Ermənistanda “məxməri inqilab”dan sonra baş verən hakimiyyət dəyişikliyi dövlət idarəçiliyində daha çox naşılığı ilə diqqəti cəlb edənlərin vəzifə tutmasına şərait yaradıb. Hələ meydanlarda ikən vədlər verən Nikol Paşinyan baş nazir postunu ələ keçirdikdən sonra verdiyi bəyanatlarla siyasətdən bixəbər olduğunu bir daha sübut etdi. Ermənilərin “Sarkisyan hakimiyyətindən canlarını qurtarmaqla müharibəyə son qoyulacaq” ümidləri özünü doğrultmadı. Çünki Nikol Paşinyanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa səfərləri, oğlunu həmin əraziyə hərbi xidmətə göndərməsi kimi sərsəm addımları, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı məsuliyyətsiz fikirlər səsləndirməsi onun uzun müddət ölkəyə rəhbərlik edə bilməyəcəyi barədə tam təəssürat yaradıb.
Son vaxtlar işğalçı Ermənistanda maraqlı proseslər baş verir. Xüsusilə də baş nazir Nikol Paşinyanın Qarabağ klanına qarşı apardığı mübarizə, ölkənin keçmiş prezidentlərinə qarşı sərt tədbirlərə əl atması beynəlxalq aləmdə diqqətlə izlənilir. Yerli politoloqların fikrincə, baş nazir Nikol Paşinyan, əslində, bu yollarla parlament seçkiləri öncəsi təhlükəli rəqiblərini sıradan çıxarmağa çalışır. Əslində, Paşinyan özünü erməni xalqından daha çox düşünür. O, hakimiyyəti uzun müddət əldə saxlamaq üçün ilk növbədə Koçaryan – Sarkisyan qruplaşmasını zərərsizləşdirir. Artıq siyasi şərhçilər də etiraf edirlər ki, Nikol Paşinyanın sabiq prezidentlərə və onların yaxınlarına qarşı sərt addımlar atmasında əsas məqsəd heç də erməni cəmiyyətini cinayətkarlardan təmizləmək deyil.
Klanlararası mübarizə gərginləşir
Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, Koçaryanın həbs olunması Ermənistanda klanlararası mübarizənin təzahürüdür. “Məxməri inqilab” yolu ilə hakimiyyəti ələ keçirmiş Paşinyan tərəfdarları öz reytinqlərini yüksəltmək və guya Ermənistanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq barədə rəy formalaşdırmaq istəyirlər. Bu məqsədlərinə nail olmaq üçün xalqın nəzərində korrupsioner və rüşvətxor kimi tanınmış keçmiş prezidentlər və onların yaxın ətrafını, digər iqtidar nümayəndələrini həbs edirlər. Bu yolla həm güclü rəqiblərini siradan çıxarmaq, həm də hakimiyyətdə yerlərini qoruyub saxlamaq istəyirlər.
İşğalçı ölkənin siyasi xadimləri Ermənistanda baş verənləri demokratik prosesin inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kimi yox, daha çox klanlararası hakimiyyət davası kimi dəyərləndirirlər. Çünki qeyd edirlər ki, Koçaryanın həbsi ölkəyə heç də asan başa gəlməyəcək. Söz yox ki, Ermənistan KİV-i sabiq prezident Robert Koçaryanın həbsinin uzun müddətdir ölkədə qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır.
Ermənistanda bu iki klan, Qarabağ klanı ilə Paşinyan hakimiyyəti arasında kəskin qarşıdurma var.
“Robert Koçaryan cinayətkardır”
Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisi bəyanat yayıb və onlar sabiq prezidentin həbsini ədalətli hesab edirlər. İşğalçı ölkədə böyük rezonans doğurmuş bu həbs barədə müzakirələr davam etdirilir. Keçmiş prezidentin vəkili bu həbsin qeyri-qanuni olduğunu deyərək, şəxsi izləmə və siyasi qisasın təzahürü kimi dəyərləndirib. Həbs haqqında qərarın isə ölkə konstitusiyasına zidd olduğunu bildirib. Onu da qeyd edək ki, məhkəmə sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina edib və bunu Robert Koçaryanın ölkədən qaça biləcəyi ilə əlaqələndirib. Bir sıra siyasi xadimlər Ermənistanı daha ağır sınaqların gözlədiyini bildiriblər. Onların fikrincə, Koçaryan susmayacaq. Bu səbəbdən də gözlənilməz açıqlamaların olacağı ehtimal edilir.
Koçaryanın həbsinə münasibət bildirən sadə vətəndaşlar sosial şəbəkələrdə, necə deyərlər, od püskürürlər. Onlar Koçaryanın həbsini ədalətli qərar hesab edirlər. Qeyd olunur ki, 1 mart kabusu hələ də Ermənistanın başı üzərində dolaşmaqdadır. Son vaxtlar baş verənlər də təsdiqləyir ki, bu hadisədən 10 il keçsə də, xalq həmin qanlı hadisələri hələ də unutmayıb. Qeyd olunur ki, bu, Koçaryanın rəhbərliyi altında baş verən birinci terror hadisəsi deyil. Özü də öz xalqına qarşı. Koçaryanın həbsini razılıqla qarşılayanlar deyirlər ki, 1998-ci ildə Robert Koçaryan və tərəfdaşları seçki saxtakarlığı edərək, 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal etdilər. 2003–2004-cü illərdə Koçaryanın özbaşınalığına, diktatorluğuna, günahsız insan ölümünə, korrupsiya və rüşvətxoluğa qarşı etiraz edənlər kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qaldılar. Bu aksiyalara rəhbərlik edənlər isə müəmmalı şəkildə yoxa çıxdılar.
Erməni xalqı parlamentə təşkil olunan hücumu da unutmayıb. Bütün bunlar Robert Koçaryanın necə təhlükəli bir adam olduğundan xəbər verir. Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Koçaryanın təşkilatçılığı ilə təkcə parlamentdə deyil, o cümlədən ayrı-ayrı dövlət qurumlarında da terror aktları həyata keçirilib. Erməni ziyalıları iddia edirlər ki, son 20 ildə Ermənistanda baş verən terror hadisələrində, səs-küylü cinayətlərdə və xalqı qorxu altında saxlamaqda əsas təşkilatçı və rəhbər Robert Koçaryan olub. Bildirilir ki, bu terror hadisələrinin həyata keçirilməsində sabiq prezident tək olmayıb. Ona görə də istintaq orqanlarından tələb olunur ki, cinayətkarların müəyyənləşdirilməsi istiqamətində bütün imkanlardan istifadə olunmalıdır.
Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun mediaya açıqlamasında deyilir ki, Robert Koçaryan cinayətkardır, onun həbsində qeyri-qanuni heç nə yoxdur. Erməni xalqı hətta, Koçaryanı boğmağa hazırdır. Ermənistan ordusundakı qətl hallarının artması, intiharların çoxalması, digər terror aktlarında Koçaryanın izi müşahidə olunur. Artur Sakuntsun deməsinə görə, insanlar ölkənin bütün uğursuzluqlarında onun günahkar olduğunu deyirlər.
Koçaryan-Sarkisyan qruplaşması – hərbi xunta
Ermənistan politoloqları bildirirlər ki, Koçaryan-Sarkisyan qruplaşması Ermənistanda hərbi xunta rejiminin əsasını qoydu və 20 il ərzində bu rejim insanlara qan uddurdu. Yerli əhali “Hərbi xunta rejimindən” canını qurtarmaq üçün kütləvi şəkildə ölkəni tərk edib xarici dövlətlərə üz tutdu. Bu rejimə qarşı etirazını bildirənlər isə ya ömürlük həbsxanalarda qalır, ya da yoxa çıxırdılar. Bu rejim ölkəni talan edib, gəncləri heç bir əsası olmayan müharibənin qurbanlarına çeviriblər. Politoloqlar qeyd edirlər ki, parlamentdə baş verən terror aktından sonra Ermənistan hələ də özünə gələ bilmir. Bildirilir ki, bu rejimin cəza dəstəsinin üzvləri öz millətinin qanına susamış qatillərdir. Həm Koçaryanın, həm də Sarkisyanın ölkəyə rəhbərlik etdiyi illərdə bu dəstənin qaniçənləri istədikləri adamı aradan götürüblər və buna görə heç bir cəza almayıblar. İndi isə hər kəsin bu quldurlardan qurtulmaq şansı yaranıb. Artur Sakunts hakimdən Robert Koçaryana ən ağır cəza verilməsini tələb edib.
Həm Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisinin rəhbərliyi, həm də digər QHT rəhbərləri, eləcə də yerli əhali bu cinayətlərdə əli olan digər sabiq prezident Serj Sarkisyanın da həbsini tələb edirlər. Bildirdilər ki, Sarkisyanın həbs olunması üçün kifayət qədər faktlar var. Son vaxtlar Müdafiə Nazirliyində aparılan araşdırmalar zamanı kifayət qədər korrupsiya hallarının üzə çıxması, günahsız əsgərlərin qətlə yetirilməsi, habelə orduda baş verən ölüm hallarından Serj Sarkisyan xəbərdar olmamış deyildi. Bir də ki, yüksək vəzifəli hərbçilərin, xüsusilə generalların bu qədər vəsaiti tək mənimsəmələri mümkün deyildi. Ona görə də mütləq Serj Sarkisyan da cinayətə cəlb olunmalı, Koçaryan – Sarkisyan qruplaşmasının hərbi xunta rejiminin törətdiyi bütün cinayətlərin, qətllərin və ölüm faktlarının üstü açılmalıdır. Son günlər Ermənistanda başlayan etiraz aksiyalarında səsləndirilən şüarlardan biri də budur: “Koçaryan – Sarkisyan qruplaşmasının – hərbi xunta rejiminin cinayətləri açılsın!”
Əliqismət Bədəlov “Xalq qəzeti”