Qəhrəmanlıqlarla dolu tariximizdən gələn səslər
30 ilə yaxın bir həsrətdən sonra Azərbaycan xalqı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və qalib Azərbaycan Ordusunun sayəsində öz əzəli və əbədi torpaqlarını yağı düşməndən azad etdi. Dəmir yumruqtək birləşib düşmənin başını əzdi və nəticədə, şirin vüsalı dadaraq layiq olduğu Qələbə sevincini yaşadı. Bizi zəfərə aparan 44 gün ərzində xalqımızın hər bir nümayəndəsi ölkə Prezidentinə, müzəffər Azərbaycan Ordusuna inandı, əzmlə çalışdı və qələbə adlı mükafatını qazandı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı bu zəfər şanlı tariximizdən və ədalətdən doğan əsl qələbə idi.
Bəs şanlı qələbəyə necə nail olduq? 44 günlük müharibədə xalqın Sərkərdəsinin və müzəffər ordusunun hər bir döyüşçüsünün dünyaya nümayiş etdirdiyi dosta güvən, düşmənə göz dağı olan əzminin, şücaətinin, qorxmazlığının, igidliyinin qaynağı nədir?-deyə düşündükcə daxildən ulu əcdadlarımızın səslərini duyuram, düşüncələr aləminə qərq olaraq həmin səsi dinləyirəm...
Zaman dayanmadan öz axarı ilə ötür. Hər ötən gün keçmişə, keçmiş isə tarixə çevrilir. Elə xalqlar var ki, zamanın amansızcasına dönən dəyirman daşları arasında, sadəcə, toza çevrilir. Hər keçən günün böyük tarix kitabında şanlı, zəfər dolu səhifələrə yazılması isə hər xalqa nəsib olmur. Buna görə Əbu Turxan deyirdi: “Tarix iki halda təkrarlanır: ibrət götürəndə yaxşı məqamlar, götürməyəndə pis məqamlar təkrar olunur”.
Keçmişimiz bizim bu gün və gələcəyimizi işıqlandıran güzgüyə bənzəyir. Keçmişimizi bir günəş kimi düşünsək, öz güzgümüzü həmin günəşə düzgün tutmaqla istədiyimiz zamanı işıqlandıra, ibrət götürdüyümüz məqamlar ilə də hədəfimizə tam dəqiq çata bilərik. Ən əsası isə gərək, əcdadlarının ruhunu öz daxilində hər an gəzdirdiyini biləsən. Çünki onlar zəfər dolu tariximizi yaratmaqla bizim genefondumuza mübarizlik, əyilməzlik kodlaşdırıblar. Kor-koranə mübarizə aparmaq isə susuz səhrada dolaşaraq su aramaq kimidir, deyirlər. Mütləq arxasınca gedəcəyimiz ali hədəf və bir sərkərdə olmalıdır. Bunun üçün də, gərək, mübariz olmaqla bərabər, bilikli, savadlı, vətənpərvər, ən əsası, əcdadlarının bizim üçün miras qoyduğu şərəf və ləyaqəti yaşada bilən əzmli savaşçı olasan.
Zəfər dolu tariximizdən gələn səslərin nə demək istədiyini bir azdan anlayacaqsınız. Onun mənə anlatdıqları bu Vətənin, xalqın övladlarının təpədən-dırnağadək azadlıq, qələbə eşqi ilə silahlanmasının tarixini anladır, öz ata-babalarından miras aldıqları dilbər diyar üçün bir an belə düşünmədən nə üçün canından keçdiyinin səbəbini izah edir. Əziz oxucu, qələmə aldığım bu yazıda məqsədim sizə tariximizi öyrətmək yox, hamımızın qəlbində, ruhunda, daxilində həmişə var olan şanlı keçmişimizi yada salmaqdır. Gəlin öz güzgümüzü günəştək parlayan keçmişimizə tərəf çevirək, bütün sualların cavabını öz tariximizdə axtaraq. Unutmayın, qalib olanlar daim həqiqətin axtarışında olanlardır.
639-cu il idi...
Yağan yağışdan, çoxillik ağacları kökündən qoparan güclü tufandan əsər də qalmayıb. Vei çayının şırıltısı uzaqdan eşidilir. Nəfəs-nəfəsə qaçışan atlar artıq taqətdən düşmək üzrədir. Çayın kənarına çatan döyüşçülər cəld atlarından enib, Kürşadın verəcəyi qərarı səssizcə gözləməyə başladılar. Artıq uzaqdan düşmən əsgərlərinin səsləri də eşidilməkdədir. Sərkərdələrdən biri uca səslə deyir:
–Buraya qədər yaxşı gəldik, çayı keçdikdən sonra izimizi itirəcəyik. Ancaq mənə elə gəlir ki, taqətdən düşən atlar ilə çayı qətiyyən keçə bilmərik.
O, qılıncının qəbzəsini, sanki qıracaqmış kimi möhkəm sıxaraq qartal baxışlarını, sadəcə, qarşıya dikmiş, bütün baş verənləri və öz məqsədini təkrar düşünməkdə idi. Yoldaşları düşünürdülər ki, görəsən, o, bu zamanda nə fikirləşir və nə edəcək? Onlardan biri dözə bilməyib səssizliyi pozur: deyəsən, yolun sonuna gəldik, qardaşlarım. Çay həmişəkindən daha gur axır. Yağan yağışın təsiri ilə çayın suyu daha da artdığından dayaz yer tapmaq mümkün olmayacaq. Biz təcili şəkildə körpü düzəltməliyik. Əgər vaxtında körpünü düzəldərək çayı keçə bilsək, onda təqibdən qurtularıq.
Kürşad bir anda baxışlarını zillədiyi üfüqdən endirərək uca səslə böyük bir imperiyanın qarşısına çıxan qırx döyüşçüsünə səslənir:
–Biz bu yola çıxanda yolun sonunda azadlıq günəşinin işıqlarını gördük. Öz yolumuzda əminliklə addımladıq. Qarşımıza çıxan bütün maneələri dəf etdik. Sizdən soruşuram, əgər bu çaydan körpünü düzəldərək keçsək, öz günəşimizə çata biləcəyikmi? Mənim xalqım əsarət boyunduruğundan qurtula biləcəkmi? Qardaşlarım, biz Ötükənə əliboş qayıtsaq, xalqımız bizi bağışlayarmı? O, qılıncını qınından şimşək kimi çıxararaq havaya qaldırır:–bu gün elə bir körpü düzəldəcəyik ki, təkcə bu gün biz yox, əsrlər sonrasında da xalqımız bu mənəvi körpüdən keçərək azadlığı daim dadacaq, əsarəti heç vaxt qəbul etməyəcəklər. Bu körpü vətənin, xalqın azadlığı uğrunda hər şeydən imtina körpüsü olacaq,– deyir.
Qazandığı bütün zəfərlərdə onunla birlikdə olan yoldaşları yaxşı bilirdilər ki, onun kimi əzmli savaşçı çıxdığı yoldan heç vaxt əliboş geri dönməz. Ölümü ilə olsa belə, vətəni və xalqı üçün mütləq bir şey qazanmalıdır. Elə bu məqamda döyüşçülərdən biri deyir:–gəlirlər, yetişmək üzrədirlər.
Türk xalqının qəlbində və zəfər dolu tarixində əbədi yaşayan böyük sərkərdə Kürşad: –çəkin qılıncları, gün azadlıq günüdür. Tanrı xalqımızı qorusun!–deyir və öz milləti üçün böyük bir yol və ən qiymətli xəzinələrdən dəyərli olan azadlığı miras qoyur...
Bütün bu hadisələr üzərindən bir çox illər keçər. Vətəni üçün canından keçən igidlərin adı dillərdə qalar, dastan olar, əfsanəyə çevrilər. Xalqımızın azadlıq mübarizəsi də bitməz, tükənməz. El-obanın dar günündə ən cəsur və ağıllı sərkərdə əcdadlarından aldığı ən dəyərli mirası qorumaq üçün önə keçər, mübarizəyə öndərlik edərdi.
837-ci il idi...
Xalqın başını alan qara buludları 20 ildən artıq bir müddətdə darmadağın edən bir igidin son döyüşünə çıxmaq vaxtı yetişib. O sərkərdə öz adı ilə bütün dünyaya səs salan, adı çəkiləndə ərəb xilafətinin canına qorxu salan Babək idi. İgid döyüşçü tarixin güzgüsündə son dəfə öz sərkərdələri ilə ayrılıq şərabı içir...
–Yağı düşmən bizi qorxudur ki, əzmimiz qırılsın, iradəmiz şikəst olsun, azadlıq eşqimiz sönsün, əsarət boyunduruğunda əsir olaq. Biz 20 ildir düşmən qarşısında yalnız qələbə qazanaraq azadlığın necə şirin bir nemət olduğunu xalqımıza daddırdıq. Çıxacağımız bu döyüş bəlkə də son döyüşümüz olacaq. Ya bir dəfəlik məhv olaq, ya da qalib gələk. Unutmayın, mərdanə ölüm bizim üçün son silahdır. Şərəfli ölüm bu dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır. Bu silahı bizim əlimizdən heç kim ala bilməz.
Döyüşçülərdən biri:–Sənin sözün bizim üçün qanundu, Babək. Əmrinlə hər an ölməyə hazırıq,–deyir.
– Yağı düşmən bütün qüvvəsi ilə üstümüzə gəlir. Ancaq düşmən bilmir ki, bizim iradəmiz, əzmimiz azadlıq eşqi ilə alışıb yanır. Unutmayın ki, azadlıq verilmir, alınır qan bahasına, qurban bahasına. Əgər bu döyüşdə ölümü dadsaq, əmin olun ki, bizim öz nəslimiz üçün miras buraxdığımız bu yoldan hələ çox keçən olacaq, qılıncımızı tutan əllər yetişəcək, Azərbaycanımız azad olmayınca qınından çıxardığımız bu qılınc təkrar qınına qoyulmayacaq.
Dövrünün ən böyük sərkərdələrindən biri olan Babək 20 il müddətində ərəb xilafətinə qarşı öz vətənini müdafiə edir. Öz ölümü ilə belə xalqına xidmət edən igid döyüşçü ali hədəfinə çatır. Bütün bu hadisələrin üzərindən illər keçməsinə baxmayaraq, nə onların yolu unudulur, nə də hədəflərindən vaz keçilir. Məhz buna görədir ki, xalqımız yetirdiyi igid, mərd oğulları ilə daim dünya tarixində iz buraxmağı bacardı. Böyük dövlətlər yaradaraq cahana hökm etdilər. Təbiidir ki, bu yolda xalq və sərkərdə tək ürək olub hərəkət etdilər.
Bir daha tarixin aynasında xalqımızın cahana hökm etdiyi dövrün başlanğıcını seyr edək.
1071-ci ilin payızı idi. Malazgird adlanan bu yerdə havada əsən xəfif rüzgarın zəif vıyıltısından savayı səs-səmir çıxmırdı. Hər tərəf, elə bil, ölüm havasına bürünmüş, yarpaqlar saralmış, otlar isə qışın uzaqdan gələn nəfəsi ilə qurumağa üz tutmuşdu. Sanki, təbiət də bir azdan olanları düşünərək hər yeri səssizliyə qərq etmişdi. Çünki az sonra bir xalqın cahana hökm etdiyi dövr başlanacaqdı.
40 minlik ordu ilə Alparslan 100 minlik düşmən ordusunun qarşısında dayanmışdı. Əsgərlər öz aralarında pıçıldaşaraq döyüşün nəticəsinin məğlubiyyət olacağından narahatlıqlarını dilə gətirirdilər:
–Qarşımızda 100 minlik ordu var. Bu gün ard-arda aldığımız qələbələrin sonuna gəlmişik.
At üzərində ordunun mərkəzinə doğru irəliləyən məğrur sərkərdəni görən kimi bütün səslər kəsilir. Böyük cahan dövlətinin başçısı Alparslan tarixin axarını dəyişəcək qələbənin başlanğıcında ordusuna səslənərək deyir:
–Biz nə qədər az olarsaq olaq, onlar da nə qədər çox olurlarsa olsunlar, bütün xalqımız bizim üçün dua etdikləri bu saat düşmən üzərinə atılmaq istəyirəm. Ya müzəffər olar, hədəfimizə çataram, ya da şəhid olaraq cənnətə gedərəm. Sizlərdən mənim ardımca gəlməyi seçənlər gəlsin, getməyi seçənlər isə elə indi buradan ayrılsınlar. Bu saatdan sonra burada sizə əmr edən sultan və əmr alan əsgər yoxdur. Bu gün mən də sizlərdən biriyəm, sizlərlə birlikdə savaşan bir əsgərəm.
Bu döyüşdəki qələbə əcdadlarımızın Azərbaycan ərazisində yaratdığı Böyük Səlcuqlu dövlətinin dünyaya hökmdarlığının əvvəli və başlanğıcı oldu. Xalqımızın zəfər və şərəf dolu tarixinə qızıl hərflərlə yazıldı. Onların məqsədini xalqımız bu günədək davam etdirdi. Elə buna görədir ki, bütün dövrlərdə öz əcdadlarınının yolunu davam edən xalqımız heç bir zaman dövlətsiz, lidersiz olmayıb. Bütöv bir qövmü öz arxasınca aparan insanlar, öncül olanlar arasında isə elə birisi var ki, dünya tarixində qısa zamanda onun qədər şəhər fəth edən ikinci bir sərkərdə yoxdur. Bəli, elə bir sərkərdə ki, çıxdığı yola 14 yaşında başladı və parçalanmış vətənindən düşmənləri qovaraq birləşdirdi. Dövrünün böyük lider və sərkərdələrindən biri olan Şah İsmayıl bütöv Azərbaycan uğrunda mübarizəsinin ilk addımını atmaq, öz böyüyündən xeyir-dua və nəsihətlərini almaq üçün Gilan hakimi Həsən xanın hüzuruna gəlir və deyir:
–Uzun illər qismətimdə olan o böyük yol üçün məni yetişdirən, Həsən xan! Hazırlandığım o böyük məqsədimizin başlandığı gün artıq yetişmişdir. Hüzuruna gəlişimin səbəbi böyüyüm olaraq xeyir-duanı almaq və son dəfə nəsihətlərini dinləməkdir.
Həsən xan yaşlandığı üçün xeyli kövrəkləşir, öz oğlu qədər sevdiyi İsmayıldan ayrılığın təsiri ilə taxtından qalxaraq onu qucaqlayır və söyləyir:
–Get, oğlum!.. Uğur olsun! Get və hünərinlə haqqın olan şahlıq taxtını fəth et. Get ölkənə, xalqına sahib çıx. Vətənin bu dar günündə sənə ehtiyac var. Get ki, parçalanmaqda olan vətənini bütövləşdir. Uzun illərdir, xalqın səni gözləyir. Əgər çıxdığın bu qutlu davadan geri dönər və ya yolunu yarım qoyarsan, şahlar şahı kimi geri dönməzsən, haqqımı sənə halal etmərəm.
Gənc İsmayıl:–Əgər mən çıxdığım bu yolda məqsədə çatmadan geri dönər, bu müqəddəs qutlu davanı yarım qoyarsam, göy rəngli qılıncım al qanıma boyansın. And olsun ki, şahlar şahı olacaq, öz xalqıma, vətənimə sahib çıxacağam. Əlvida!–deyir və Azərbaycanın şanlı tarixində zəfər gətirən sərkərdə kimi öz yerini alır.
Tariximizdə ümidlərin tükəndiyi yolun sonudur, söylənən vaxtlar da az olmayıb. Elə ki düşmən öz məkrli planlarını işə saldı, vətənimizin başını qara buludlar aldı, bütöv bir əsrə bərabər dastanlar yazan igid, mərd oğullar onun müdafiəsinə qalxar, qədim dövrlərdən əcdadlarımızın üzərində yaşadığı bu dilbər vətənə öz canlarını sipər edər, solan ümidlərin yenidən çiçək açıb dirçəlməyinə səbəb olardılar. Pənah xan oğlu İbrahimxəlil də söylədiyim bu igidlərə nümunədir.
Xalqımızın belə ağır günlərindən idi. Düşmən Şuşa qalasının bir addımlığında olan meşəlikdə topxana quraraq şəhəri mühasirəyə almışdı. Artıq təhlükə bir addımlıqda idi. Qarabağ xanının ən məharətli və cəsur sərkərdələrindən olan Fəzli bəy İbrahimxəlil xanın yanına hövlnak gəlir və deyir:
–Xan! Qacarın topxanası Şuşa qalasının zəif yerini tapıb. Yəqindir ki, Qacar ən yaxşı mühəndislərini başlarının vurulması ilə qorxudub. Qala divarlarını yuxarıdan aşağıya doğru dağıdırlar, xan. Bir əlac olsa idi, o topları darmadağın edərdim.
–Sənin şücaətini, igid və mərdliyini bilirəm Fəzli bəy. Bilirəm ki, əlində əlac olsa, qoşunun üzərinə tək yüyürərsən. Ancaq, sən mənə burada lazımsan, Fəzli! Xalqımı qorumaq üçün. Topları isə məhv etməyə özüm gedəcəyəm. Pənah xan oğlu İbrahimxəlil kimi bu, mənim vəzifəm və öhdəliyimdir. Torpağımı qoruyacağıma, bu yolda canımı əsirgəməyəcəyimə atam Pənah xana söz vermişəm. Gün gəldi, an yetişdi, Fəzli. Sözümüzü tutmaq vaxtıdır. Haqqını halal et.
–Xan, sən bu qaladan addımını çölə qoyduğun an üzərinə minlərlə əsgər gələcək. Əgər bir möcüzə olsa belə, sən o topları məhv etsən də, öz yurduna qayıda bilməyəcəksən. Qalanın yollarını çoxdan bağlayacaqlar.
–Bəy! Mən çıxdığım bu yolda, sadəcə, öz xalqımı, vətənimi düşünmək məcburiyyətindəyəm. Unutma, bir İbrahimxəlil ölər, yerinə min igid doğular. Vətən torpağı mütləq qorunar.
Bu yazılan hekayələr bizim şanlı tariximiz, zəfər dolu yaddaşımızdır. Xalqımızın çox da uzaq olmayan keçmişinə nəzər salanda görürük ki, hər əsrdə bu xalq böyük sərkərdələr, döyüşçülər, liderlər yetişdirib. Ötən əsrin ağrılı-acılı günlərində də xalqımızın üzərində bir günəş parladı. Böyük bir imperiyanın əsarətindən xilas olan bu vətənin əsrin ən böyük lideri, sərkərdəsi Heydər Əliyev xilaskarı oldu.
Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin bu həlledici anında özünü Vətəninin harayına yetirən Sərkərdə olaraq onu uçurumun lap qırağında tutub saxladı və ona bir daha heç zaman düşmən iradəsinə təslim olmamaq görkünü verdi. Dahi lider Heydər Əliyev Azərbaycan ətrafında hörümçək toru kimi qurulmuş böyük bir riyakarlıq tələsini sındırdı və ölkəmizin bir daha çaşqınlıqlara uğramadan, yabançı təsirlərlə yolundan sapmadan özünəməxsus bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna start verdi. Bu, Azərbaycanın Heydər Əliyev potensialı idi. Ulu öndərin Azərbaycan potensialını oyatmaq, səfərbər etmək, istiqamətləndirmək, onu tükənməz yaradıcı enerjiyə çevirmək missiyasını şərəflə yerinə yetirməsi isə artıq tarixin milli taleyimizə yazdığı real salnamədir...
(Ardı qəzetin növbəti sayında)
Pərviz Hacılı
“Oğuz səsi”