Sədərək dağlarının kəklikotu ətri

A- A A+

Yaz ayları Sədərək dağlarını bir rəssam kimi özünəməxsus çalarlarla boyayır. Bu boyama dağların yamaclarına gözoxşayan xüsusi bir gözəllik bəxş edir. Ulu Tanrının bəşəriyyətə əvəzsiz nemət kimi təqdim etdiyi bu gözəlliyi insanı valeh edən xoş ətir duyğusu tamamlayır. Həmin xoş ətir içərisində hər birimiz üçün doğma olan bir ətir var – kəklikotu ətri... Kəklikotu Sədərək dağlarında, aranda, yamaclarda, demək olar ki, bütün dağlıq ərazilərdə yetişir. Bitkinin dərman kimi istifadəsi IV-V əsrlərə gedib çıxır. O zaman yerli sakinlər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərinə faydası çoxdur. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani bu bitkinin müalicəvi əhəmiyyəti haqda yazıbdır: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür, həzmə kömək edir. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, oraya kəklikotu şirəsini damcıldatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur”.

Bu faktlar hələ orta əsrlərdə yerli əhaliyə yaxşı məlum idi. Bundan başqa, müasir dövrdə kəklikotunun hipertoniya xəstəliyində geniş istifadəsi də məlumdur. Kəklikotunu çеynəməklə diş ağrısını yox еtmək və damağı möhkəmlətmək mümkündür. Həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi içmək olar. Tibet həkimləri isə ovxalanmış kəklikotu yarpaqlarından hazırlanmış məlhəmdən yarasağaldan vasitə kimi istifadə еtməyi məsləhət görürlər. Bu məlhəmi hazırlamaq üçün 5 çay qaşığı ovxalanmış kəklikotuna 1 stəkan qaynar su tökürlər. Bu, kiçik qurtumlarla içilən gündəlik dozadır. Müasir tibb elminə görə, kəklikotu spazmolitikdir, mərkəzi əsəb sistеmini sakitləşdirir, qan təzyiqini aşağı salır.  

Müasir təbiət elminə kəklikotunun 400-ə qədər növü məlumdur. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Maraqlı burasıdır ki, Naxçıvanda, eləcə də Sədərəkdə bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədvalar kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Hətta ən yaxın dosta, qohuma hədiyyə kimi də ətirli kəklikotu pay vermək ən yaxşı sovqat sayılır.

Sədərək dağlarında quraqlıq daha çox olduğu üçün burada bitən kəklikotunun özünəməxsus dadı, tamı, ətri var. Meşə ilə zəngin olan və nəmişlik çox olan dağlarda bitən kəklikotu ilə quraqlıq olan dağda bitən kəklikotu arasında fərq çoxdur. Quraq dağlarda kəklikotu daha təravətli olur. Və bu da bizim dağlara məxsusdur.

Kəklikotu haqda çox danışmaq olar. Onun müalicəvi əhəmiyyəti bütün naxçıvanlılara məlumdur. Bu gün rayonda hər kəs bu bitkinin hansı dərdin dərmanı olduğunu çox gözəl bilir. Yazda toplanan kəklikotu qurudularaq qışa saxlanır. Soyuqdəymə üçün faydalı olduğundan qışda dəmləməsindən istifadə edilir.

                                                                           “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: