisadi inkişafa geniş imkan yaradır. Buna görə də metroloji normalara və qaydalara əməl olunması işləri davamlı olaraq diqqətdə saxlanılır. Ümumilikdə 2020-ci il ərzində ölçmə vasitələrinin normativ göstəricilərinin standarta uyğunluğunun yoxlanılması davam etdirilmiş və 11 min 782 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunmuşdur.
Beynəlxalq standartlar əsas götürülərək metrologiya sahəsinin inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.