Şəhid ailələri və müharibə iştirakçıları qayğı ilə əhatə olunublar

A- A A+

Xalqların, ölkələrin tarixində elə görkəmli şəxsiyyətlər və tarixlər olur ki, əsrlər keçsə belə, onların xidmətləri unudulmur, günlərin əhəmiyyəti azalmır. Müstəqillik qazandıqdan sonra Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas edən Ümumilli liderimiz Azərbaycan dövləti durduqca ehtiramla yad ediləcək, hörmətlə anılacaq. Əslində, daha dərinlərə varsaq, bugünkü Vətən müharibəsindəki qələbənin əsasını məhz 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə dahi şəxsiyyət Heydər Əliyev qoyubdur. Ulu öndər dünya xəritəsindən silinməkdə olan, vətəndaş müharibəsi sayəsində parçalanmağa doğru gedən Azərbaycanı yenidən siyasi həyata qaytardı, güclü lider dövlətin möhkəm bünövrəsini qoydu. Bütün dünyanın qəbul etdiyi fenomen siyasətçi Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır. Xalqımız 2020-ci ili də unutmayacaq, son 200 ilin ən tarixi dövrü, itirdiklərimizin qaytarılması, sərhədlərimizin bütövlüyünün təmini kimi əbədi yaşayacaqdır. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində işğal olunan torpaqlarımız uğrunda başlayan Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın möhtəşəm qələbəsi ilə başa çatıbdır. 44 günlük müharibəmizin hər günü qəhrəmanlıqlarla, fövqəladə vətən sevgisinin yaratdığı igidliklərlə müşayiət olundu. Son illər ərzində yetişən, itirilmiş torpaqları görməyən gənclərin sayəsində azad olundu torpaqlarımız. Xalqın birliyi, uzaqgörən və lider komandanın əzmkarlığı, yetişən gəncliyin vətənpərvərliyi və cəsurluğu parlaq qələbəmizi xarakterizə etdi. I Qarabağ döyüşlərində iştirak etmiş biri kimi deyə bilərəm ki, şəxsi heyətin ruh yüksəkliyi, vətən sevgisi ən müasir silahdan belə güclüdür. Bir də arxanda əsl rəhbər-xalq birliyi olarsa, ən güclü ordulara belə meydan oxumaq olar. İllərdir ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün kompleks tədbirlər icra olunurdu. Güclü iqtisadiyyat, peşəkar və qüdrətli ordu, əlverişli məqamın yetişməsi və ən əsası vətənpərvər gənclik. Torpağını, elini sevən gənclər bu müharibədə tarix yazdılar. Müharibə qəhrəmanlarının xatirələrini dinlədikcə, bu gənclərin ən dəhşətli ölüm qorxusuna belə qalib gələn vətən təəssübkeşliyinə heyran qalırsan. İşğaldan azad edilmiş ərazilərə səfər edən ölkə prezidenti belə bir fikir vurğuladı ki, son 17-20 ildə formalaşmış gənclik torpaqları işğaldan azad etdi. Deməli, bu vaxtdan müasir dünyagörüşlü gənclərlə aparılan mənəvi-ideoloji tərbiyə tədbirlərinin böyük təsiri olub. I Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı bu gün gəncliyin vətənpərvər ruhda tərbiyəsinə səbəb olub. Qəhrəmanlarımızın döyüş yolunun təbliği, gənclərlə işin düzgün təşkili, gənclərin təhsil və məşğulluğunun təmini vətənə məhəbbət hissini ehtiva edibdir. Muxtar respublikamızda bu istiqamətdə aparılan işlər nümunə gücündədir. Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Bu qəbildən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi avtomobillərlə təminatı, onların müalicəsi, təhsili, reabilitasiyası və məşğulluğunun təmin olunması baxımından kompleks işlər görülməkdədir. Ali Məclis Sədrinin qayğısı ilə 2006-cı ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının yaradılması da siyasətin tərkib hissəsi, diqqətin təzahürüdür. Təşkilat əsasən şəhid ailələri və müharibə iştirakçılarının təşkilatlanması, hüquqlarının təmin olunması, şəhid ailələrinə mənəvi dəstək göstərilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, ümumilikdə muxtar respublikamızda yaşayan bu qəbildən olan insanların vahid mərkəzi kimi fəaliyyət göstərir. Hazırda sıralarımızda 429 şəhid ailəsi, 374 müharibə əlili və 3279 müharibə veteranı birləşibdir. Şəhid olmuş vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı əsaslı təmir olunub, hazırda Sədərək rayon Şəhidlər Xiyabanında bərpa işləri aparılmaqdadır.

Şəhid ailələri və müharibə iştirakçıları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Axı onların sayəsində 30 ilədək işğalda qalan torpaqlarımızda artıq üçrəngli bayrağımız dalğalanır.

Artıq müharibə başa çatıb, bu gün qarşımızda daha böyük vəzifələr dayanır. Qonşuluğumuzda daim torpaqlarımıza diş qıcayan Ermənistana qarşı həmişə hazırlıqlı olmalı, sərhədlərimizi göz bəbəyi kimi qorumalıyıq. Ordumuzun qüdrətini daha da artırmalı, ən əsası gənclərimizin milli-vətənpərvərlik hisslərinin formalaşmasına çalışmalıyıq. Azərbaycan Vətən Müharibəsi veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı olaraq muxtar respublikamızda bu sahədə görülən işlərin təbliği baxımından bir sıra prioritetlər müəyyənləşdirmişik. Yeniyetmə və gənclərimizin şəhid ailələri, müharibə iştirakçıları ilə görüşlərini təşkil etmək, onların keçdiyi şərəfli döyüş yolunu gənclərimizə çatdırmaq bu baxımdan əhəmiyyətlidir. Bu görüşlər eyni zamanda bu qəbildən olan insanlara göstərilən diqqət və qayğının təzahürü baxımından da vacibdir. Muxtar respublikamızdan  olan Milli Qəhrəmanların, şəhidlərimizin irsini, döyüş yolunu öyrənmək, bu barədə olan   məlumatları gənc nəslə çatdırmaq onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təsir edir.

Düşmənlə üzbəüz, qonşuluqda olduğumuz üçün bu torpaqları qoruyacaq gənclər yetişdirməliyik və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən, sağlamlıqlarını itirmiş həmvətənlərimizin, igidlərimizin xatirəsini unutmamalı, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmalıyıq.

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və

Şəhid Ailələrinin Naxçıvan MR Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: