Dağların, dərələrin bənzərsiz neməti – Baldırğan

A- A A+

Ulu Tanrı odlar yurduna nə bəxş edibsə, səxavətini əsirgəməyib. Bütün dünyaya səs salan yeraltı sərvətləri ilə yanaşı, zirvələrində yaşıl çəmənli yerlə göyün birləşdiyi dağlarımız, dərələrimiz də can dərmanı olan bitkilərlə zəngindir. May ayının ilk günlərindən başlayaraq dağlıq ərazilərdə yabanı halda bitən, insanda xoş ovqat yaradan, xüsusi qoxuya malik olan belə qiymətli bitkilərdən biri də can dərmanı adlandırılan baldırğan bitkisidir. Hər tərəfi yaşıllıqlara bürüyən bu bitki, əsasən, Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarındakı dağ çəmənliklərində yetişən yabanı növ tərəvəzlər sırasında yer alır. Ancaq aran ərazilərdə onu bağlarda da bitirən həvəskarlar az deyil. Çoxillik ot bitkilərindən olub, çətirkimilər fəsiləsinə daxil olan baldırğan görənləri öz gözəlliyi ilə heyrətə salır. Hazırda dünyada 60-dan çox növü olan bu bitkinin muxtar respublikamızda 2 növü yayılmışdır. Gözəl təbiətli rayonumuzun Salvartı dağının ətəklərində bitən baldırğan növü bəzək bitkisi kimi Kükü və Aşağı Qışlaq kəndi ərazisində, Keçəldağ yamacında və onun ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir. Bitkinin uca gövdəsi qamışvarı, içərisi boş boruya bənzər formalıdır. Yarpaqları boz-yaşımtıl və sadə lələkvarıdır. Ağ-sarımtıl rəngdə çicəkləri olur. Bitkinin çiçəkləri külək və qanadlı həşəratlar vasitəsilə tozlanır. Baldırğanın əsas hissəsi cavan zoğlardır ki, tərkibində bir çox vitamin, şəkər və efir yağları olduğundan yarpaq və meyvələrinin də tərkibində efir yağları vardır.

Hər bitkinin bir yığılma vaxtı olur. Baldırğanın da yığılma vədəsi, elə bax, bu vaxtlardır. İnsan əli dəymədən yabanı halda yetişən və tam təbii məhsul olan baldırğanı yığmaq üçün kənd adamları beş-beş, on-on yığışaraq əvvəlcədən bir vaxt müəyyən edir, səhərin sübh çağından dağlara, dərələrə qalxır.

May ayında dağlarımızı, dərələrimizi yaşıl örpəyə bürüyən bu bitkini yığmaq kənardan asan görünsə də, əslində, bir o qədər də asan deyil. Tünd qoxusu olduğu üçün yığılan zaman çox vaxt adamda kəskin baş ağrıları yarada bilir. Yığmaq üçün iti bıçaqdan istifadə olunur. Torpağın üstündən 3-4 santimetr yuxarı kəsilir. Yığdığımız baldırğanlar yarpaqlarından təmizlənməlidir. Bitkini, əsasən, sərin havalarda, səhərlər gün çıxmamışdan əvvəl yığmaq lazımdır. Və bu bitkini digərlərindən fərqli olaraq, əlcəklə toplamaq məsləhətdir. Ona görə ki bitkinin bıçaqla kəsilən yerindən çıxan şirəsi əllərdə ləkələr və ya yanıqlar yaradır. Dəriyə qıcıqlandırıcı təsir götərir. Kənd adamları baldırğanı həm qışa tədarük edir, həm də ondan turşular bağlayaraq satırlar.

Milli mətbəximizdə ən çox işlənən turşulardan biri olan baldırğan turşusunun yəqin ki, dadını bilməyən tapılmaz. Baldırğandan həm də dadlı mürəbbə hazırlanır. Xalq təbabətində baldırğanın faydaları hər kəsə məlumdur. Belə ki, müxtəlif xəstəliklərin müalicəsində baldırğan can dərmanıdır. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və toxumlarından istifadə edilir. Kök hissəsi qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə olduqca faydalıdır. Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Onun iyun-iyul aylarında açan çiçəklərindən isə kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir. Yerüstü hissəsindən alınmış şirə isə bəzi şişlərin müalicəsinə köməklik göstərir. Yarpaqlarından alınmış narın toz isə dəri qaşınmalarının qarşısını alır. Əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur.

                                                                 “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: