Amerika–Azərbaycan Şurasının və “Pax Turcica” təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş məktub kampaniyasına başlanılıb.
Diaspora İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məktubda Azərbaycan xalqının mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edəcəyi vurğulanır. Bildirilir ki, Xalq Cümhuriyyəti dünyada müsəlmanların çoxluq təşkil etdiyi parlamentli quruluşa malik ilk demokratik dövlət olub. 1920-ci ildə bolşeviklər tərəfindən işğal edilənədək mövcud olduğu qısa müddətdə ölkəmizdə dünyəvi demokratik institutları yaradıldığı, qadınlara (ABŞ-dan öncə) seçki hüququnun verildiyi və Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının təmin edildiyi nəzərə çatdırılıb.
Məktubun müəllifləri yerli ictimaiyyəti Azərbaycanın demokratik təcrübəsi barədə məlumatlılığı artıran və 28 may tarixinin Azərbaycanın Milli Günü kimi tanınmasına həsr olunan kampaniyaya qoşulmağa çağırıb.
Kampaniyaya https://www.congressweb.com/AAC/6#/6/ linki vasitəsilə qoşulmaq mümkündür.