Naxçıvan Muxtar Respublikasında yaşıllıqların genişləndirilməsinə böyük diqqət göstərilir - FOTOLAR

A- A A+

Ana təbiətdə ekoloji durumu tarazlayan yaşıllıq təkcə göz oxşamır, qəlbə, ruha rahatlıq gətirmir, eyni zamanda, canlı varlığın ən vacib və önəmli şərtlərindən biri olan oksigen bolluğunu tənzimləyir. Bundan başqa, uzunömürlülüyün tənzimlənməsində də yaşıllıq bir vasitədir. Məhəmməd Peyğəmbər (s) buyurub: “Qiyamət qopmağa başlasa belə, əgər ağac əkə biləcək qədər vaxtınız olsa, mütləq əkin”.

Onu da qeyd edək ki, yaşıllıqların daha sistemli, daha münasib şəkildə yerləşdirilməsində insan amili mühüm rol oynayır. İllərdir ki, muxtar respublikamızda vüsət alan yaşıllaşdırma siyasətinə xidmət edən insanların əməyi ilə bu diyar əsl cənnətə çevrilib. İndi yurd yerimizin hansı tərəfinə baxsan, bu gözəllik səni məftun edir. Yeri gəlmişkən, qeyd edək ki, bölgəmizdə həyata keçirilən bu tədbirlər çərçivəsində yol kənarlarının yaşıllaşdırılması əsas yer tutur. Ona görə ki, məsələn, bir avtomobilin mühərrikindən xaric olunan karbon qazı təxminən 28 nəfərin yaşaması üçün lazım olan miqdarda oksigeni məhv edir. Bu mənada yol kənarlarında ağacların əkilməsinin böyük əhəmiyyəti var. Çünki avtomobillərdən çıxan karbon qazı bax, elə bu yol kənarlarında əkilən ağaclar tərəfindən udulur və atmosferin çirklənməsinin qarşısı alınır. Digər tərəfdən, ağaclardan yaradılan yaşıl tuneldə avtomobil idarə etmək sürücü üçün rahat, münasib olduğu kimi, həm də sərnişinlərə yorucu təsir bağışlamır, yaşıllığın özündən bir rahatlıq bəxş olunur. Elə yol kənarlarındakı səkilərdə baş-başa verən ağacların kölgəsi ilə getmək piyadalara da xoş təsir bağışlayır.

Bu gün ekoloji durum dünyanı narahat edən qlobal məsələlərdən biridir. Məlumdur ki, elmin, texnikanın inkişafı eyni zamanda, təbiətin məhvinə yönəlir, ekoloji tarazlığı pozur. Bu problemin qarşısının alınmasında isə ağac əkini, yaşıllıqlar yaradılması böyük əhəmiyyət daşıyır. Qürurverici faktdır ki, ölkəmizdə yaşıllaşdırma tədbirlərinin əsası Naxçıvanda qoyulub. Akademik Həsən Əliyev deyib: “Bəlkə də toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”. 1993-cü ildən başlayaraq muxtar respublikada həyata keçirilən yaşıllaşdırma siyasəti nəticəsində bu gün diyarımızın 14 faizdən çoxunu yaşıllıq təşkil etməsi də bu amilə xidmətin göstəricisidir.

Bu gün müxtəlif ərazilərdə, təpələrdə, çay vadilərində, ümumiyyətlə, əkinəyararsız torpaqlarda terras üsulu ilə həyata keçirilən yaşıllaşdırma siyasəti bir daha sübut edir ki, el-oba sevgisi, gələcəyə qayğı boz çölləri də gülüstana çevirər. Necə ki, 2004-cü ildən başlayaraq, əsası Uzunoba gölünün ətrafındakı yamacda qoyulan terras üsulu bu gün bir çox qumsal təpələri əhatə edib. Burada vacib bir məqama diqqət yetirək: terras üsulu ilə salınan yaşıllıq digər tərəfdən rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir. Eyni zamanda, dağlıq yerlərdə torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır, bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini təbii amillərin zərərli təsirindən qoruyur. Bölgəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasında uzunömürlü ağaclara üstünlük verilməsi də təqdirolunası haldır. Digər tərəfdən, son illər meyvə bağlarının salınmasına da maraq xeyli artıb ki, bu da meyvəçiliyin inkişaf etdirilməsində, bolluq yaradılmasında mühüm rol oynayır. Elə yaradılan bu bolluğun nəticəsidir ki, hər il bağlardan tonlarla məhsul yığılıb hərbi hissələrin əsgərlərinə göndərilir. Bu da xalqla ordu birliyinin bir nümunəsi kimi hər kəsə xoş təsir bağışlayır.

Yaşıllığın salınması, meyvəçiliyin inkişaf etdirilməsi cari ilin yaz aylarında da davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mehdi Abdullayev bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, cari ilin birinci yarımilində ümumilikdə, 223 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində ümumilikdə 222 min 450 ədəd meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilib. 2018-ci ilin Naxçıvanın “Gənclər şəhəri” seçilməsi ilə bağlı olaraq 7 hektarlıq “Gənclər bağı” salınıb.

Təbii ki, yaşıllıq salmaq işin bir tərəfidirsə, onu böyütmək, ərsəyə gətirmək, qulluq göstərmək işin qalan tərəfidir. Görülən işlər içərisində vacib bir məqamı--yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq lazımdır. Çünki bu suvarma üsulu ilk olaraq Naxçıvandan başlanıb.

Bu da bir həqiqətdir ki, salınan yaşıllıq diyarımızın ümumi görünüşünü gözəlləşdirməklə yanaşı, digər tərəfdən zibilliklərin də məhvidir, sağlamlığa göstərilən böyük qayğıdır. Bunun mahiyyətini dərk edən hər bir sakin indi ürəklə iməciliyə çıxır. Bu ənənənin mənəviyyat borcu olduğunu tam mənası ilə dərk edən insanların əməyi ilə günbəgün muxtar respublikanın ərazisinin ecazkarlığı artır. Bunu təkcə təbiətin qoynunda gəzməyə çıxan, ağacların kölgəsində dincələn yerli sakinlərimiz qiymətləndirmir, həmçinin xarici qonaqlar da ürəklə vurğulayırlar. Türkiyə Respublikasından gəlmiş turist Nevraz Gülüm bildirdi ki, ilk dəfədir Naxçıvanda oluram. Bir çox yerlərlə tanış olmuşam. Çox gözəldi. Naxçıvanın yaşıllığı da həqiqi mənada heyranedicidir. İsti yay günlərində ağaclara qulluq edən insanları gördükcə inandım ki, burda təmizlik, insanların sağlamlığına qayğı ön plandadır.

Təbiətə sevgini bu gündən gələcəyə aparmaq hər kəsin borcudur. Elə Naxçıvan şəhərindən başlayaraq ucqar kəndlərə qədər uzanıb gedən yaşıllıqlar da bu borcun tərkib hissəsidir. Günəşin yandırıcı şüalarından daldalanıb yaşıllıqların altı ilə addımlayan insanların simasından bu ecazkar mənzərələri yaradanlara minnətdarlıq ifadəsinin duyulması isə daha gözəldir.

Hafizə Əliyeva Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: