Sağlamlıq imkanları məhdud uşaqlar arasında velosiped yarışı üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yarışda yaşı 18-dək olan paralimpiyaçılar iştirak ediblər. Nazirlik ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan şəhərində yerləşən Sahil Parkında keçirilib. Qələbə uğrunda mübarizədə şəhər və rayonlardan ümumilikdə 18 idmançı iştirak edib. Qaydalara əsasən, təyin olunan məsafənin qət edilməsi ilə yanaşı, finişə çatma müddəti də hesablanaraq sıralama müəyyənləşdirilib.

Nəticələrə gəlincə, Ordubadı təmsil edən Mikayıl Məmmədov ən yaxşı göstərici ilə birinciliyin qalibi olub. Naxçıvan idmançısı Nihal İmanovla Culfa təmsilçisi Asim Zamanov müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar. 

İlk üçlükdə qərarlaşanlara diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib. Bütün iştirakçılar federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, birincilik sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, onların reabilitasiyası, o cümlədən idmanın müxtəlif növlərinə marağın artırılması məqsədi ilə keçirilib.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: